Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hamı sağlamlığının qeydinə qalmağa borcludur

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılması qarşısının alınması məqsədilə ölkəmizdə ciddi tədbirlər görülür. Təqdirəlayiq haldır ki, bu sahədə profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında müvafiq dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Bütün xəstəxanaların gücləndirilmiş rejimdə işləməsi təmin olunub. 3 saylı Səbail təcili yardım stansiyasının təcrübəli həkimi Cəfər Yəhyayev bu istqiqamətdə görülən işlərdən danışarkən dedi:

– Azərbaycan Respublikası Səhiyyə nazirinin əmrinə əsasən Bakı şəhərinin bütün təcili yardım stansiyalarında koronavirus təhlükəsi ilə bağlı müraciətləri operativ müəyyən etmək, xəstələrə ilkin tibbi yardım göstərmək məqsədilə növbətçi həkim briqadaları yaradılıb. Həmin həkim briqadaları bütün lazımi dava-dərman ləvazimatları və xüsusi nəqliyyat vasitələri ilə təmin olunub. 
Yeri gəlmişkən, son günlər 3 saylı Səbail təcili yardım stansiyasına sakinlərdən koronovirusa yoluxma ehtimalı ilə əlaqədar bir neçə müraciət daxil olub. Kollektivimiz bu müraciətlərin hər birinə operativ reaksiya göstərib. Xoşbəxtlikdən, dəqiq laborator analizlərdən sonra məlum olub ki, həmin şəxslərin heç biri koronavirus daşıyıcısı deyil. 
Bu günlərdə hamı sanitar-gigiyena qaydalarına ciddi əməl etməlidir. Çünki istənilən çirkli yerə toxunduqda, virusa yoluxma ehtimalı mümkündür. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir. Koronavirusların simptomları axıntılı burun, öskürək, boğaz ağrısı və bəzən hərarət kimi hər hansı yuxarı tənəffüs yoluxmasına bənzəyir. 
Qeyd edim ki, xəstəlik daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir. Bunun inkubasiya dövrü 14 gündür. Məhz həmin müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır. Xəstəliyin ən geniş yayılmış simptomu isə qızdırmadır. Virusa yoluxanlar, həmçinin əzələ ağrısı və tənəffüs problemindən şikayət edirlər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur. 
Hamı profilaktik tədbirlərə fikir verməli, sağlamlığının qeydinə qalmalıdır. Ona görə də aşağıdakı qabaqlayıcı tədbirlərə əməl edilməsi vacibdir: xəstəliyin müşahidə olunduğu ölkələrə səfərlər təxirə salınmalıdır. Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməli, əllər tez-tez yuyulmalıdır. 
Sonda bir məqamı da vurğulamaq istərdim. Əhali ərzağın keyfiyyətinə də diqqətlə yanaşmalıdır. Qida Təhlükəsizliyi Agentliyi haqlı olaraq, vətəndaşları yoluxucu heyvan xəstəliklərindən qorunmaq və xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyə və yalnız rəsmi orqanların yaydığı məlumatlara etibar etməyə çağırıb. 
Bu gün Azərbaycan səhiyyəsi yüksək inkişaf edib. Bizim səhiyyə sistemində peşəkar və fədakar həkimlərimiz çoxdur. Zərrə qədər şübhə etmirəm ki, ölkə səhiyyəsi bu böyük sınaqdan üzüağ çıxacaq. Eyni zamanda, hər bir vətəndaş heç bir əsassız qorxu və təlaş keçirmədən özünün və yaxınlarının sağlamlığının qeydinə qalmağa çalışmalıdır. 

 

Söhbəti qələmə aldı:
M. HACIXANLI,
“Xalq qəzeti”

2 Mart 2020 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə