Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəyin sədası ölkə sərhədlərini aşır…

Gədəbəy rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, ümummilli liderin əziz xatirəsini ehtiramla yad etmişlər.
 Heydər Əliyev Mərkəzinin foyesində 2019-cu ildə görülümüş işlərə həsr edilmiş fotostendlər və Gədəbəydə istehsal olunan məhsulların sərgisi maraqla qarşılanmışdır. 
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev hesabat məruzəsi ilə çıxış edərək demişdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 16 ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə  əldə olunan uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi  aparılan islahatların real həyatda təsdiqini tapır. İftixar hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dinamik inkişaf yolunda qətiyyətli addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, dövlətimizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır.
2019-cu ilin ən mühüm və əlamətdar hadisələrindən biri kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişafa, rifaha və mütərəqqi idarəçiliyə xidmət edən islahatlar konsepsiyasına xalqımızın öz dəstəyini nümayiş etdirməsi oldu. İstər bələdiyyə, istərsə də növbədənkənar parlament seçkilərində möhtəşəm nailiyyətlərin qazanılması bu dəstəyin aydın, parlaq təzahürüdür. Bu, hər ölkəyə nəsib olmayan tarixi zəfərdir.
Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları ilə hər bir bölgənin inkişaf strategiyasına uyğun həyata keçirilən və son illər bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ötən il Gədəbəy rayonunda da uğurla davam etdirilmiş, mühüm layihələr icra olunmuş, yol-nəqliyyat infra­strukturunun yaxşılaşdırılması, əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur.
Keçən il rayonda ümumi daxili məhsul istehsalının həcmi 574 milyon manat olmuşdur ki, bu da əvvəlki illə  müqayisədə 31,6 milyon manat və ya 5,8 faiz çoxdur. Rayon üzrə sənaye məhsulu istehsalı  171 milyon manat təşkil etmiş, sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 1,5 faiz olmuşdur.
Son 16 ildə rayonda 16 min 737 yeni iş yeri yaradılmışdır ki, onlardan da 598-i daimi olmaqla 1323-ü ötən ilin payına düşür. 2019-cu ildə Gədəbəy rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilmiş, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun inkişafını təmin edən 16 adda tədbirlə bağlı mühüm layihələrin icrasına başlanılmışdır.
 Hesabat ilində rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 4 mln 443 min manat investisiya cəlb edilmişdir.
2019-cu ildə rayonun sənaye potensialına uyğun olaraq Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləməsi nəzərdə tutulan süfrə suları istehsalı, Zəhmətkənddə gündəlik istehsal gücü 1100 kubmetr olan, 14 nəfərin işləməsi nəzərdə tutulan  beton istehsalı   müəssisəsi və Əlinağılar kəndində “Turşsu” istirahət mərkəzi fəaliyyətə başlamışdır. Poladlı kəndində illik istehsal gücü 100 ton qurudulmuş meyvə, 1 ton müalicəvi bitki olan qurudulmuş meyvə, giləmeyvə emalı və müalicəvi bitkilərin qablaşdırılması müəssisəsinin tikintisi davam etdirilir.
Ötən il dövlət vəsaiti hesabına 8 yaşayış məntəqəsində 1930 abonentin təbii qazla təmin edilməsi nəticəsində hazırda rayonun yaşayış məntəqələri üzrə qazlaşmanın səviyyəsi 65 faizə çatmışdır. 
Hesabat ilində dövlət proqramına uyğun olaraq, 180 şagird yerlik 2 saylı Qoşabulaq kənd tam orta məktəbinin tikintisinə və Gədəbəy şəhərində 1 saylı tam orta məktəbin əsaslı təmirinə başlanılmışdır. Köhnəqışlaq kəndində 80, Günəşli kəndində isə 40 şagird yerlik modul tipli məktəblərin tikintisi başa çatmaq üzrədir. Eyni zamanda ötən il Miskinli kəndində 60 yerlik uşaq bağçası istifadəyə verilmişdir.
Zəhmətkənd, Şahdağ, Çalburun kəndlərində yeni tibb məntəqəsi tikilmiş, Arıqıran kəndindəki həkim məntəqəsi əsaslı təmir edilmişdir.
Ölkəmizdə ilk dəfə olaraq Gədəbəydə “Milli yaylaq festivalı” keçirilmişdir. Rayon icra hakimiyyərinin təşkilatçılığı ilə təşkil olunan festivalda 16 ölkədən nümayəndə heyəti iştirak etmiş və tədbirin keçirildiyi 3 gün ərzində 50 mindən çox turist iştirak etmişdir.  
2019-cu ildə Gədəbəy şəhəri ilə ABŞ-ın Oklahoma ştatının Stilluater şəhəri arasında qardaşlaşma memorandumunun imzalanması da rayonun həyatında mühüm hadisədir. 
Məruzə ətrafında çıxışlardan sonra açıq mikrofon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənilmiş, qaldırılmış məsələlər barədə tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Yığıncaqda Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini Niyaz Əliyev çıxış edərək 2019-cu ildə ölkəmizdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Hesabat yığıncağında rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup şəxsə rayon icra hakimiyyəti başçısının  fəxri fərmanları verilmişdir. 
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunmuş, toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

2 Mart 2020 21:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə