Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt hadisələri: törətdikləri vəhşiliklər cinayətkarları addım-addım izləyir

1988-ci il fevralın 27-dən 29-dək ­Sumqayıtda törədilmiş iğtişaşlar zaman-zaman ermənilər tərəfindən onlara edilən qəsd kimi xatırlanır. Əslində isə ­Sumqayıt hadisələri onların öz əlləri ilə təşkil olunmuş və Azərbaycanı millətçilikdə ­günahlandırıb Dağlıq Qarabağı Ermənistana birləşdirmək planına xidmət etmişdir. Sumqayıt hadisələri zamanı 26 erməni ilə bərabər, 6 azərbaycanlı da qətlə yetirilmiş, yüzlərlə sumqayıtlı tutularaq işgəncələrə məruz qalmış və cəza almışdır. Onlardan biri jurnalist Elman Eldaroğludur. Həmkarımızın xatırladıqları:

– Həmin mənhus günlərin üstündən 32 il keçir. Onda mənim 22 yaşım var idi. Sumqayıt Superfosfat zavodunda ekspeditor işləyirdim. İnsan yaşlandıqca gördüklərinin mahiyyətini daha çox anlayır... Təqvimdə 27 fevral 1988-ci il idi. Sumqayıt od tutub yanırdı. Alışdırılmış avtomobillərin qara tüstüsü şəhərin üzərində müharibə ab-havası yaratmışdı. Bir qrup erməni evlərə soxulur, öz soydaşlarını eyvandan, pəncərədən çölə atır, qadın və qızları zorlayırdı. Hamı əsəbi, hər kəs təlaş içində idi. Hadisələri doğru-düzgün qiymətləndirmək çətin idi. İnsanları yayılan şayiələr idarə edirdi.
Ertəsi gün – fevralın 28-də mən də olaylardan sarsılmış halda idim. Səhər birtəhər özümü zavoda çatdırıb yenicə işə başlamışdım. Hay düşdü ki, ermənilər uşaq bağçalarına girib qadınları zorlayır, uşaqları öldürürlər. Ətrafımda olan gənclər kimi mən də avtobus dayanacağına doğru qaçdım. Avtobuslara doluşub şəhərə qayıtdıq. Biz şəhərə çatanda sovet əsgərləri qarşımızı kəsib, geriyə qayıtmağımızı tələb etsələr də, özümüzü qaynar nöqtəyə - köhnə avtovağzalın yanına çatdıra bildik. Məlum oldu ki, yalan məlumat yayılıb, dünənki hadisələrdən sonra şəhərin bütün ermənilərini klublara yığıb mühafizə edirlər. Heç kəsin tanımadığı kimlərsə səsgücləndirici vasitəsi ilə elə hey qışqırır, camaatı qisasa səsləyirdi: “Əsgərlər bizim düşmənlərimizdir! Erməniləri müdafiə edirlər! Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb!”...
Əsəblərini cilovlaya bilməyən gənclər əsgərlərdən şəhərdən çıxıb getməyi tələb edirdilər. Bir də gördüm ki, 7-8 rus əsgəri məni mühasirəyə alıb. Onlardan biri avtomatın qundağı ilə burnuma vurdu, digəri isə əlindəki əsgər beli ilə başıma zərbə endirdi. Əsgərlər qollarıma girib məni “katalaşka” adlandırılan “KPZ” maşınına qaldırdılar. Maşın mənim kimi “zərərsizləşdirilən” adamlarla dolu idi. Sınmış burnumdan, başımdan axan qan dayanmaq bilmirdi. Kimisi dəsmal verir, kimisi boynundakı şərfi çıxarıb mənə uzadırdı. Bizi Sumqayıt milis şöbəsinə apardılar. Müstəntiqlər dindirəndən sonra şöbənin müvəqqəti təcridxanlarına yerləşdirdilər. Bir gün orada qaldıq, sonra Bayıl türməsinə aparıldıq. On dörd günlük cəzadan sonra əməlimdə heç bir cinayət tərkibi tapılmadığı üçün çoxları kimi məni də yenidən Sumqayıt milis şöbəsinə gətirib oradan azadlığa buraxdılar… Onda hələ biz hadisələri düzgün təhlil edə bilmirdik. Sonradan anladıq ki, Sumqayıt iğtişaşları o vaxtkı KQB-də ssenarisi yazılan, mənfur ermənilərin nümayiş etdirdiyi faciəvi tamaşa idi.
Dövlət Təhlükəsizliyi Komitəsi Sumqayıt şəhər şöbəsi sədrinin sabiq müavini A.Məmmədov: “Sumqayıt hadisələrinin ssenarisi əvvəlcədən tutulmuşdu. SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30 nəfərdən ibarət bir heyət Sumqayıta gəldi. Onların Azərbaycan xalqının xeyrinə heç bir tədbir görmədiklərinin şahidi olduq. Əksinə, ermənilərlə söhbətlərində onları azərbaycanlılara qarşı qızışdırırdılar. Qoşunların gözləmə mövqeyi də hamının təəccübünə səbəb olmuşdu. Məsələ isə aydın idi. Sumqayıtda təxribat törədilməli idi və törədildi”.
Sumqayıt qırğınlarının əsas icraçılarından biri, daha doğrusu, birincisi Eduard Qriqoryan olub. Bu, istintaq zamanı şahid ifadələri əsasında tam sübut olunub. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür. Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Halbuki erməni mənbələri belə bir məlumat yaymağa çalışırdılar ki, guya onun anası azərbaycanlı idi. Bu, daha bir erməni məkri, erməni yalanı idi. “Paşa” ləqəbi ilə tanınan E.Qriqoryan üç dəfə həbsxanada yatmışdı. 
Zərərçəkmiş Sumqayıt sakini L.Mejlumyanın məhkəmədə dedikləri: “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbələr endirdi, bu vaxt mən müqavimət göstərməyə çalışdım, ancaq gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”. 
Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqda demişdi: “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”. 
İstintaq materiallarının başqa bir hissəsində göstərilib ki, E.Qriqoryan öz dəstəsi ilə 1-ci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır. 
Belə faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Moskva məhkəməsi hadisə iştirakçısı Əhməd Əhmədov haqqında ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. Amma qətllərin əsas təşkilatçısı və icraçısı E.Qriqoryana isə vur-tut 12 il iş verildi və bir neçə ildən sonra o, Ermənistana “etap” olunaraq azadlığa buraxıldı.
Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs avtovağzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi gəldiyini və orada azərbaycanlı qadınların elektrik dirəklərinə mıxla vurulduğunu deyərək onları qızışdırıb. Dövlət ittihamçısı Qriqoryan üçün ömürlük iş istəsə də, bu, qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı açıq qərəz nümayiş etdirilib.
Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verildi, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etdi.
Sumqayıt hadisələri ilə əlaqədar keçmiş SSRİ Prokurorluğunun ittifaqın müxtəlif respublikalarından və hüquq-mühafizə orqanlarından ezam olunan 200-ə yaxın müstəntiq və bir o qədər də əməliyyatçıdan ibarət istintaq-əməliyyat qrupu tərəfindən olduqca böyük həcmdə material toplanmış, araşdırılmış və bir çox şəxslər məsuliyyətə cəlb edilmişdilər. Lakin hadisələrlə bağlı istintaqın lap əvvəlindən zərərçəkənlərin yalnız ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə irəli sürülmüş fərziyyə istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub.
Belə ki, Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmamış, onlar dərhal “zərərçəkən” tərəf kimi buraxılaraq məsuliyyətdən kənarda qalmışdır. Hadisələrdə “kapitan” rolu oynamış Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, o, azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən az sonra, cəzasını qanunla Azərbaycan SSR ərazisində çəkməli olduğu halda, hansısa xidmətlərinə görə buradan çıxarılmış və çox keçmədən azadlığa buraxılmışdı.
Sumqayıt sakinlərinin, habelə hadisələrin bilavasitə şahidlərinin çoxsaylı ifadələrindən görünür ki, iğtişaşları təşkil edən meşin gödəkçəli şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bir çox hallarda erməni dilində danışıblar, Azərbaycan dilini təmiz biliblər və hadisələr zamanı adamlar arasında ermənilər əleyhinə güclü təbliğat aparıblar, cavanlara spirtli içkilər, güclü təsiredici həblər, pul, dəmir parçaları və s. paylayıblar və talançıları əvvəlcədən onlara məlum olan erməni ünvanlarına aparıblar.
Yetərincə sübut olunmuş faktdır ki, hadisələr Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla Sumqayıta gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla icra edilmişdi. Emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırandan sonra ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını veriblər. İştirakçılara paylanmış psixotrop dərmanlar və spirtli içkilərsə aqressivliyi artırmaq məqsədinə xidmət edib. Hadisələr zamanı Eduard Qriqoryan özünün üç qardaşı ilə bərabər dəliqanlı gənclərə soyuq silah kimi istifadə olunan armatur parçaları paylayıblar. 
Qriqoryan öz ətrafına topladığı “dost”ları ilə asanlıqla ümumi dil taparaq, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları mitinqlərin keçirildiyi meydana aparıb, orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin orada dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, hamını intiqam almağa çağırıb. Hədəf isə “Qarabağ” (komitəsi) və “Krunk” (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillər olub. 
Bəzi mənbələrə görə, “Sumqayıt cəlladı” kimi tanınan erməni Eduard Qriqoryan hazırda Rusiyanın paytaxtı Moskvanın yaxınlığındakı Sergiyev Posad şəhərində, beşmərtəbəli yaşayış binasındakı mənzillərdən birində məskunlaşıb. Asudə həyat yaşayan cəllada sığınacaq verənlər onlarla günahsız insanın qətlində bilavasitə təqsirkar olan birisini əfv edilmiş kimi qorumaqdadırlar. Amma o, hər gününü cəza qorxusu, xofu ilə yaşayır. Çünki yaxşı bilir ki, cinayətlər cəzasız qalmır. ­Geci-tezi var.
Keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində “Nalyotçik” adı altında saxlanılan məxfi işdən müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli Dövlət Təhlükəsizlik Komitəsi (DTK) şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs olub və onlardan heç biri hadisələr zamanı zərərçəkən siyahısında olmayıb. Bu faktlar bir daha təsdiq edir ki, “Krunk” cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri sağ-salamat qalıblar. 
Başqa bir məlumata görə, Sumqayıtda “Krunk” təşkilatının emissarlardan biri də o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı erməni polkovnik olub. O, buradakı ermənilərin hamısının siyahısını və ünvanlarını bilib. Qondarma iğtişaşlara öz “layiqli töhfə”sini verib və hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxıb. Musiqiçilər və qumar oynayanlar da əldə etdikləri gəlirlərdən “Krunk” cəmiyyətinə pul ötürürmüşlər. Bəzi mənzilləri isə ermənilər boşaldıb sonradan özləri yanğın törədərək kompensasiya istəyiblər. 
1991-ci ilin yanvar ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı A.Kiçixin Moskvada nəşr olunan “Столица” jurnalında yazırdı: “Biz Sumqayıt, Uzen və Oşda qanlı hadisələrin baş verəcəyi haqqında məlumatlı idik. Bu haqda DTK-ya məlumat verdik. Onlar da Mərkəzi Komitəni xəbərdar etdilər. Bizim bütün yazılı və şifahi məlumatlarımız MK-nın divarları arasında sükutla qarşılandı. Partiya rəhbərliyi separatçıların və cinayətkar dəstələrinin qarşısını almaq üçün heç nə etmədi”.
Həmkarımız Eyruz Məmmədovun axtarıb tapdığı, təqaüddə olan polkovnik Vladimir Lebedev 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışıb, hazırda Ukraynada yaşayır. Müsahibəsində Sumqayıt iğtişaşları ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:
– Burada Ermənistanın xüsusi xidmət orqanları və daşnak partiyasının millətçi üzvləri məharətlə işlədilər. Mikrorayonda kameralar quraşdırıldı, foto çəkilişlər aparıldı. Sonra sənədli film çəkib dünya ictimaiyyətinə çatdırdılar. Həmin film hadisələrdən sonra Fransada nümayiş etdirildi. Onu da deyim ki, kameralar məsələsi elə də inandırıcı deyil, təsvirlər təhrif olunmuş, təxribat xarakterli film idi. Biz bunun üzərində işləmişdik. Həmin dövrdə gizli və gözə çox da çarpmayan kameralar yalnız “KQB”-də vardı. Moskvadan və Bakıdan olan DTK əməkdaşları Sumqayıtda çəkilişlərlə məşğul idilər. Bu, danılmaz faktdır.
Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Cahangir Müslümzadə mitinq iştirakçılarını arxasınca dəniz kənarına aparanda bizə Azərbaycan DTK-sından xəbər verildi ki, Moskvadan iki xüsusi qrup gəlib, onlar hadisələri lentə alacaqlar. Sonralar o lentlər yoxa çıxdı. Şübhəsiz, bütün bunlar gizli şəkildə harasa göndərilib. Sumqayıtda iğtişaşların tüğyan etməsində spirtli içkilərin, narkotiklərin də rolu böyük olmuşdur. Sumqayıtın ərzaq mağazalarına cədvələ uyğun olaraq həftədə bir dəfə araq gətirilirdi. Hadisələr ərəfəsində mağazaların birindən ticarət birliyinə zəng vurulmuşdu ki, təcili olaraq araq gətirilsin. Əvvəl buna etiraz etmişdilər. Yenidən israrla spirtli içki tələb olunmuşdu. Guya, mağazada araq qurtarıb. Biz bununla maraqlandıq və məlum oldu ki, zəng vuran da, mağaza müdiri də erməni imişlər. Onlar baza müdirinə külli miqdarda rüşvət verib, istəklərinə nail olmuşdular. Həmin günlər ermənilər Sumqayıtın bütün aptek müdirlərinə hədə-qorxu gələrək demidrol dərmanlarını əldə etmişdilər. Spirtli içki demidrolla birlikdə gənclərə paylanıldı. Səhiyyə işçiləri daha dəqiq deyə bilərlər, demidrolu spirtli içki ilə qarışdıranda təsiri adi narkotikdən də güclü olur, kişilərdə cinsi hormonları artırır.
Həmin dövrdə istər Yerevanda, istər Moskvada, istərsə də xarici mətbuatda Qriqoryanın xilası ilə bağlı böyük bir təbliğat kampaniyası başlanmışdı. Guya, Azərbaycanda ona işgəncələr verilir və sair. Bunları bəhanə edən Kremlin rəhbərliyi hüquq-mühafizə orqanlarına tapşırdı ki, onu Rusiyaya köçürsünlər. “Sumqayıtın əks-sədası” sənədli filminin bəzi epizodlarının çəkilişində mən də iştirak etmişəm. Qriqoryanın hələ o vaxt Budyonovskda həbsdə olduğu zaman ona rejissorun assistenti kimi təqdim edilmişəm. Qriqoryana ayda bir dəfə Amerikadan ərzaq və geyim əşyalarından ibarət böyük bağlama gəlirdi. Almaniyadan dərman preparatları göndərilirdi. Çünki o, vərəm idi. Bir sözlə, Qriqoryan həbsxanada yox, sanki, sanatoriyada dincəlirdi. Bizi onun etirafı maraqlandırırdı. Lakin onu Budyonovska gətirəndə kiminləsə görüşməyi, müsahibə verməyi, həqiqəti söyləməyi qəti qadağan etmişdilər, əvəzində ona gözəl bir şərait yaratmışdılar.  
Dahilərdən biri deyib ki, cinayətkarların cəzası onları addım-addım izləyir. Bu cəza mütləq cinayətkarları tapmalıdır. Cinayət cəzasız qalmamalıdır. 

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

4 Mart 2020 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə