Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənub Qaz Dəhlizi dünyada ən nəhəng iqtisadi layihələrdəndir

Azərbaycanın təşəbbüsü ilə reallaşan və dünyada ən nəhəng iqtisadi layihələrdən sayılan Cənub Qaz Dəhlizi, eləcə də onun xüsusi elementi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) yeni bir mərhələyə qədəm qoyub. TANAP artıq Avropa sərhədinədək uzanıb. Bu isə o deməkdir ki, Azərbaycan təbii qazının yalnız Türkiyəyə deyil, Avropa bazarlarına da nəql etmək imkanı gerçəkləşib. Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi çərçivəsində yerüstü inşaat işləri də, demək olar ki, yekunlaşıb. Belə bir vəziyyət ondan xəbər verir ki, cari il Azərbaycan qazının Avropa bazarına çıxarılması artıq praktik olaraq reallaşıb.  

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VI toplantısında deyildiyi kimi, ­TANAP daxil olmaqla, Cənub Qaz Dəhlizi layihəsi  Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi nəticəsində gerçəkləşib. Dövlətimizin  başçısının da qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxu ümid etmirdi. Çünki layihənin xərclər smetası böyük idi, maliyyələşmə məsələlərinin həlli inandırıcı görünmürdü. Bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Ümumiyyətlə, ölkəmizin dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi. Layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirdi.  
Qeyd edim ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilən beynəlxalq açılış mərasimində istifadəyə verilib, həmin il iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. 
Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, sonra isə xəttə sınaq məqsədilə qaz vurulub. 
Ötən il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP  tarixə, eyni zamanda, Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər bu il ərzində tamamlandıqdan sonra  Azərbaycan qazı Avropa bazarlarına nəql olunacaq.
Ötən ilin noyabrından artıq TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin cari ilin oktyabrında İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi  gözlənilir.
Kapital xərcləri 4,5 milyard avro olan TAP layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 92 faizi yekunlaşıb. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Onu da vurğulamaq istərdim ki, TANAP indiyədək bir sıra mükafatlar əldə edib. Məsələn, ABŞ-da təsis edilən Beynəlxalq Biznes Mükafatı (The Stevie Awards) üzrə “Avropada korporativ sosial məsuliyyət proqramı” nominasiyasında qalib seçilib. Yaxud, ətraf mühitin qorunması və davamlılıq sahəsində ən müvəffəqiyyətli layihələri qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada olan “The Green Organisation” tərəfindən beynəlxalq mükafata layiq görülüb.
Sonda bildirim ki, Azərbaycanın regiondakı rolunu və mövqeyini göstərən TANAP layihəsi dövlət gəlirlərimizin artmasına da birbaşa təsir göstərəcək. Ekspertlərin hesablamalarına görə, Cənub Qaz Dəhlizi Azərbaycana 100 milyard dollardan çox gəlir gətirəcək. Bu isə ölkəmizin dövlət gəlirlərinin yeni bir mərhələdə təbii qaz satışından əldə edilən valyuta hesabına formalaşması anlamına gəlir. Bu, praktik olaraq Azərbaycana daxil olan valyutanın həcminin artmasına imkan verəcək.
Ümumiyyətlə, indiyədək neftdən gələn gəlirlər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə və müasir infrastrukturun yaradılmasına yönəldilib, həmçinin sosial islahatların maliyyə bazasını formalaşdırıb.  

 

Arzuman MURADLI,
iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq

 

4 Mart 2020 01:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə