Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamda dövlət proqramlarının və yeni layihələrin icrası yüksək səviyyədə təmin edilir

Ağdam Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları nəzərdən keçirildi, dövlət başçısının regional inkişafla bağlı irəli sürdüyü tələblərin yerinə yetirilməsi ilə bağlı cari ildə qarşıda duran vəzifələr müzakirə edildi.

 Hesabat məruzəsi ilə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əvvəlcə Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə ölkənin son bir illik sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrlə bağlı səslənmiş mülahizələri iştirakçıların nəzərinə çatdırdı. Rayon rəhbəri bildirdi ki, dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ötən il respublikamızın bölgələrində olduğu kimi, Ağdamda da sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı proqram və layihələr davam etdirilmiş, istehsal və tikinti-quruculuq sahəsində uğurlu nəticələr əldə edilmişdir.
Keçən il rayon üzrə ümumi məhsul istehsalının həcmi 170 milyon 592 min manat olmuş, əvvəlki illə müqayisədə 2,2 faiz artım qeydə alınmışdır. Sənaye istehsalı13 milyon 40 min manata, kənd təsərrüfatı məhsulu 134 milyon 550 min manata yüksəlmişdir. Ticarət dövriyyəsi 14 milyon 477 min manat, informasiya və rabitə xidməti 439 min manat, nəqliyyat və anbar təsərrüfatı fəaliyyəti 500 min manat olmuşdur. Tikinti- quraşdırma işlərinin həcmi isə 7 milyon 586 manata çatmışdır.
Ölkə rəhbərinin kənddə ənənəvi təsərrüfat sahələrini inkişaf etdirmək xəttinə uyğun olaraq, 2019-cu ildə 2 min 600 hektarda pambıq əkilmiş, 7 min 314,7 ton məhsul əldə edilmiş, məhsuldarlıq 28,1 sentner olmuşdur. Ötən mövsümdə 14 min 493 hektardan 55 min 530 ton taxıl istehsal edilmiş, məhsuldarlıq 38,4 sentnerə çatdırılmışdır. 4 min 497 hektarda tərəvəz, 373 hektada kartof, 1553 hektarda yonca, 309 hektarda şəkər çuğunduru əkilmiş-- 105 min 441 ton tərəvəz, 6 min tondan çox kartof, 13 min tondan çox şəkər çuğunduru istehsal edilmişdir. Kümçülər emalçılara 17,1 ton barama təhvil vermişdir.
Hazırda iri malın sayı 42 min 297 başa çatmışdır ki, bu da əvvəlki illə müqayisədə 663 baş çoxdur. Qoyunların baş sayı isə 105 minə yaxındır. Heyvandarlıq məhsullarının istehsalı sahəsində artıma nail olunmuşdur. Ət istehsalı 4, 7 min ton, süd 38 min ton, yumurta 15 milyon ədəddən çox olmuşdur.
Məruzəçi daha sonra qeyd etdi ki, keçən il Xındırıstan kəndində qəzalı vəziyyətdə olan məscid yenidən qurulmuş və genişləndirilmişdir. Bu kənddə 1 hektara yaxın ərazidə istirahət parkı yaradılır.
19 yaşayış məntəqəsində 139 ailənin yaşadığı 121 fərdi evin bərpası başa çatdırılmışdır.
Azərbaycan Prezidentinin sərəncamı ilə cəbhə xəttinə ən yaxın yaşayış məntəqələrini birləşdirən 5,6 kilometrlik Kolqışlaq-Mirəşəlli-Əhmədağalı-Çıraqlı avtomobil yoluna və Tərtər-Hindarx avtomobil yolunun rayon ərazisindən keçən 14 kilometrlik hissəsinə asfalt örtüyü salınmış, bu yolların kənarlarında dayanacaqlar tikilmişdir. Quzanlı qəsəbəsində 1,6 kilometrlik yola da asfalt örtüyü salınmış və yolun kənarları abadlaşdırılmışdır.
Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Təzəkənd ərazisində modul tipli məktəb binası quraşdırılmışdır. 34 məktəb və 9 uşaq bağçasına təbii qaz çəkilmişdir. 4 bağçada istilik xətləri təmir edilmişdir. 2020-ci ildə bütün məktəb və uşaq bağçalarında təbii qaz xəttinin çəkilməsi və istilik sisteminə qoşulması tam başa çatdırılacaq. Əhmədağalı kənd körpələr evi- uşaq bağçası da əsaslı təmir olunmuşdur. Ruhi əsəb dispanseri və Ağciyər xəstəlikləri dispanseri əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Qaradağlı kəndində həkim məntəqəsinin əsaslı təmirinə başlanılmışdır.
İl ərzində əhalinin həyat şəraitinin yaxşılaşdırılması, fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatı, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülmüşdür. Keçən il 1476 sakin icra hakimiyyəti aparatında, 5 min 895 nəfər isə səyyar qəbullarda dinlənilmiş və müraciətlərinin həllinə müvafiq kömək göstərilmişdir.
Təzəkənd qəsəbəsində 144 nömrə tutumlu EATS quraşdırılmış, Mahrızlı kəndində 30 nömrəlik, İmamqulubəyli qəsəbəsində 20 nömrəlik, Baharlı qəsəbəsində isə10 nömrəlik xətt şəbəkəsi istifadəyə verilmişdir.
Toplantıda qeyd edildi ki, növbəti regional inkişaf proqramında, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə dövlət proqramına edilmiş əlavələrdə nəzərdə tutulmuş 18 tədbir icra edilmiş, icra müddətinə əməl olunmaqla 5 tədbir icra olunur, 9 tədbirin icrasına isə başlanılmamışdır. Quzanlı qəsəbəsində 50 mənzilli binanın tikintisinə başlanılmışdır. Bundan başqa, 1440 məcburi köçkün ailəsinin evlə təmin olunması üçün, 320 ikiotaqlı, 1040 üçotaqlı, 80 dördotaqlı ev olmaqla, yeni qəsəbənin tikintisi nəzərdə tutulur. 
Yığıncaqda bildirildi ki, cari ildə də bütün qüvvə, imkan və səylər əhalinin həyat şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatı sahəsində qarşıda duran vəzifələrin uğurla gerçəkləşdirilməsinə səfərbər ediləcək.
 
 
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
4 Mart 2020 00:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə