Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 16 ildə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb

“Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən regionların inkişafında prioritet istiqamətlər müəyyənləşdirilib, sənaye istehsalı və kənd təsərrüfatında yüksək artımın təmin olunması, iqtisadiyyatın aparıcı sahələrinin modernləşdirilməsi və şaxələndirilməsi, iqtisadi səmərəliliyin, habelə dayanıqlılığın təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı hökumət qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələrin həyata keçirilməsi üçün cari və növbəti illərdə dövlət büdcəsində lazımi maliyyə təminatının yaradılması nəzərdə tutulub. 

Burada xatırlatmaq yerinə düşər ki, ötən 16 il ərzində dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə xüsusi önəm verilib, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, dövlətin borc strategiyası, vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ standartların tətbiqi, fiskal intizamın artırılması və digər tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, həmin müddətdə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb.
Bu, ötən ilin dövlət və icmal büdcələrinin icra göstəricilərində də aydın nəzərə çarpır. Belə ki, 2019-cu ildə icmal büdcənin gəlirləri 33,8 milyard manat və ya 2018-ci illə müqayisədə 9,4 faiz, xərcləri isə 26,5 milyard manat həcmində icra olunub. İcmal büdcə ilə bağlı 7,3 milyard manat profisit əldə edilib ki, bu da proqnoza nisbətən 2,9 dəfə çoxdur.
Ötən il dövlət büdcəsinin kəsiri 2 milyard manat proqnoza qarşı 207 milyon manat olub. Büdcə kəsirinin əhəmiyyətli dərəcədə daralması, ilk növbədə, vergi və gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozların artıqlaması ilə reallaşdırılması, habelə xərclər üzrə qənaətlərin əldə edilməsi ilə bağlı olub.
Xatırladaq ki, keçən il vergi daxilolmaları 2018-ci ilə nisbətən 3,5 faiz və ya 257 milyon manat çox olub. Xüsusilə qeyri-neft sektorunda 9,2 faiz və ya 458 milyon manat çox vergi toplanıb. Bu sektordan daxilolmaların nominal artım tempi ÜDM-in nominal artımını 2 faiz üstələyib. Bu da vergidənyayınma hallarının azaldılmasında yerli inzibatçılığın keyfiyyətinin artmasını göstərir.
Toplanmış vergilərin 71 faizi qeyri-neft sektorunun payına düşüb, özəl sektorun payı isə 76,4 faiz təşkil edib. 2005-ci ildən bu vaxtadək ilk dəfə olaraq ötən il qeyri-neft sektorunda vergi yığımı proqnozunun ən yüksək göstəricisinə (109 faiz) nail olunub. Son iki ildəki nailiyyətlərdən biri də artıq ödəmə məbləğlərinin 720 milyon manat azaldılması olub. Başqa sözlə, təkcə ötən il vergi orqanları tərəfindən 224 milyon manat həcmində artıq ödəmələr azaldılmaqla yanaşı, həm də vergi proqnozları 105 faiz artıqlaması ilə yerinə yetirilib.
Keçən il “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, beynəlxalq ticarətin asanlaşdırılması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə edilən uğurlu nəticələr sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, dövlət büdcəsi gəlirlərinin, ölkəmizin ixrac və tranzit potensialının artmasına münbit şərait yaradıb. Bu isə dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan Gömrük Komitəsinin fəaliyyətinə müsbət təsir göstərib. Nəticədə 2019-cu il üzrə nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 4 milyard 408 milyon 620 min manat gömrük ödənişlərinin toplanılması təmin edilib və proqnoza 119,1 faiz əməl olunub. 
Burada bir məqamı da qeyd etmək istərdik. Ekspertlərin bildirdiyinə görə, 2019-cu il büdcəsinin gəlirlərinin 4,5 faiz çox, xərclərin isə 3 faiz az icra edilməsi nəticəsində büdcə kəsiri proqnozdan 10 faiz kiçik olub. Bu nailiyyət Azərbaycan Prezidentinin rəhbərliyi ilə fiskal institutların gücləndirilməsi, vergi və gömrük islahatları, o cümlədən sosial sığorta haqlarının yığılması istiqamətində atılan addımlar hesabına gerçəkləşib. Məhz bunun nəticəsidir ki, 2,3 milyard manatlıq sosial islahat paketi manatın məzənnəsinə və inflyasiyaya təzyiq göstərməyib. 
İcmal büdcənin də gəlirləri 15,7 faiz çox, xərcləri isə 3 faiz az icra edilməklə 7,3 milyard manatlıq profisit yaranıb. İcmal büdcənin profisiti dövlətin strateji valyuta ehtiyatlarının artımını şərtləndirib. Profisitin yaranmasında qeyri-neft sektorundan gəlirlərin artması, neftin qiymətinin proqnozdan 5 dollar çox olması, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlərin çoxalması mühüm rol oynayıb.
Dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə, şübhəsiz ki, son illərdə qeyri-neft ­sektorunun inkişafının diqqət mərkəzində saxlanılması, qeyri-neft ixracının gücləndirilməsi istiqamətində islahatların dərinləşdirilməsi də böyük önəm daşıyıb. Buna görə də ötən il ölkəmizdən 19,6 milyard dollarlıq ixrac həyata keçirilib. Nəticədə ticarət dövriyyəsində 6 milyard dollar müsbət saldo yaranıb. Xüsusən də aparılan uğurlu islahatlar sayəsində nəinki 2019-cu il, ondan əvvəlki illər də qeyri-neft ixracı üçün uğurlu olub. Belə ki, 2017-ci ildə qeyri-neft ixracı 24 faiz, 2018-ci ildə 10 faiz, keçən il isə 14 faiz artıb. 
2019-cu il qeyri-neft ixracı 2 milyard dollara yaxınlaşıb. Bu isə strateji yol xəritələrinin 2025-ci ildə qeyri-neft ixracını adambaşına 450 dollara çatdırmaq hədəfinə nail olmaq istiqamətində ciddi irəliləyişlərdən xəbər verir. Yəni qeyri-neft ixracının artması istiqamətində görülən kompleks tədbirlər, xüsusən də ticarət nümayəndəliklərinin yaradılması, ticarət və şərab evlərinin, ixrac missiyalarının təşkili, “Azexport.az” portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti bu artımda xüsusi rol oynayır. 
Son illər ixracın əmtəə strukturunda da müsbət dəyişikliklər baş verməsi büdcə daxilolmalarına müsbət təsir göstərib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının açılması, yeni elektrik stansiyalarının tikilməsinin, pambıqçılığın, tütünçülüyün inkişafının dəstəklənməsi özünü real ixracın artmasında büruzə verib. Təkcə bir faktı qeyd edək ki, pambıqçılığın inkişafına verilən dəstək nəticəsində 2019-cu ildə pambıq lifinin ixracının dəyəri 54 faiz artaraq 124 milyon dollar təşkil edib. 
Büdcənin uğurları sayəsində dövlət başçısı tərəfindən imzalanan müvafiq sərəncamlarla əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı sosial islahat paketi reallaşdırılıb. Bundan başqa, icbari tibbi sığorta sisteminin tam təkmilləşdirilərək, bu ilin əvvəlindən mərhələlərlə bütün ölkə ərazisində tətbiqinə başlanılıb, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması proqramları həyata keçirilib. 
Bu fikri konkret göstəricilər əsasında diqqətə çatdırmaq istərdik. Belə ki, son 16 ildə orta aylıq əməkhaqqı 11 dəfə, orta aylıq pensiya 8 dəfə, həmçinin müavinət və təqaüdlər dəfələrlə artırılıb.
Sonda qeyd edək ki, Prezident İlham Əliyevin yanında 2019-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün dövlət başçısı tərəfindən hökumətin qarşısında ciddi vəzifələr qoyulub. Bu kontekstdə qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, xarici dövlət borcunun azaldılması əsas strateji xətt olaraq qalır. 

 

“Xalq qəzeti”

 

4 Mart 2020 00:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə