Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Petkim”in məhsul istehsalı rekord göstəriciyə çatıb

SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksinin ötənilki istehsalı rekord göstəriciyə - 3,4 milyon tona çatıb.

“Petkim PetroKimya Holding A.Ş.”dən bildirilib ki,   2019-cu ildə məhsul istehsalı əvvəlki illə müqayisədə 24 faiz artıb. Kompleks keçən il 92 faizlik istehsal gücü ilə fəaliyyət göstərib.

“Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov deyib ki, şirkət 2019-cu ildə “Star” neft emalı zavodundan (NEZ) ümumilikdə 759 min ton nafta alıb. “Petkim”də ötən il həyata keçirilən 23 enerji səmərəliliyi layihəsi ilə 3,3 milyon dollara qənaət olunub. Zavodun obyektlərinin bütün aktivlərin əməliyyat etibarlılığı və qabiliyyəti əvvəlki ilə nisbətən 4,1 faiz artıb. Şirkət səmərəliliyə və çevikliyə yönəlmiş 109 layihə ilə 2019-cu ildə 52 milyon dollarlıq əlavə iqtisadi dəyər yaradıb. “Petlim Limancılık Ticaret A.Ş.”nin aktivləri isə əvvəlki illə müqayisədə təxminən 7 faiz artıb.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir. “Petkim” Türkiyənin neft-kimya məhsuluna olan tələbatının 20 faizini ödəyir. “Petkim” 80 ölkəyə neft-kimya məhsulları göndərir.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. Hazırda STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.

“Petkim” 15 əsas və 6 köməkçi müəssisəsi ilə illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

3 Mart 2020 17:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə