Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənub Qaz Dəhlizi Azərbaycanın böyük tarixi qələbəsidir

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, - mən, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də buraya əlavə edərdim, - onların hər biri strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Dörd seqmentdən – “Şahdəniz  Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan layihə çərçivəsində 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. 

Həmin ilin iyununda isə TANAP qaz boru kəməri istifadəyə verilib, ötən il isə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası isə u]urla davam edir. Yeddi ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında çıxış edən Prezident İlham Əliyev bütün bunlar barədə ətraflı danışıb. Dövlətimizin başçısı nitqində Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndirərək, deyib: “Bu əməkdaşlıq formatının təşəbbüskarı olaraq Azərbaycan böyük qürur hissi keçirir ki, illər ərzində Məşvərət Şurası nəhəng Cənub Qaz Dəhlizi layihəsinin icrasında bizim səylərimizi gücləndirən çox səmərəli işçi mexanizmə çevrilmişdir. Biz bütün tərəfdaşlarımıza, ilk növbədə, Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdarıq...”.
Dövlətimizin başçısı çıxışında, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında fəal dəstək göstərdiklərinə görə, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları hökumətlərinə də təşəkkürünü bildirib. Qeyd edib ki, bu proses Azərbaycanın neft və qaz potensialını xarici investorlar üçün açıq elan etdiyi 1990-cı illərin ortasından başlayıb. O zaman respublikamız Xəzər regionunda xarici şirkətlərə sərmayə yatırtmaq və Xəzərdə neft əməliyyatlarını aparmaq imkanını verən ilk ölkə idi. Ötən 25 ildən artıq müddət ərzində isə Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıq hökumətləri tərəfindən Azərbaycanla sıx tərəfdaşlıq yaradılaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icrasına böyük töhfələr verilib.  
Prezident İlham Əliyev nitqində Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşməsində tərəfdaş ölkələrlə yanaşı, beynəlxalq təşkilatların, o cümlədən Avropa Komissiyasının və dünyada tanınan nüfuzlu beynəlxalq maliyyə qurumlarının fəaliyyətini də yüksək dəyərləndirib: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər banklar, həmçinin özəl banklar. Onların dəstəyi olmadan layihənin icrası mümkünsüz olardı. Başqa sözlə, biz çox nadir əməkdaşlıq formatını müəyyən etdik. Əlbəttə ki, Azərbaycan layihənin təşəbbüskarı, investoru və ev sahibi olaraq bu təşəbbüsə start verdi...”.    
Dövlətimizin başçısı çıxışında Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı işlərin nəzərdə tutulduğu səviyyədə aparıldığını, TAP-ın təqribən 92 faiz həddə yekunlaşdığını və bu ilin sonuna kimi açılış mərasiminin reallaşacağına ümid etdiyini bildirib.  
Azərbaycan Prezidenti  30 ildən daha az bir müddətdə ölkəmizin  beynəlxalq tərəfdaşlarla birlikdə belə bir mühüm təşəbbüsü uğurla gerçəkləşdirdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Cənub Qaz Dəhlizi, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat, habelə digər kəşfiyyat və hasilat layihələrinin hər birinin strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq, respublikamızın, eləcə də tərəfdaş dövlətlərin inkişafını sürətləndirəcəyini diqqətə çatdırıb. 
Dövlətimizin başçısı uğurlara heç də asanlıqla nail olunmadığını, Azərbaycanın bu istiqamətdə çox böyük səy göstərdiyini xatırladıb: “Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyini bərpa etmişdi. Lakin əfsuslar olsun ki, ölkə öz xalqı üçün normal həyat şəraitini təmin edə bilməmişdir. Tam yoxsulluq var idi, iqtisadiyyat durğunluq vəziyyətində idi. Bir çox mürəkkəbliklərə və böyük itkilərə gətirib çıxaran xaotik bir vəziyyət var idi. 1992-ci ildə vəziyyət daha da pisləşdi. O zaman hərbi çevriliş nəticəsində Xalq Cəbhəsi hakimiyyətə gəldi. Deyərdim ki, o zaman fəlakət vaxtı idi. Çünki birillik hakimiyyət Azərbaycanı uçuruma gətirdi. İqtisadiyyat tamamilə məhv edilmişdi, geniş vüsət almış korrupsiya faktiki olaraq bizim yeni əldə etdiyimiz dövlətçiliyimizi pozan amil idi. İnflyasiyanın səviyyəsi 1000 faizdən artıq idi. Ermənistanın işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkün - hesab edirəm ki, o zaman biz adambaşına düşən qaçqınların sayına görə birinci yerdə idik. Ermənistan qüvvələrinin bizim ərazilərimizin bir hissəsini işğal etdiyi zaman Xalq Cəbhəsi hökuməti vətəndaş müharibəsinə, bu korrupsioner rejim azərbaycanlılar arasında müharibəyə başladı. Əldə edilmiş dövlətçilik yenidən risk altında idi. Azərbaycan xalqı bu antimilli rejimi məhv edəndə və Heydər Əliyevi Bakıya dəvət edəndə müdriklik və cəsarət nümayiş etdirdi. 1993-cü ilin oktyabrından, Heydər Əliyev prezident seçiləndən sonra Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymağa başladı. Beləliklə, həmin vaxtdan bəri ölkəmiz siyasi, iqtisadi və sosial sabitik vəziyyətində yaşayır. Regionumuzda və dünyadakı vəziyyətə nəzər yetirərkən, biz yeni münaqişələr, yeni qarşıdurmalar görürük...”. 
Bəli, bu, bir həqiqətdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli formalaşdırılan enerji siyasəti “Əsrin müqavilə”si ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirib.  
Xatırladaq ki, müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi. Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında saziş imzaladılar. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-cu ildə başlanıldı. Əvvəlcə 4 platformadan gündəlik 674 min barrel neft ixrac edildi ki, bunun da 131 min barreli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil olunurdu. Yeni əsrdən etibarən isə Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon barreldən çox artıra bildi.   
“Əsrin müqaviləsi” sonradan 19 ölkənin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. 
İmzalanan neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulan 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyar dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulan ilk tankeri dünya bazarlarına çıxarıldı. Nəticədə enerji resursları ölkəmiz üçün təkcə dövlət gəlirlərinin artması mənbəyi deyil, həm də ciddi geosiyasi alətə çevrildi.
Bu gün haqqında geniş danışılan Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) layihəsi isə təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. 
Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasil edilir. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edir. 
2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq.

 

Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. “Enerjinin İpək yolu” adlandırılan TANAP-la Türkiyəyə indiyədək 4 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib.
TAP boru kəməri isə Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP boru kəməri, həmçinin Cənub-Şərqi Avropa ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.
Ötən ilin noyabrından TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli səkildə nəql edilməyə başlanacaq. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin cari ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.
Kapital xərcləri 4,5 milyard avro olan TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 91 faizi yekunlaşıb. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
Nəhəng infrastruktur layihəsi olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizi bu il tam istismara veriləcək. 
Sonda xatırladaq ki, sözügedən boru kəmərləri zənciri Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək. Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Azərbaycan növbəti – Xəzər dənizi ilə Adriatik dənizinin boru kəməriləri ilə birləşdirilməsi hədəfinin astanasındadır.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

 

1 Mart 2020 10:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə