Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir Putin: Rusiya heç kimlə döyüşməyə hazırlaşmır

Rusiya heç kimlə döyüşməyə hazırlaşmır və elə vəziyyət yaratmağa çalışır ki, başqa ölkələr də Moskva ilə hərbi münaqişəyə girmək niyyətinə düşməsinlər. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib. Məlumatı TASS informasiya agentliyi verib. 

Rusiya lideri agentliyin “Vladimir Putinə 20 sual” layihəsi üçün verdiyi müsahibədə deyib: “Bəli, biz müharibə istəmirik, ancaq həm də müdafiə sahəsində elə vəziyyət yaradırıq ki, bizimlə döyüşmək bir kimsənin ağlına belə gəlməsin”.
Dövlət başçısı bildirib ki, Rusiyanın hərbi büdcəsi həcminə görə dünyada yeddinci yerdədir və bu göstəriciyə görə yalnız ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan geri qalır: “Bundan əlavə, bizim müdafiə ilə bağlı xərclərimiz ildən-ilə azalır. Başqa ölkələrin bu sahəyə ayırdığı xərclər isə çoxalır”.
Bununla yanaşı, Prezident Putin qeyd edib ki, artıq Rusiya müdafiə sahəsində “irəlidə gedənlərə çatmağa çalışan” ölkə rolunda çıxış etmir: “Biz ilk dəfə hücum-zərbə silahlarının istehsalı sahəsində elə bir sistem yaratmışıq ki, dünyanın heç yerində analoqu yoxdur. İndi başqa ölkələr bizə çatmağa çalışırlar. Bu, ümumiyyətlə, unikal bir vəziyyətdir, tarixdə belə bir hal heç zaman olmayıb”. 
Dövlət başçısı fikirlərini dəqiqləşdirərək deyib ki, hər şeydən əvvəl, ölkədə yaradılmış səsdən iti zərbə komplekslərini nəzərdə tutur. Rusiya bu silahların qitələrarası növlərini də yaradıb. 
Putin əlavə edib ki, əgər 2000-ci ildə Rusiya ordusunda xidmət edən şəxsi heyətin sayı 1 milyon 300 min nəfər idisə, hazırda bu rəqəm 1 milyondur və bu, kifayət edir. Onun sözlərinə görə, qoşunlardakı ən müasir texnikanın payı isə 6 faizdən 70 faizə qədər yüksəlib. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

2 Mart 2020 21:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə