Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriya müxalifəti 9 kəndi işğaldan azad edib

Dünən Suriyanın İdlib regionunda “Bahar qalxanı” əməliyyatı davam etdirilib. Əməliyyat çərçivəsində Türkiyə Suriyanın daha bir hərbi təyyarəsini vurub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən “Anadolu” agentliyi məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, bundan əvvəl də Suriyanın iki təyyarəsi vurulub. Bütövlükdə, Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatları çərçivəsində 4 günlük müdaxiləsi nəticəsində Suriyada qüvvələr balansı kifayət qədər dəyişib. 
Bundan əlavə, Suriyanın silahlı müxalifəti İdlib şəhərinin cənubundakı Cəbəl Zayiyə bölgəsində ötən gündən başladığı əməliyyatı bitirib. Onlar 9 kəndi işğaldan azad ediblər. Türk ordusunun silahlı pilotsuz uçuş aparatlarının da yaxından dəstək verdiyi əməliyyat nəticəsində Bəşər Əsəd rejiminin hərbçiləri kəndləri boşaldaraq qaçıblar.
Müxalif qüvvələr dünən Kəfrənbel qəsəbəsində də əməliyyatları davam edirərək, ərazinin bir hissəsini ələ keçiriblər. Eyni zamanda, strateji əhəmiyyətə malik Sərakib qəsəbəsi uğrunda ağır döyüşlər aparılıb. Əsəd rejimi böyük qüvvə ilə qəsəbəyə hücuma keçib. Müxaliflər bu istiqamətdə geri çəkilməli olublar.
Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz aparatlar Əsəd ordusunun silahla dolu iki yük maşını və raket qurğusunu məhv edib, rejimə məxsus bir sursat anbarı dağıdılıb, müxaliflərin pusquya saldığı 20 nəfərlik qrup zərərsizləşdirilib.
Müdafiə Nazirliyi İdlibdə bir türk əsgərinin şəhid olduğu barədə də məlumat yayıb. Əsgər İdlibdə Bəşər Əsəd tərəfdarlarının həyata keçirdiyi top atışları nəticəsində şəhid olub. Daha bir əsgər yaralanıb. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ölkəsinin Rusiya və İranla heç bir problemi olmadığını bəyan edib: “Suriyada sizinlə bir problemimiz yoxdur”. 
Ərdoğan onu da vurğulayıb ki “Bahar qalxanı” əməliyyatı çərçivəsində Əsəd rejimi və onun tərəfdarlarının verdiyi can və texniki qüvvə itkiləri hələ başlanğıcdır: “Ağılları başlarına hələ də gəlməyib. Əgər Türkiyənin təyin etdiyi sərhədlərdən çıxmasalar, bir müddət sonra o başları da çiyinlərinin üstündə qalmayacaq”. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

3 Mart 2020 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə