Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya koronavirusa qarşı mübarizə aparır

Ölkəmizdə təhlükənin qarşısının alınması üçün ciddi işlər görülür

2019-cu ilin ­dekabrında Çinin əhalisi sıx olan Uhan şəhərində koronavirusun yeni növü qeydə alınıb. Bu ölkədə epidemiyaya yoluxanların sayı 80 mini ötüb, 44,4 min nəfər sağalıb, 2,9 min nəfər ölüb. Xatırladaq ki, dünyada hazırda koronavirus infeksiyasına yoluxanların sayı 91 minə çatıb. Bunların 48 173 nəfəri sağalıb, 3 119 nəfər isə ölüb. Çindən başqa, epidemiya Cənubi Koreya və İtaliyada sürətlə yayılıb. Ümumilikdə, bugünədək dünyanın 72 ölkəsində virusa yoluxma halı qeydə alınıb. 

Qonşu İranda koronavirusa yoluxma hallarının sayı 1 501-ə yüksəlib, 66 nəfər ölüb, 291 nəfər sağalıb. İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, Tehran koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə rəsmi Moskvanın köməyinə böyük ümidlər bəsləyir.
Dünya Səhiyyə Təşkilatı (DST) koronavirus təhlükəsini çoxsaylı ocaqları olan epidemiya kimi səciyyələndirir. DST rəsmisi bildirib ki, təəssüf ki, təhlükə artıq beynəlxalq miqyaslı fövqəladə hal səviyyəsinə çatıb. 
Vəziyyətin gərginliyini nəzərə alaraq BMT koronavirusun yayılmasına qarşı mübarizəyə fövqəladə yardım fondundan 15 milyon dollar ayrılmasına qərar verib. Qurumun Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik dünən jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, bu vəsait DST və UNICEF-ə virusun yayılmasına nəzarət tədbirləri, yoluxma hallarının araşdırılması və milli laboratoriyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün verilib.
Təqdirəlayiq haldır ki, Azərbaycan hökuməti koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Ölkəmizdə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. 
Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu il fevralın 29-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub. İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mediaya bildiriblər ki, ixtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar. İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. 
Nazirlər Kabineti yanında operativ qərargahının əməkdaşı bildirib ki, koronavirus infeksiyalarının laborator diaqnostikası üçün ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir. 
Yeri gəlmişkən, digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır. Koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda özügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.
Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) “Təcili yardım” nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər”.
Əlbəttə, hər birimiz ümid edirik ki, ən yaxın günlərdə koronavirus epidemiyasına qarşı səmərəli müalicə metodları tapılacaq, bununla da hər bir insanın, bütövlükdə, dünyanın narahatlığına son qoyulacaq. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

 

4 Mart 2020 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə