Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) qarşıda duran hədəf və məqsədlərlə bağlı növbəti iclası keçirilib. İclasda fevral ayının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub. Tədbirdə institut rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov ölkəmizdə təhsilə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərilən diqqət və qayğıdan bəhs edib.

İnstitut rəhbəri vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan yüksək təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən bəhs edib. Tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulmuş layihələr haqqında fikirlərini bölüşüb.

Rektor xarici universitetlərlə əlaqələrin qurulması, ikili diplom, Erasmus+, Mövlanə proqramları ilə tələbələrin xaricdə təhsil imkanları barədə danışaraq, bu yöndə görülən işlərin peşəkar mütəxəssis hazırlama baxımından məqsədyönlü fəaliyyət olduğunu nəzərə çatdırıb.

Zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərinbilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin İnstitutun əsas vəzifələrindən olduğunu nəzərə çatdıran C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər etdiyini, ona göstərilən yüksək inamı və etimadı doğrultmaq üçün bütün imkanları ilə çalışdığını bildirib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

2 Mart 2020 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə