Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndiyədək 5400-dən çox vətəndaş kirayə mənzil üçün müraciət edib

Bu günədək 5400-dən çox vətəndaş kirayə mənzil modulu üzrə elektron müraciətini İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsilə formalaşdırıb və bu proses davam etməkdədir.

Fonddan bildirilib ki, kirayə mənzil əldə etmək istəyən vətəndaşlara elektron kabinetin formalaşdırılmasını yekunlaşdırmaq tövsiyə olunur. Müraciətlərin qəbuluna başlanması vaxtı ərizəçinin elektron kabinetində yerləşdiriləcək və bu barədə onlara SMS məlumat veriləcək.

Şəffaflığın təmin edilməsi məqsədilə bütün müraciətlər elektron sistem vasitəsilə növbəyə alınacaq, növbəlilik barədə məlumat elektron kabinetdə və fondun informasiya resurslarında əks olunacaq. Bu məlumatların həm müraciət edən vətəndaşlar, həm də ictimaiyyət üçün açıqlığı fond tərəfindən mütəmadi qaydada təmin ediləcək. Vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsilə əldə olunan rəsmi məlumatlar əsasında fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək.

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərə dair vətəndaşların məlumatlandırılması, qeydə alınan ilkin müraciətlərin sayı və proseslərin gedişatı ilə bağlı bütün lazımi məlumatları bundan sonra da mütəmadi ictimaiyyətə bildirəcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (“www.mcgf.az”), habelə “1549” Çağrı mərkəzinə zəng etməklə, həmçinin “Elektron ipoteka və kredit zəmanət sistemi”ndən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

V.BAYRAMOV,
“Xalq qəzeti”

3 Mart 2020 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə