Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qocaman ziyalısı, Əməkdar jurnalist Hidayət Zeynalov vəfat edib

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin ölkə mediasında və sosial şəbəkələrdə yaydığı məlumatda bildirilir ki, martın 1-də qocaman ziyalı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Hidayət Əkbər oğlu Zeynalov ömrünün 94-cü ilində dünyasını dəyişib.

Hidayət Zeynalov ali məktəbi farsşünas ixtisası ilə bitirsə də,  taleyini mətbuatla bağlayıb, xalqına xidmətini jurnalistika sahəsində gerçəkləşdirib. Azərbaycanın avanqard  “Kommunist” (indiki “Xalq qəzeti”) qəzeti onun jurnalist fəaliyyətinin basılıca ünvanı olub. Hidayət müəllim gənc yaşlarından bu nüfuzlu gündəlik nəşrdə yaradıcılıq fəaliyyətinə başlayıb, 40 ildən artıq müddətdə  burda çalışıb. O, ştatdankənar müxbirlikdən şöbə müdiri vəzifəsinədək yüksəlib, təqaüdə də bu redaksiyadan çıxıb.

Təcrübəli, təşəbbüskar və məsuliyyətli qələm sahibi olan Hidayət Zeynalov sovet zamanında respublikanın baş mətbu orqanı olan “Kommunist” qəzetinin səhifələrində  yüzlərlə aktual mövzunun peşəkarlıqla işıqlandırılmasında, bir sıra ümumrespublika probleminin qəzet çıxışlarının köməyi ilə həllində jurnalist prinsipiallığı və ziyalı haqsevərliyi ilə iştirak edib. Ustad qələm sahibi onlarca gənc jurnalistin peşə bacarıqlarına mükəmməl yiyələnməsinə və mətbuatda layiqli yer tutmasına bacardığı qədər kömək göstərib.

Məlumatda daha sonra qeyd edilir ki, müasirləri Hidayət Zeynalovu həm də gözəl publisistika nümunələrinin, xüsusən, az yazarın müraciət etdiyi təbiət oçerklərinin müəllifi kimi tanıyıblar. Aktuallığını heç vaxt itirməyən, dövrünün parlaq salnamə nümunələrinə çevrirən bu yazılar dəfələrlə kitab şəklində nəşr olunub. Hidayət müəllimin sənədli yaradıcılıq nümunələrinə dəfələrlə jurnalistikaya aid elmi tədqiqatlarda istinad  olunub, həmin yazıların sənətkarlıq xüsusiyyətləri jurnalist tələbələrə nümunə kimi öyrədilib.

Hidayət Zeynalov dövrünün ən nüfuzlu jurnalist təltifi sayılan “Qızıl qələm” mükafatçısı olub. O, respublikanın əməkdar jurnalisti adına layiq görülmüş  ilk mətbuat işçilərindən biri idi.

Gözəl insan, istedadlı və zəhmətkeş media xadimi, qayğıkeş ailə başçısı Hidayət Zeynalov üçün mətbuat yalnız peşəkar fəaliyyət sahəsi olmayıb, həm də həyatının bütün mənasına çevrilib. Təsadüfi deyil ki, onun ailəsi ölkədə nadir jurnalistika  ocaqlarından biri sayılır. Ömür-gün yoldaşı Məryəm Həsənzadə  uzun illər onunla eyni redaksiyada çalışıb, milli mətbuatın inkişafına çiyin-çiyinə xidmət ediblər.

Zeynalovlar ailəsi o zaman keçmiş SSRİ-də, bəlkə də, yeganə bir yaradıcılıq mikromühiti idi ki, burada hər kəs ixtisasca jurnalist idi. Oğlanları Araz və Aqşin Zeynalovlar, gəlinləri Afaq Vasifqızı və Rəbiyə Şıxəliyeva da tanınmış jurnalistlərdir.  Hidayət Zeynalov əsərləri bestsellerə çevrilmiş gənc yazıçı Elxan Qaraqanın və populyar reper Orxan Zeynallının babasıdır.

Nekroloqun sonunda bildirilir:

-Hidayət Zeynalovun milli mətbuatımıza xidmətdə keçmiş ömür yolu jurnalistlərin jeni nəsilləri üçün örnək şəxsiyyətlərin sırasında həmişə yüksək dəyər və ehtiramla xatırlanacaq.

Allah rəhmət eləsin!

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

2 Mart 2020 17:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə