Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədən Yunanıstana keçən qaçqınların sayı 130 mini ötüb

Bu il mart ayının 3-ü səhər saatları üçün Türkiyənin Ədirnə şəhəri üzərindən Yunanıstana keçən miqrantların sayı 130 min nəfərə çatıb. “Anadolu” agentliyi məlumatı Daxili İşlər naziri  Süleyman Soyluya istinadən verib. 

Xatırladaq ki, bu il fevralın 27-dən 28-nə keçən gecə Suriyanın İdlib bölgəsində 36 türk hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb. Lakin Avropada qaçqınları “duz-çörəklə” qarşılamayıblar. Yunanıstan hərbçiləri Türkiyədən Avropaya keçmək istəyən miqrantlara qarşı gözyaşardıcı silahlardan istifadə ediblər. Radikal sağçı yunanların isə qaçqınları kütləvi şəkildə döyməsi, hətta dənizdə batırmağa çalışması barədə xəbərlər yayılıb. 
Türkiyədən Avropaya qaçqın axınının başlaması Avropa İttifaqı (Aİ) ölkələrinin rəsmi dairələrində də narahatlıq doğurub. Yunanıstan və Bolqarıstan hökumətləri Aİ rəhbərliyindən kütləvi qaçqın köçünün qarşısını almaq  üçün təcili tədbirlər görməyə çağırıb. Bu arada Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel böhranla bağlı Yunanıstan və Bolqarıstanın yanında olduqlarını açıqlayıblar.
Bu günlərdə Qərb mediasında və sosial şəbəkələrdə Türkiyənin miqrant siyasətini pisləyən rəy, şərh və açıqlamalar geniş yer alır. Almaniyanın xarici işlər naziri Hayko Maas öz “Twitter” səhifəsində Ankaranın miqrant siyasətini tənqid edib. 
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bu məsələ ilə bağlı prinsipial cavabı gecikməyib. O, Aİ rəhbərliyini öz vədinə əməl etməməkdə günahlandırıb. Qeyd edib ki, Aİ-nin söz verdiyi 6 milyardlıq maliyyə yardımının yarısı belə suriyalı qaçqınlara çatdırılmayıb. 

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

3 Mart 2020 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə