Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pit Buttiçiç və Tom Steyer mübarizəni dayandırıblar

Saut-Bend şəhərinin sabiq meri və 2020-ci ildə ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasının nominasiyasına iddiaçılardan biri Pit Buttiçiç və milyarder, ekologiya fəalı Tom Steyer prezidentlik kürsüsü uğrunda mübarizəni dayandırıblar. Bu barədə NBC “News” telekanalı məlumat yayıb.

Məlumata görə, Saut-Bend şəhərinin sabiq meri və 2020-ci ildə ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasının nominasiyasına iddiaçılardan olan Pit Buttiçiç Cənubi Karolinada Co Baydenə və Berni Sandersə məğlub olduğu praymerizin xoşagəlməz nəticəsindən sonra bu qərara gəlib.
Məlumat üçün deyək ki, Buttiçiç öz kampaniyası gedişində milyonlarla seçicinin dəstəyini qazanıb. Buttiçiç bir o qədər də tanınan siyasətçi olmasa da, seçkiqabağı kampaniyasının gedişində böyük uğurlar əldə edib və bu ilin fevralında Ayovada keçirilmiş praymerizdə daha təcrübəli demokratları qabaqlayıb.
Milyarder və ekologiya fəalı Tom Steyer Cənubi Karolinadakı praymerizdə Co Baydenin qələbəsindən sonra bu qərarı qəbul edib.
Steyer Cənubi Karolinada öz tərəfdarları qarşısında çıxışında onların dəstəyinə görə təşəkkür edib və Amerika siyasətində iştirakını davam etdirəcəyini vəd edib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

 

Rövşən ATAKİŞİYEV,  “Xalq qəzeti”

2 Mart 2020 21:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə