Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Rusiya prezidentlərinin görüşündən nə gözlənilir?

 Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında bu günə planlaşdırılmış İdlibdəki vəziyyətlə bağlı danışıqlar Suriyada siyasi nizamlama üçün çox vacibdir. Bu barədə dünən TASS-a müsahibəsində türkiyəli analitik İmbat Muğlu bildirib.

 Ekspert deyib: “­Martın 5-də Ərdoğan və Putin arasında keçiriləcək Suriya ilə bağlı danışıqlar bu ərəb ölkəsində siyasi nizamlamaya nail olunması üçün olduqca vacibdir. Amma hər iki prezidentin 5 mart görüşündən müxtəlif gözləntilərinin olması istisna deyil. Hesab edirəm ki, cənab Ərdoğan Suriya Prezidenti Bəşər Əsəd rejiminə məxsus ordunun İdlibdən geri çəkilməsinə və cənab Putinlə birgə qaçqınlar probleminin həllini tapmağa çalışacaq. Putin isə hesab edir ki, Türkiyə İdlibdəki bəzi ərazilərin son aylarda Əsəd rejiminin nəzarətində olması faktı ilə barışacaq”. 
Türkiyəli analitikin sözlərinə görə, əgər liderlərin tələbləri həddən artıq fərqli olacaqsa, o zaman Moskvada nəticəyə gəlmək çətin olacaq. Ancaq Muğlu ümid edir ki, Moskva görüşündə liderlər İdliblə bağlı irəliləyişə nal olacaqlar: “Rusiya paytaxtında aparılacaq danışıqlar Ankaranın Suriya probleminin həlli üçün sonuncu diplomatik təşəbbüsü ola bilər. Bu da onunla bağlıdır ki, Türkiyə Moskva və Ankarada qarışıq komissiya səviyyəsində danışıqlar zamanı Rusiya tərəfinin təklif etdiyi yol xəritəsini qəbul etməyəcək. Ümid edirəm ki, Rusiya bu dəfə Türkiyəyə Ankaranı qane edəcək yeni bir yol xəritəsi təqdim edəcək”. 
Xatırladaq ki, bir müddət əvvəl Kremlin mətbuat xidməti məlumat yaymışdı ki, Prezident Putin martın 5-də ölkəyə işgüzar səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıq aparacaq. Gözlənilir ki, tərəflər əsasən İdlibdəki deeskalasiya zonasında vəziyyətin gərginləşməsi fonunda Suriya münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcəklər. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

5 Mart 2020 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə