Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Rusiyadakı səfirliyi “Tsarqrad TV” telekanalının saytında yayılan məqaləyə etirazını bildirib

Fevralın 26-da Rusiyanın “Tsarqrad TV” informasiya-analitik telekanalının saytında Vladimir Xomyakovun “Ruslar, getməyin, bizə kölələr və fahişələr lazımdır” sərlövhəli məqaləsi dərc edilib. 
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1990-cı il 20 Yanvar hadisələrini açıq şəkildə təhrif edən bu qərəzli məqalə ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru İqor Krasnova və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Federal Xidmətinin rəhbəri Aleksandr Jarova səfir Polad Bülbüloğlu tərəfindən məktublar ünvanlanıb. 
Məktublarda Azərbaycan tərəfinin qəti etirazı ifadə olunur və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi bildirilir. Qeyd olunur ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqı üçün çox həssas məsələdir və Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli Qərarı ilə bu faciəli hadisələrə siyasi-hüquqi qiymət verilib, 20 Yanvar isə Ümumxalq Hüzn Günü elan edilib. 
Vurğulanır ki, yüksəksəviyyəli dövlət səfərləri zamanı xarici qonaqlar, o cümlədən Rusiya Federasiyasının Prezidenti, Xarici İşlər naziri, həmçinin Rusiyanın digər rəsmi şəxsləri Şəhidlər xiyabanı memorial kompleksini ziyarət edir, bu memoriala əklil qoyaraq şəhidlərin xatirəsini anırlar. “Tsarqrad TV” və ona bənzər KİV-lər Azərbaycan və rus xalqları arasında düşmənçilik və nifrət hissləri yaymaq məqsədi daşıyır. 
Bütün bunları nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 2006-cı il 27 iyul tarixli “İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması barədə” Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı müvafiq yoxlamanın keçirilməsini xahiş edib.

 

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

5 Mart 2020 10:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə