Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Od Çərşənbəsidir

Ocağınız gur yansın

Novruza qədər keçirilən çərşənbələrdən ən kütləvisi Od çərşənbəsidir. Bu gün bölgələrdə hər kəs öz həyətində bir tonqal çatıb, əlavə olaraq küçədə də ocaq qalayıbsa, şəhərdə də hər binanın önündə olmasa da, iki-üç binadan bir alovu göyə qalxan tonqal qalanacaq.

Od çərşənbəsinin öz özəllikləri, öz atributları, öz süfrəsi var. Bu günün əsas atributu Oddur, Ocaqdır. Od çərşənbəsi günü başqa çərşənbələr kimi, qonum-qonşuya lap yaxın qohuma belə evdən cıraq, od, maya verməzlər. Bu gün axşama iş-güc qalmasın deyə, evləri də ertədən təmizləyirlər. Od çərşənbəsində gəlinlər əllərini od rəngində xınaya boyayarlar.

Ağbirçək, ağsaqqal olan evlərdə indi də çərşənbələr öz ilkinliyini qoruyub saxlayır. Nə uşaqların yumurta döyüşdürməsinə, nə də o başdan evdən çıxıb, gün batandan sonra dönüşünə söz deyən olmur. Uşaqlar şənlik gözləyir, bir-birinə tapmaca deyir. Bəzilərini xatırlatmaq yerinə düşər:

El-obada hallanar,
Şirin dolar, dadlanar.
Gah atdanar, yellənər,
Gah alışar, odlanar
(çərşənbə)

Say istəsən say verər,
Pay istəsən, pay verər,
Əyilib gülün dərsən
Xoşbəxt ömür, ay verər
(Novruz bayramı)

Papaq atma bu çərşənbəyə aid olmasa da, uşaqlar sevinməyə bəhanə axtarır, qapılara papaq atırlar. Bu çərşənbədə ailə üzvləri həyətdə yanan tonqalın üstündən “ağirlığım bu tonqalda yansın” deyib atlanırlar. Qaranlıqda tonqal başına toplaşanlar bir-birlərinə alqış-dualar edirlər.

Bu gün ailə üzvlərinin sayına görə hər süfrədə şamlar yanacaq.

Süfrələriniz dolu olsun, suyunuz axar, ocağınız yanar olsun. Arzu edək ki, alovu ərşə bülənd olan bu tonqallar tapdaq altında qalan torpaqlarımızda çatılsın.

Od Çərşənbəniz mübarək olsun!!!

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 Mart 2020 14:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə