Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki tarixin yeni səhifələrini yazır

2019-cu ildə  Şəkinin sosial-iqtisadi  inkişafının  yekunlarına  və  qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında  çıxış edən  ŞİH  başçısı Elxan  Usubov   bildirdi ki, ötən il  şəkililər üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. Ən əlamətdar hadisə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi olmuşdur.  Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzində UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və  Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı təbrik etmişdir. 

Sevindirici hadisədir.  2020-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən dövlət başçımız demişdir: “Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı,  Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Hesab edirəm ki,  Şəki  Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur”.
Daha sonra  icra  hakimiyyətinin  başçısı  tədbir iştirakçılarını  rayonun sosial-iqtisadi inkişafının yekunları ilə tanış edərək konkret faktları sadaladı. Qeyd etdi ki, 2019-cu ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə, faktiki qiymətlərlə 477 milyon 823 min manatlıq məhsul buraxılmışdır. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2543 manatlıq məhsul istehsal olunmuş, pərakəndə əmtəə dövriyyəsi 435 milyon 327  min manat olmuşdur.  Rayonda 2019-cu ildə 3704  yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir. Rayonda 22 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 10-u kiçik müəssisədir. 
Məlum olduğu kimi, Şəki respublikamızın ən iri aqrar rayonlarından biridir. Rayonun kənd təsərrüfatının əsas sahələrindən birini taxılçılıq təşkil edir. Ötən il rayonda  235 min 198   ton məhsul istehsal edilmiş , orta məhsuldarlıq 34,6 sentner təşkil etmişdir. Bu  isə rayonun taxılçılıq tarixində ən yüksək göstəricidir. 
Rayonda istehsal olunan ixrac yönümlü məhsullardan birini də tütün təşkil edir. 2019-cu ildə mövcud tütün sahələrindən 3642 ton quru tütün istehsal edilmişdir. 
Əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də   dinamik inkişaf təmin edilir.   Hazırda rayonda 70 480  baş qara mal,  308 517  baş davar, 282 827 baş ev quşları  var. 
İcra  hakimiyyətinin başçısı çıxışında 2019-cu ildə Şəkidə aparılan yenidənqurma, tikinti – quraşdırma işlərinə də yer ayırmışdır. Qeyd etmişdir ki,  Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Şəki şəhərində 28 ədəd çoxmənzilli ictimai yaşayış binasının dam örtüklərinin təmiri üçün  ayrılmış vəsaitə uyğun olaraq yerinə yetirilən işlər başa çatmaq üzrədir. Şəki şəhərində istismar müddəti bitmiş çoxmənzilli binaların sakinlərinin mənzil - məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.    Salman Mümtaz küçəsində Psixiatriya xəstəxanasının tikintisi başa çatmışdır. Şəhriyar küçəsində inşa edilən az büdcəli turistlər üçün əlçatan olan 33 otaqdan ibarət  mehmanxana binasının tikintisi tamamlanmışdır.
“Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən şəhər 11 nömrəli orta məktəbin müasir tələblərə cavab verməyən binaları sökülüb, yerində tam müasir tipli yeni 960 şagird yerlik  məktəb binası tikilərək  şagirdlərin istifadəsinə verilmişdir. 
Sonra natiq su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasından şəhərin fasiləsiz elektrik enerjisi və qazla  təminatından  söhbət açmışdır. Təhsil və səhiyyə sahəsində qazanılan uğurları sadalamışdır.
 Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir.  İl ərzində xalqımızın zəngin mədəni irsinin təbliğinə həsr olunan  müxtəlif festivalların keçirilməsi də rayonda turizmin  inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir. 
Şəhər icra hakimiyyəti tərəfindən Şəkinin turizm potensialının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür. 2019-cu il noyabrın 22-23-də Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkil etdikləri forumun plenar iclası Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos və aviasiya” pavilyonunda keçirilmişdir. Forumda  ŞİH  başçısı  çıxış etmiş, Şəki şəhərinin iqtisadi, turizm imkanları, mədəniyyəti haqqında məlumat vermiş, regionlar arasında əməkdaşlığın dərinləşdirilməsi üçün şəhərimizin geniş imkanlara malik olduğu iştirakçıların diqqətinə çatdırılmışdır.   Həmçinin şəhərin turizm potensialını görmək və təcrübə mübadiləsi aparmaq üçün maraqlı tərəflər Şəkiyə dəvət olunmuş, Rusiyanın şirkətləri və biznes təşkilatları ilə fikir mübadiləsi aparılmışdır.
Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış etmişdir.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

4 Mart 2020 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə