Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu qayğıya görə Prezidentimizə minnətdaram”

Bir neçə gün əvvəl Bakının Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə verilən 35 mənzildən mənə də pay düşdü. Üstəlik, bir minik maşını da hədiyyə edildi. Dövlətimizin, şəxsən cənab Prezidentimizin bu qayğısı ailəmizin hədsiz sevincinə səbəb oldu. Biz ömrümüzün sonuna qədər çalışsaq da, nə tam təmirli mənzil, nə də minik maşını ala bilməzdik. Ancaq bunun ikisi də bizə eyni gündə hədiyyə edildi.

Mən Vətənimizin müdafiəsi, torpaqlarımızın azadlığı uğrunda sağlamlığımı itirməyimdən qürur hissi keçirirəm. Bu əlillik mənə xəcalət gətirmir. Əksinə, fəxr edirəm ki, Vətənimizin müdafiəsi uğrunda əlil olmuşam. Əmək qabiliyyətimi itirməyimdən heç də narahat deyiləm. Çünki dövlətimiz bizim bütün problemlərimizi həll edir, sosial müdafiəmizi getdikcə gücləndirir. 
Bu gün Azərbaycan dövləti sosial yardıma ehtiyacı olan bütün vətəndaşların, xüsusilə, Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin maddi, sosial, məişət problemlərinin həllini diqqət mərkəzində saxlayır. Hər kəsə bəllidir ki, bu qəbildən olan insanların qayğıları Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Biz bu qayğını gündəlik həyatımızda görürük. Təbii ki, bu, bizi ruhlandırır, sabaha olan ümidimizi artırır, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə də təsir göstərir. 
Mən dövlətimizin bu qayğısından daha da ruhlanmışam. Vətənimizin müdafiəsində düşmənə qarşı vuruşmağa, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin əmrini yerinə yetirməyə hər an hazıram. 
Mən iki il öncə baş vermiş Aprel döyüşlərini heç vaxt unutmaram. Nəhayət, bizim ordumuz nəyə qadir olduğunu düşmənə sübut etdi. Ermənilər hələ də özlərinə gələ bilməyiblər. Havadarlarının hesabına torpaqlarımızı işğal edən düşmənlərimizə elə gəlirdi ki, həmişə hegemonluq edəcək, cəbhəboyu ərazilərdə istədikıləri təxribatları törədəcəklər. Ancaq Aprel döyüşlərindən sonra məlum oldu ki, Azərbaycanın qüdrətli ordusu istənilən vaxt işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Biz, həmçinin Günnütdə 11 min hektar ərazinin qısa müddətdə azad edilməsi zamanı bunun bir daha şahidi olduq. 
Biz inanırıq ki, işğal altında olan ərazilərimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə azad ediləcək, soydaşlarımız doğma ocaqlarına qayıdacaq, tam təhlükəsiz yaşayacaqlar. Cocuq Mərcanlıda olduğu kimi.

Namiq QULİYEV,
II qrup Qarabağ müharibəsi əlili 

 

4 Avqust 2018 22:11 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə