Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Britaniyanın kimliyimdə rolu oldu, lakin kim olduğumu qərar vermədi...”

Mədəniyyət və onun əsas kompenentlərindən olan ədəbiyyat bütün dövrlərdə insanı və onun mənsub olduğu toplumu ucaldan vasitələrdəndir. Ədəbiyyatımız tək ölkəmizdə deyil, sərhədlərimizdən uzaqda da dəyərlərimizin, ruhumuzun daşıyıcısına çevrilib. Müasir şeir sənətimiz də hazırda inkişaf dövrü keçirir, oxunur, tanınır, dünya ədəbiyyatı ilə ayaqlaşmağa çalışır.

Müsahibimiz şair, ədəbiyyatşünas Nigar Həsənzadə də müasir söz sənətimizi  sərhədlərimizdən kənara çıxarmaq üçün çalışanlardan biridir. Təxminən 15 ildən çox Londonda yaşayan, diaspor ədəbiyyatımızın formalaşmasında əmək sərf edən şairin yazdığı nümunələr dəfələrlə ABŞ, Almaniya, İngiltərə, Kanada, Türkiyə, Avstraliya, Polşa və Rusiyada tərcümə edilmiş və ədəbi mətbuatın səhifələrində dərc olunmuşdur. Onun adı XX əsrin 70 rus qadın--şairi – “Russian Women Poets” antologiyasına daxil edilib.  Həmçinin o, 2009-cu ildə Böyük Britaniya ərazisində yaşayan 10 ən yaxşı əcnəbi şair adına da layiq görülüb.  2015-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Söz" ədəbi layihəsinin rəhbəridir. Britaniyada, o cümlədən Azərbaycanda bir sıra ədəbi-ictimai tədbirlərin təşkilatçısıdır.

Əsasən fəlsəfi-romantik üslubda yazılan şeirləri ilə insan həyatının müxtəlif döngələrini tərənnüm edən şair hazırda yaradıcılığının və ictimai fəaliyyətinin ən məhsuldar dövrünü yaşayır. Onunla söhbətləşmək, auditoriyaya bir az da yaxından tanıtmaq qərarına gəldik.

-Nigar xanım, uzun müddət İngiltərədə yaşamısınız, orada yaradıcılıqla şğul olmusunuz. Hətta Britaniyanın ən yaxşı əcnəbi şairi adını da qazanmısınız. Necə oldu ki, Şərq qadını Qərb ölkəsində, mühafizəkarlığı ilə seçilən ingilis cəmiyyətində qəbul edildi ?

-Səmimi olaraq bildirim ki, xeyli müddət  uzaq Britaniyada yaşamağım sadəcə, taleyin sifarişi idi. Bu da həyatın bir hissəsidir. Mənim də taleyimin mühüm bir hissəsi İngiltərə ilə bağlıdır. Uzaq Britaniyanın şübhəsiz ki, mənim kimliyimdə çox böyük rolu oldu, lakin mənim kim olduğumu o  qərar vermədi. Xaricdəki  uğurlarım irəliləməyimi stimullaşdırmış  və heç bir halda təslim olmamağı öyrətmişdi. Əlbəttə, özünə inam və Yaradanın lütfü… Lakin mənim arxa-dayağım olan mələk simalı insanlar da var idi ki, onlar mənim üçün zəhmət çəkdilər. Onlar İngiltərədə güclü, istedadlı şəxsiyyətlər idilər, bir əcnəbinin poeziyasına inandılar və "evlərinə" gətirdilər, ona şair dedilər və dünən imkansız görünən röyaların  gerçəkləşməsinə inanmağı öyrətdilər. Bu gün Avropadakı keçmiş fəaliyyət və nailiyyətlərimi hazırkı anım üçün formalaşmış zəruri təməl kimi qiymətləndirirəm və mənə dəstək olan və inanan hər kəsi minnətdarlıqla xatırlayıram.

-Ümumiyyətlə, Britaniya şairlərinin yaradıcılığında hansı ədəbi istiqamət  aparıcı yer tutur? Yəni, sadə formada desək, onlar əsasən nədən yazırlar? 

-Bu gün dünya poeziyasının klassik adlandırdığımız təməl şeir məktəbindən fərqli olduğunu hamımız yaxşı bilirik. Bu gün ritmlər, melodiya və yazının ciddiliyi həm orijinal ifadələri, həm də müəllif neologizmlərini, bəzən istifadə olunan formaların və ifadələrin sadəliyini əvəz etdi. fikrimcə, bu, bəzən absurdluğa çatır. Avropa poeziyanın sərtliyini sevməyi dayandırdı və indi şeirdə tam sərbəstliyi və zövqü üstün tutur.
Mən bu üstünlükdən uzağam və açığını deyim ki, İngiltərədə olarkən zövqlərimi gizlətmirdim. Bununla belə, Britaniyanın məşhur şair və yazarları-- Elaine Feinstein, Rut Padel, Fiona Sampson, David Harsentin yaradıcılığı düşündürücülüyü ilə fərqlənmişdir.

-Bakıda “Söz” ədəbi layihəsinin müəllifisiniz. Yetərincə ciddi qəbul olunan layihədir. Nədir, “Söz”ün əsas məqsədi?

-Layihənin əsas hədəfi əsasən gənc istedadlara dəstək olmaq, onların istedadını üzə çıxarmaqdır.  Ancaq mən başa düşürəm ki,  həqiqi missiya tam fərqlidir, yəni xalqda şairliyə həqiqi maraq və diqqəti yaratmaqdır. Müasir bir ölkədə şairə hörmət, diqqət qazandırmaq, şeir oxumaq ənənəsini ən yüksək səviyyədə canlandırmaq bu layihənin əsas atributudur. Hesab edirəm ki, necə də olsa, bacardıq.  

Bilirsiniz, “Söz” layihəsinin həm də əsas məqsədlərindən biri o idi ki, dil fərqliliyinə fikir verməsin, bunu kompleksə çevirən istedadları da bir araya toplasın. Şəxsən özümdə iki dilliyəm.  Azərbaycan və rus dillərində danışmaq və düşünmək, hətta ən xırda məişət məsələlərində belə istifadə etməyə vərdişliyəm. Bizim cəmiyyətdə bu iki dil önəmli mövqeyə malikdir. Bunları bir ədəbi layihədə bir araya gətirmək zəruri idi.  Bizim layihə bütün istedadlara açıqdır.

-Sizcə, indiki poeziyamız dünya poetik düşüncə tərzi ilə ayaqlaşa bilirmi?
-Əlbəttə. Həmişə sözlə güclü olmuşuq və dünya ilə müqayisədə bu belədir. Hər parlayan qızıl deyildir. Bəzən, özümüzdə olanlar qızıldan da qiymətlidir, sadəcə, fərqinə varmaq lazımdır.

-Deyirlər ki, bizdə postmodernizmin yalnız imitasiyası var. Bu doğrudurmu?
-Postmodernizmi sevənlərdən deyiləm.  Həmin istiqamətdən uzaq bir müəllif olaraq bu tendensiyanı ölkəmizdə və xaricdə müqayisə etmək, doğrusu, mənim üçün çətindir.

-Xarici ölkələrdə  milyonlarla soydaşımız yaşayır. Siz də uzun illər əcnəbi ölkədə yaşamısınız. Sizcə, diaspor ədəbiyyatımız formalaşıbmı?
Təəssüf ki, xeyr.  Bu, təkcə ədəbiyyatımız üçün deyil, bütövlükdə ölkəmizin milli maraqları üçün çox faydalı olardı. Bizim xalqımız istedadlıdır. Düşünürəm ki, harada yaşamasından asılı olmayaraq, ədəbiyyat xalqımızın yaşam kredolarından biridir. Ona görə də, bu sahənin xaricdə inkişaf etdirilməsi şərtdir.

-Sizin yaradıcılığınız əsasən rus dlindədir. Ara-sıra ingiliscə də yazırsınız.       Lakin anadilli oxucu auditoriyası üçün nəsə fikirləşmisinizmi? 

-Bir gün kitablarımdan birinin doğma dilimdəki tərcüməsini hədiyyə olaraq alacağımı xəyal edirəm... Tək tərcümələr var, təəssüf ki, azdır. Öz şeirlərimin tərcümələrini  sifariş vermək isə hələ ki, təcrübəmdə yoxdur.

-Övladınızın poeziya davamçınız, ümumiyyətlə yaradıcı şəxs olmasını istəyərdinizmi ?

-İstəyirəm ki, xoşbəxt olsun, qalanı vacib deyil.

-Cəmiyyətə ünvanlanan monoloqunuz olsaydı, hansı mesajları ötürməyə çalışardınız ?

-Ömrüm boyu dediklərimi deyərdim: Sənin həyatın öz əlindədir! Uca Allah bizə həyat bəxş edir və bizim üçün yol göstərir, amma necə yaşayacağımız özümüzdən asılıdır. Nə olursa-olsun, gücünüzə inanın. İnanın ki, hətta ən çətin müşküllər gələcək qələbəniz ola bilər! Göz yaşı və ağrı əbədi davam edə bilməz. Hər şey keçicidir.  İnam və sevgi qalır. Bir-birinizi sevin.

Qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”

3 Mart 2020 15:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə