Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuz: uğurlar sevindiricidir

2019-cu il Oğuz üçün uğurlu  olub.  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində  xeyli iş görülüb.

Bu barədə 2019-cu ildə Oğuz rayonunun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında RİH başçısı Eyvaz Qurbanov ətraflı məlumat verdi.  Bildirdi ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı və emalı sahəsinində  xeyli iş görülüb,  istehsalın inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilib. Rayonun Bayan və Bucaq kəndlərində tikilmiş müasir tipli 2 tütünqurutma məntəqəsində 35 kamera istifadəyə verilib. Yeni fındıq bağlarının salınması üçün sahələr müəyyən edilib. 535 hektar fındıq bağı əkilib. 300 qutu ipəkqurdu toxumu gətirilərək kəndlər üzrə sahibkarlara paylanıb və nəticədə kümçülər tərəfindən 8891,93 kiloqram barama istehsal edilib, tədarük məntəqələrinə təhvil verilib.
Gələcəkdə rayonda emal müəssisələrinin tikintisi nəzərdə tutulur.  Padar–Böyük Söyüdlü–Qarabulaq–Çaldaş  avtomobil  yolunun  təmiri  üzrə işləri başa  çatmaq  üzrədir. 2019-cu ildə 32  kilometr  yolun  əsası, 26  kilometr  asfalt  örtüyü  tam  təmir edilmişdir. 
Natiq vurğuladı ki, rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Padar, Dəymədağlı, Bayan, Qumlaq, Yenikənd kəndlərində və Oğuz şəhərində subartezian quyuları qazılıb.
Sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər görülüb.
Daha sonra mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərindən danışan natiq qeyd edib ki, Oğuz şəhərinin 3 ictimai yaşayış binasında fasadların, giriş bloklarının və dam örtüklərinin təmiri, şəhərin 18 küçəsində asfalt-beton örtüyünün salınması, şəhərin küçələrində 32 ədəd ikiaşırımlı işıqlandırıcı dirəyin quraşdırılması, səkilərdə 1280 metr beton bardürün düzülməsi, 3700 kvadratmetr divar səthinin qaya daşı ilə üzlənməsi işləri üzrə smeta sənədləri hazırlanıb. 
Həmçinin şəhərin Dədə Qorqud küçəsində özəl vəsait hesabına 100 yerlik yeni uşaq bağçası binasında dam örtüyü, fasad bəzək və daxili bəzək işləri başa çatdırılıb.   
Kənd investisiya layihəsi çərçivəsində Padar, Dəymədərə, Ərmənət, Tayıflı, Şirvanlı, Xalxalqışlaq kəndlərinə içməli su xətti şəkilib, Xalxal və Hallavar kəndlərində daxili yollar təmir olunub. 
Yeddiillik uşaq musiqi məktəbində əsaslı, Sincan kənd kitabxanasında cari təmir işləri aparılıb.
Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilib. Padar kənd tam orta məktəbinin əsaslı təmiri başa çatdırılıb və istifadəyə verilib. 
Oğuz kənd təsərrüfatı rayonudur. Onun iqtisadiyyatında  taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da artır. 
2019-cu ildə rayonun taxılçıları tərəfindən 51656 ton dənlı və dənli-paxlalılar, 215,6 ton quru tütün istehsal edilib. 
Sahələrdən 228 ton kələm, 462 ton xiyar, 532 ton pomidor, 30 ton süfrə çuğunduru, 36 ton süfrə yerköküsü, 290 ton baş soğan, 391 ton sarımsaq, 1064,3 ton tərəvəz bitkiləri yığılıb.
Əhalinin sosial müdafiəsi məsələlərinə toxunan icra başçısı qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. 28 nəfər Zaqatala Regional Qaz İstismarı İdarəsinə, 35 nəfəri “Şimal-Qərb” Regional Elektrik Təchizatı Şəbəkəsi İdarəsinə və 196 nəfər isə “DOST” iş mərkəzinə göndərilməklə, 2019-cu ildə 710 nəfər işlə təmin edilib.
Daha sonra məruzəçi təhsil, səhiyyə, mədəniyyət, turizm, idman sahələrində görülmüş işlərdən danışıb. 
Xüsusən qeyd edib ki, Oğuz təhsiliinin inkişafında son illər mühüm nailiyyətlər əldə edilib. Ötən dövr ərzində rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrlarla təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə daha yaxşı təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, istedadlı uşaqların inkişafı və digər istiqamətlərdə nailiyyətlər əldə olunub. 
Bu gün təhsil müəssisələrimizdə mövcud olan 330 ədəd kompüter, 140 ədəd noutbuk, 11 ədəd  elektron lövhə və 46 ədəd proyektor innovativ təlim metodlarından fəal istifadə sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amilə çevrilməkdədir. 
Hesabat dövründə respublikanın ali məktəblərinə qəbul imtahanları da Oğuz məzunları üçün uğurlu olub. 42 nəfər məktəbli 500 baldan, o cümlədən 6 nəfər 600 baldan yuxarı nəticə göstərib. 
Əhalinin sağlamlığının qorunması ilə əlaqədar Dövlət Proqramı çərçivəsində də xeyli iş görülüb. 
Oğuz artıq respublikamızda turizm bölgəsi kimi tanınmaqdadır. Yay mövsümündə burada 35 turizm və ailəvi istirahət mərkəzi fəaliyyət göstərib.
Ötən il rayona təxminən 20 min nəfər turist gəlib. Bu turistlərin təxminən 6500 nəfəri əcnəbilərdir. 
Məruzə ətrafında çıxış edən digər natiqlər də  qazanılan uğurlardan  və qarşıda duran vəzifələrdən danışdılar.

İlqar Həsənov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

2 Mart 2020 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə