Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə ötən ilə yekun vurdu

Gəncədə 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir. Şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhər ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbiri ŞİH başçısı Niyazi Bayramov açaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının məqsədyönlü və ardıcıl siyasəti, habelə Gəncəyə olan diqqət və qayğısı nəticəsində şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində inkişaf müşahidə olunur. 2019-cu ildə də bir sıra yüksək göstəricilər əldə olunub. Bu inkişaf dinamikasının 2020-ci ildə də qorunub saxlanılması əsas hədəflərdəndir.

Şəhər icra hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev bir il ərzində görülən işlər barədə geniş məlumat verib. Bildirib ki, 2019-cu ildə ümumi daxili məhsulun 62,9 faizi iqtisadiyyatın istehsal, 37,1 faizi isə xidmət sahələrinin payına düşüb.Şəhərdə sahibkarlıq üçün yaradılan münbit şərait nəticəsində özəl müəssisələr tərəfindən istehsal olunan məhsulun həcmi ümumi sənaye məhsulunun 79,6 faizini təşkil edib. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gəncə Şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və İdman Sarayının tikintisi sürətlə davam etdirilir.
 Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkədə 650 min ədəd ağac əkmək barədə təşəbbüsü çərçivəsində Gəncədə 10 mindən artıq ağac əkilib.
 Vətəndaşların müraciətlərinə vaxtında və diqqətlə baxılması, bu sahədə sənədlərlə işin təşkilinin səmərəliliyinin yüksəldilməsi istiqamətində aparılan işdən də söhbət açılmış, bundan sonra da müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 
Şura iclasında çıxış edən Gəncə Şəhər Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov deyib ki, hesabat dövründə qeyd olunan sahədə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilib. Dövlət büdcəsindən dotasiya almayan Gəncə əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də xərclərini öz gəlirləri hesabına ödəyib.
“NEON” firmasının baş direktoru Arif Həsənov çıxışında dövlət başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdığını bildirib. O qeyd edib ki, 2019-cu il ərzində müasir texnologiyalara əsaslanan bir sıra müəssisələrdə yeni istehsal sahələri yaradılıb. Bazarın tələbini nəzərə almaqla yeni növ məhsul istehsalına başlanılıb.
“Gəncə Sukanal” TSC-nin direktoru Şöhrəddin Verdiyev qeyd edib ki, hesabat dövründə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Bu dövrdə 415 kilometr içməli su şəbəkəsi və magistral xətt inşa edilib, 271 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, o cümlədən 13 min 240 ədəd su sayğacı quraşdırılıb. “İkinci Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsi çərçivəsində Gəncə şəhərində 855 kilometr uzunluğunda içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur.
Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Azər Bayramov çıxışında hesabat dövrü ərzində görülən və qarşıda duran vəzifələr haqqında toplantı iştirakçılarına məlumat verib. Bildirilib ki, son illərdə Gəncə qaz istismarı Sahəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şəhər əhalisinin və iqtisadiyyatın ayrı-ayrı sahələrinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə yeni daşıyıcı xətlər çəkilib. Təmirə ehtiyacı olan müxtəlif diametrli boruların, habelə qaz tənzimləyici şkafların əsaslı və cari təmiri, yenilərinin quraşdırılması istiqamətində müəyyən işlər görülüb.
İclasda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıxışında Azərbaycanın sosial-iqtisadi inkişafından, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlardan, ölkə rəhbərinin imzaladığı sərəncam və fərmanlardan, qəbul olunan dövlət proqramlarından söz açıb. O bildirib ki, bu gün Azərbaycanın bir çox bölgələrində, o cümlədən Gəncədə sənaye zonaları yaradılır. Sənaye zonalarının yaradılması həm ölkə iqtisadiyyatının inkişafına, həm də əhalinin məşğulluğunun təmin edilməsinə yönəlib. Gəncədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini müsbət qiymətləndirən sektor müdiri şəhər ictimaiyyətinə müraciət edərək, bu işlərin davamlı olmasının hər bir şəhər sakininin dəstəyinə ehtiyac olduğunu bildirib.
Hesabat yığıncağının sonunda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

4 Mart 2020 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə