Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Münxen debatı: intellektual hücumun qələbəsi

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən ­debatda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizlə bağlı tarixi və çağdaş həqiqətləri yüksək diplomatik məharətlə gündəmə gətirməsinin və Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm mülahizələrini alt-üst etməsinin doğurduğu güclü əks-səda hələ də davam edir. Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Adbullayev Münxen diskussiyası barədə duyğu-düşüncələrini belə ifadə etdi:

– Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın bütün dünyada diqqətlə izlənilmiş və davamlı rezonans doğurmuş debatında dövlətimizin başçısının siyasi qələbəsi, həqiqətən, diplomatiyamızın növbəti ciddi uğurudur. Ermənistanın Azərbaycana hərbi təzavüzündən sonra ilk dəfə idi ki, beynəlxalq səviyyədə belə bir formatda açıq diskussiya keçirilirdi. Əslində, bu debat diskussiyadan çox, ölkəmizin rəhbərinin timsalında intellektin populizm üzərində birinciliyinin, sağlam düşüncənin isə demaqoqluq üzərində üstünlüyünün nə olduğunu bütün dünyaya göstərdi. 
Bu debatda ilk baxışda diqqəti cəlb edən Azərbaycan Prezidentinin yetkin siyasətçi və çağdaş dövlət xadimi, Ermənistan baş nazirinin isə təsadüfən ali bir mövqeyə çatmış naşı siyasətbaz və avantürist-millətçi olması görüntüsü idi. Hətta onların yanaşı oturmaları münasib görünmürdü: bir tərəfdə keçmiş SSRİ-nin dünyaca şöhrətli ali məktəbinin məzunu, rus və ingilis dillərində fikrini dərindən ifadə edən Azərbaycan rəhbəri İlham Əliyev, o biri yanda isə bu dillərdə nə dediyi güclə anlaşılan, ali məktəbdən qovulmuş “xalq tribunu”... 
Mən tarixi reallıqlardan danışmayıb, sadəcə, bir faktı yada salmaq istəyirəm. Dünyada heç bir dövlət, beynəlxalq qurum, eləcə də işğalçı Ermənistanın özü Dağlıq Qarabağı siyasi mövcudluq kimi tanımayıb. Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü isə BMT üzvləri olan bütün dövlətlər qəbul ediblər. Dünyanın heç bir ölkəsində buraxılan xəritələrdə (Ermənistan istisna olmaqla) Azərbaycanın daxilində müstəqil anklav göstərilməyib. Hətta erməni kütləvi informasıya vasitələrindəki çıxışlarda belə Paşinyanın bu gerçəyi görməyib Münxendə dünyanın gözü qarşısında özünü gülünc vəziyyətə salmasına rişxənd etdilər. 
Bir vaxtlar Bakı həyətlərində deyərdilər: “davadan sonra yumruq oynatmazlar”. Lakin diskussiyanı uduzduğunu başa düşən və ümumi dirəşkənliyini davam etdirən qonşu ölkənin baş naziri özünün yeni təbliğat kampaniyasına başladı. O özünü Dağlıq Qarabağa çatdırıb Münxen məğlubiyyətinin qarşısına pərdə çəkmək üçün yenidən populist fikirlərlə çıxış etdi. Bununla Paşinyan perspektivsiz həyasızlığına güc vermiş, “yumruq oynatmış” kimi göründü. Belə bir fonda Azərbaycanın xarici siyasətində intellektual potensiala sahib olmağın müasir ­orduya sahib olmaq qədər prioritetə çevrildiyi iri planda diqqəti cəlb etdi.
İyirmi birinci əsrin ortalarına ­doğru dünya başqa cür olacaq. Qladiator döyüşlərini andıran qanlı savaşlar intellektual disputlarla əvəz olunacaq. Ümumi dünyagörüşü, intellekt, savad, bir çox dillərə yiyələnmək, sosial şəbəkələrdən istifadə bacarığı, internetin əlverişli imkanları getdikcə daha çox ön plana çıxır. Unudulmaz Münxen diskussiyasında ölkəmizin rəhbərinin öz opponentindən qat-qat üstün çıxış etməsi bütün xalqımız kimi mənim üçün də fərəhli idi. Dağlıq Qarabağ məsələsinin ortaya atıldığı ilk vaxtları yada salıram: Moskvada Ali Sovetdə Ermənistan tərəfdən çıxış edən qəzəbli natiqlər və bizim barışığa çağıran fağır nümayəndə heyətimiz. Bizim tərəfdən həqiqəti müdafiə edən bir neçə nəfər istisna olmaqla, yerdə qalanlar, sadəcə, mübahisənin nə ilə qutaracağını, yaxud “mərkəzin erməniləri yerində oturdacağını” gözləyirdilər. 
Biz o zaman bir çox intellektual dartışmanı, demək olar ki, beləcə uduzurduq. Zaman çoxdan dəyişib. Bizim xarici işlər nazirimizin erməni jurnalistləri ilə təyyarədə necə söhbət etdiyini yada salaq. Bu, hətta ayaqüstü şəraitdə hər bir azərbaycanlının düşmən zərbəsini necə qarşılamağa hazır olması, özünü necə aparmalı olması ilə bağlı daha bir nümunə idi. 
Sonda demək istəyirəm ki, bəlkə, bir daha uşaqlarımızın tərbiyəsi və təhsili haqqında fikirləşək? Onların müxtəlif dillərə yiyələnməyinin, internetdən istifadə bacarığının, oxu vərdişi qazanmağının vacibliyini bir an da yaddan çıxarmayaq. Bu baxımdan bizim gələcəyimiz öz əlimizdədir. Seçim bizimdir: intellektual döyüşlərə hazırlıq, yoxsa düşmənin zəfliyinə ümid bəsləmək? 
Unutmayaq ki, Münxen debatında ölkəmizin qələbəsi inttellektual hücumla təmin edildi.

 

Hazırladı:
T.AYDINOĞLU, “Xalq qəzeti”

 

5 Mart 2020 10:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə