Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdlibdə “Bahar qalxanı” əməliyyatı uğurla davam edir

Artıq üçüncü gündür ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-şərqindəki İdlib vilayətində Əsəd rejiminə qarşı “Bahar qalxanı” hərbi əməliyyatına başlayıb. 

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib ki, məqsəd Suriya rejiminin dinc insanlara qarşı törətdiyi qətliamın, eləcə də bölgədə radikallaşmanın və köçün qarşısını almaqdır. Nazir sonra bildirib ki, hərbi əməliyyatın ilk iki günü ərzində rejimin 8 helikopteri, 103 tankı, 72 artilleriya qurğusu, 3 hava hücumundan müdafiə sistemi və 2212 əsgəri məhv edilib.
H. Akarın sözlərinə görə, “Bahar qalxanı” əməliyyatı çərçivəsində Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək niyyəti yoxdur: “Rusiyadan gözləntimiz rejimin hücumları dayandıraraq, Soçi razılaşması çərçivəsindəki sərhədlərə çəkilməsi üçün təsir göstərməsidir”.
Bildirilir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın rejiminə məxsus iki qırıcı təyyarəni məhv ediblər. Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, həmin təyyarələr Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə təhdid yaratdıqları üçün vurulub. 
Son məlumatlara görə, Türkiyə Ordusunun aviazərbələri nəticəsində İdlibdə Suriya ordusunun daha 19 əsgəri zərərsizləşdirilib. Əməliyyatlar çərçivəsində rejimin Adnan əl-Mashara və Mahmud Batih Mbesmir adlı generalları da öldürülüb.
Bu arada Türkiyə və Rusiya Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub. “RİA Novosti”nin məlumatına görə, XİN başçıları hər iki ölkə prezidentlərinin baş tutacaq görüşləri barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Suriyanın İdlib vilayətində yaşanan gərginliklə bağlı martın 5-də Moskvada görüş keçiriləcək.

 

M. HACIXANLI, 
“Xalq qəzeti”

2 Mart 2020 21:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə