Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus bənzər viruslardan çox da fərqlənmir

Xəstəlik ağırlaşmalar baş versə də, əksər hallarda sağalma ilə başa çatır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə ­yoluxma hallarına dair martın 1-nə olan məlumatı açıqlayıb. Təşkilatın məlumatında bildirilir ki, Azərbaycan, Ekvador, İrlandiya, Monako və Qətərdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb. Təsdiqlənmiş yoluxma hallarının sayı dünyada 87 min 137 nəfər, Çində 79 min 968 (579 yeni) nəfərdir. Martın 1-dək dünya üzrə 2 min 977 ölüm halı olub. Bu göstəricinin 2 min 873-ü Çinin payına düşür. Çinin xaricində isə 58 ölkədə 7 min 169 yoluxma halı və 104 ölüm halı qeydə alınıb.

Qeyd etməliyik ki, mövsümlə əlaqədar soyuq aylarda həmişə insan orqanizminin ətraf mühit amillərinin (aşağı temperatur, külək, aşağı kalorili qida qəbulu və s.) təsirinə məruz qalması nəticəsində immun sistemi zəifləyir ki, bu da izsiz ötüşmür. Belə ki, xroniki xəstəliklərin kəskinləşməsi, bakterial və virus infeksiyalarına yoluxmanın artması məhz bu mövsümdə baş verir. Virus mənşəli infeksiyalar hər zaman əsasən tənəffüs yollarının zədələnməsi ilə özünü göstərir. Ümumiyyətlə, bəhs edilən viruslar öz nüvə tərkibinə görə iki böyük qrupa bölünür: RNT (ribonuklein turşusu) tərkibli və DNT (dezoksiribonuklein turşu) tərkibli. Hər iki qrup virusların tənəffüs yollarının zədələnməsi ilə müşayiət olunan xəstəliklərə təkanvermə qabiliyyəti var. Xalq arasında “zökəm”, “qrip” və s. kimi tanınan bu xəstəliklərin böyük əksəriyyətinin törədiciləri məhz bu viruslardır. Onu da demək yerinə düşər ki, son zamanlar ciddi təşvişə səbəb olan bəlalı koronavirus da məhz DNT tərkibli virusların bir nümunəsidir.
Elm adamlarının bildirdiyinə görə, koronaviruslar qrupuna bu ad virus başının mikroskopik olaraq tac şəklində olmasına görə verilib. Bioloji qanunauyğunluqlara görə, bu və ya digər virus qrupları vaxtaşırı aktivliyini dəyişir. Bu dəyişməyə təsir edən bir çox ətraf mühit və insan faktoru amilləri var ki, nəticədə bəzən müxtəlif virusların alovlanması baş verir. Bəhs edilən hadisə elm tərəfindən araşdırılmış və o törədiciyə qarşı vaksin kəşf edilmiş olduğu halda xəstəliklə mübarizə daha asan yolla həyata keçirilir. Belə ki, vaksinasiya xəstəliyin qarşısını almaqla bərabər, gedişatını da yüngülləşdirir və bununla baş verə biləcək fəsad ehtimallarının qarşısı alınır.
Onu da təəssüflə qeyd etmək lazımdır ki, görülən bütün tədbirlərə baxmayaraq, hər il yuxarı tənəffüs yolları virus infeksiyaları və onların səbəb olduğu fəsadlar minlərlə insanın ölümünə səbəb olur. Tənəffüs yollarının zədələnməsi ilə müşahidə olunan virus infeksiyalarının ən çox rast gəlinən fəsadları – faringit, laringit, bronxit, pnevmoniya, meningit və digər bu kimi xəstəliklərdir. Adətən, fəsadlı gedişat immun sistemi zəif olanları əhatə edir. Bu kateqoriyaya yaşlılar, qidalanma zəifliyi olanlar (xüsusilə, zülal defisiti), immun defisitli pasiyentlər, davamlı stresə məruz qalanlar, normativə uyğun olmayan, ağır fiziki işdə çalışanlar və s. aiddir. Sadalanan bu amillər immun sisteminin zəifliyi ilə müşahidə olunur ki, nəticədə orqanizmə daxil olan viruslar özlərinin dağıdıcı qüvvəsini tam şəkildə göstərir.
İsrailli alim hesab edir ki, panikaya düşməyə dəyməz. COVİD-19 haqqında bu günə qədər kifayət qədər məlumat olmasa belə, artıq bəzi əsaslandırılmış fikirlər söyləmək olar. Koronavirus ailəsi atipik pnevmaniyanın (SARS) törədicisi kimi tanınır. SARS iki dəfə – 2002 və 2010-cu illərdə epidemiya olaraq aktivləşib.
Hər il olduğu kimi, bu il də anoloji hadisələr baş verir. Vəziyyətin mürəkkəbliyi, hazırda bütün dünyada təhlükəli hesab edilən koronavirusa (COVİD-19) qarşı vaksinin olmaması ilə bağlıdır. Bu da öz növbəsində belə bir ştammın daha əvvəl kütləvi alovlanmaması ilə izah edilir. Vaksinin icadı istiqamətində edilən cəhdlər sözsüz ki, davam etməkdədir. Unutmaq lazım deyil ki, təbiətdə baş verən hadisələr qarşılıqlıdır. İnsan hər hansı bir canlını (viruslar da canlı aləmin bir nümayəndəsidir) məhv etməyə çalışırsa, canlı da öz növbəsində sağ qalmanın yollarını axtarır.
İnsan cəmiyyətinin bu kimi ­infeksiyalardan qorunma yolları dəyişməzdir. Əllərin antiseptiklərlə, dezinfeksiyaedicilərlə yuyulması, qoruyucu tibbi maskaların tətbiqi, sanitar normalara riayət, sosial gigiyena tələblərinə əməl etmə və düzgün qidalanma nəticəsində bu kimi infeksiyaların yayılması və məntiqi olaraq xoşagəlməz fəsadların meydana gəlməsi ehtimalları azalır. İnfeksionistlər bildirirlər ki, koronavirus öz yoluxma qabiliyyətinə görə bənzər viruslardan çox da fərqlənmir, profilaktikası və müalicəsində daha dəyişik metodlar tələb etmir və həyati təhlükəliliyinə görə digər viruslarla eynidir, hələ bəzilərindən zəifdir də deyə bilərik. Bu səbəbdən, yuxarıda qeyd olunan təhlükəsizlik tədbirləri yetərli olmaqla bərabər, əhalinin həyəcanlanmasına lüzum yoxdur. İnfeksiyanın hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq, kütləvi toplanış yerlərindən (konsert salonları, havalanması pis olan qapalı məkanlarda toplantılar və s) uzaq olmaq lazımdır. Gündəlik həyatda birdəfəlik kağız dəsmallardan istifadə, ətraf ­mühitin təsir amillərinə uyğun geyinmək (bədəni soyumaqdan qorumaq), düzgün qidalanmaq (yetərli karbohidrat və zülal qəbulu), xəstəlik əlamətləri (yüksələn bədən hərarəti, asqırma, öskürək, halsızlıq və s.) müşahidə olunan zaman cəmiyyətdən təcridlə bərabər həkim-mütəxəssisə vaxtında müraciət və s. kimi tədbirlər görmək məsləhətdir.
Amma onu da qeyd etməliyik ki, ­COVID-19 infeksiyasının ən kütləvi miqyası hələ də Çində müşahidə olunur. Əksər hallarda, xəstəlik mülayim bir gedişlə xarakterizə olunur və ağırlaşmalar baş versə də, sağalma ilə başa çatır. 
İndiyə qədər tibb aləmi, elm adamları, infeksionistlər belə düşünür və bildirirdilər ki, xəstəliyin ilk əlaməti yüksək temperaturun olmasıdır. Hətta sərhəd-keçid məntəqələrində belə, ölkəyə daxil olanları ilk növbədə temperaturun olub-olmaması ilə ya sərbəst buraxırdılar, ya da karantinə alırdılar. Amma indi başqa məlumatlar verilir. Belə ki, virusun mərkəzi olan Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin anamnezini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam başqa olduğunu müəyyən ediblər. Virusa yoluxmanın ilk əlaməti adi qripə bənzər simptomları özünü xəstəliyin orta mərhələsində, hətta atipik pnevmoniyanın başlanğıcında göstərə bilər.
Koronavirusun ilk əlaməti isə həzm sistemində özünü göstərir: ürəkbulanma, qarında ağrı, ishal, ağciyərlər olan nahiyədə sıxılma, ürək döyüntüsünün artması. Uhanda həkimlər bir çox xəstələrin hətta yüksək temperatursuz xəstəxanaya gətirildiyini bildiriblər. Ona görə qızdırma yoxdursa, koronavirus yoxdur, deyə düşünmək yanlışdır. Koronavirus mütləq bəzi test və analizlərlə dəqiq diaqnoz olunur. 
Ümumdünya Səhiyyə Təşkilatının özünü qorumağın və xəstəliyin yayılmasının qarşısının alınmasının yolları ilə bağlı yaydığı açıqlamada bildirilib ki, aşağıdakı qaydalara riayət etməklə hər kəs özünün və başqalarının sağlamlığını qoruya bilər.
1. Əllərinizi spirt əsaslı bir məhsulla mütəmadi olaraq silmək və ya sabunla yumaq xəstəlikdən qorunmağın əsas qaydalarından biridir. Spirt tərkibli məhsullar və ya sabun əllərin səthindəki bakteriya və virusları öldürür. 
2. Öskürən və ya asqıran insanlardan ən azı bir metr məsafə saxlayın. Çünki kiçik virus damcıları sərbəst olaraq ətrafa yayılır. Belə bir insana çox yaxın olmaq, koronavirus da daxil olmaqla bir çox infeksiyaya yoluxmaq riskini artırır.
3. Mümkünsə əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Əllər gün ərzində bir çox çirkli səthə toxunur və bu, virusun asanlıqla onlara hopmasına imkan yaradır. Əllərdəki viral hissəciklər göz, burun və ya ağıza daxil ola və xəstəlik yarada bilər.
4. Tənəffüs gigiyena qaydalarına ciddi əməl edilməlidir. Bunun üçün öskürəndə və ya asqıranda ağzınızı və ya burnunuzu salfetlə örtün. İstifadə olunan salfet dərhal atılmalıdır. Tənəffüs gigiyena qaydalarına ciddi əməl edərək başqalarını SARS, qrip və COVID-19 kimi virus xəstəliklərindən qorumaq olar.
5. Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Hərarət, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli sağlamlıq klinikasının göstərişlərinə əməl edin. Baş ağrısı və ya burun axması kimi xəstəliyin yüngül əlamətləri olsa belə, sağalana qədər evdə olun. Bu, özünüzü və başqalarını COVID-19 və ya digər virus infeksiyalarından qorumağa kömək edər.
Son olaraq, NASA-nın maraqlı bir məlumatını da nəzərinizə çatdırmağı özümüzə borc bildik. NASA koronavirus epidemiyasının Çində havanın çirkliliyini azaltmağa kömək etdiyini açıqlayıb. “Haber Global”ın məlumatına görə, ­NASA-nın rəsmi “Twitter” hesabında havadakı azot dioksid (NO2) qazının azaldığını göstərən qrafiklər qeyd olunub. Azot dioksid qazı havaya avtomobillər, elek­trik stansiyaları və fabriklər tərəfindən buraxılır. NASA alimlərinin fikrincə, hava əvvəlcə koronavirusun yarandığı Uhan şəhərində və ətrafında, fevral ayının sonunda isə bütün ölkədə təmizlənib. Çində milyonlarla insanın karantində olduğunu qeyd edən NASA bunun dünya tarixində ən böyük belə hadisə olduğunu bildirib. NASA-nın “Goddard Kosmik Uçuş Mərkəzi”nin hava keyfiyyəti üzrə tədqiqatçısı Fei Liu deyib ki, ilk dəfə müəyyən bir hadisədən sonra geniş ərazidə azot dioksid səviyyəsinin bu qədər kəskin azaldığının şahidi oldum.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

2 Mart 2020 21:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə