Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – BMT əməkdaşlığı yüksək səviyyədə inkişaf edir

Azərbaycan Respublikasının 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyduğu  prioritet vəzifələrdən biri də nüfuzlu  beynəlxalq təşkilatlara  üzv olmaq, həmin qurumlarla əlaqələrini genişləndirmək idi.  Bu siyasi kursun əsas məqsədi yenicə  müstəqilliyini bərpa etmiş dövlətimiz üçün, ilk növbədə, dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirmək və milli mənafeləri qorumaq baxımından çox önəmli idi. Çünki gənc müstəqil dövlətimiz öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Təəssüf ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı beynəlxalq qurumlarla əməkdaşlıqda ciddi problemlər yaratmışdır. 

Müstəqilliyimizin ilk illərində – 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv oldu. Təbii ki, müstəqilliyini yenicə qəbul etmiş respublikanın  belə bir nüfuzlu quruma üzv qəbul edilməsi tarixi hadisə  idi.  Bu,  eyni zamanda, Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi şəkildə tanınması demək idi. Bu qurum dünyanın nüfuzlu təşkilatlarından hesab olunurdu. Elə indi də belə qəbul olunur. Bunu ali qurumun məqsəd və prinsipləri də təsdiqləyir. BMT-nin məqsədlərinə beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində  əməkdaşlığın həyata keçirilməsi, eləcə də, insan hüquqları və  azadlıqlarına hörmətin təşviq edilməsi daxildir. Prinsiplərinə gəlincə isə buraya  üzv dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsinə əsasən götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı və  təşkilatın  məqsədlərinə zidd olan hər hansı bir şəkildə güclə hədələməmə və ya güc tətbiq etməmə, Nizamnaməyə əsasən BMT tərəfindən aparılan fəaliyyətə üzv dövlətlər tərəfindən dəstəyin göstərilməsi və s. kimi məsələlər daxildir.
Bu, məqsəd və  prinsipləri rəhbər tutaraq, habelə, uzunmüddətli milli mənafelərdən çıxış edərək,  müstəqil Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə, ona qarşı Ermənistan  tərəfindən edilmiş  hərbi  təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli  məsələlər də qarşıda dururdu. O cümlədən regional səviyyədə bölgədə əmin - amanlıq və sabitliyin bərqərar edilməsi nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən  idi. Müstəqilliyin  ilk illərindən  demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşuları və  digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmində idi. Bu yolda BMT kimi nüfuzlu qurumlara  üzv olmaq çox vacib idi. Təəssüf ki, bu yolu layiqincə davam etdirmək iqtidarında olan rəhbər yox idi. Ona görə də  BMT və digər beynəlxalq təşkilatlarla əlaqə çox zəif idi. 

 

Yeni mərhələnin başlanğıcı


Ulu öndər Heydər Əliyevim   siyasi hakimiyyətə qayıdışı BMT və digər beynəlxalq qurumlarla  əməkdaşlıqda yeni mərhələnin  başlanğıcı hesab olunur.  Söz yox ki, 1993- cü ildə BMT Təhlükəsizlik Şurası  Ermənistanın silahlı qüvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnamə qəbul etmişdi, ancaq bu qurumla əməkdaşlıqda soyuqluq  özünü açıq şəkildə büruzə verirdi. Ölkəmizin  BMT  ilə münasibətlərinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsində  ulu öndər Heydər Əliyevin siyasi  fəaliyyəti,  təşkilatın Baş Məclisindəki çıxışlarının böyük rolu oldu. O  vaxtdan   başlayaraq,  Azərbaycanla BMT arasında əməkdaşlıq həm sistemli xarakter aldı, həm də  ölkəmizin müstəqil dövlətçilik maraqlarına tam cavab verdi.
1994-cü il sentyabrın 30-da  Heydər Əliyev ilk dəfə BMT Baş Məclisinin iclasında nitq söylədi. O, çıxışında Azərbaycan Respublikasının mövcud siyasi - iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan etdi. Ulu öndər Ermənistanın ölkəmizə qarşı təcavüzü haqqında geniş məlumat verərək, bunun nəticəsində Azərbaycanın düşdüyü çox ağır vəziyyəti BMT üzvlərinin diqqətinə  çatdırdı.
Heydər Əliyev həmin nitqində bir il sonra 50 illiyini qeyd edəcək BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tədbirlər görməli olduğunu bildirdi. Azərbaycan dövlət başçısı bu məsələdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin əsas götürülməsinin vacib olduğunu söylədi. O, Ermənistanın öz müqəddəratını təyinetmə hüququndan yararlanaraq Azərbaycanın ərazi bütövlüyünü pozmaq istəməsinin yolverilməz olduğunu  dedi.
1995 - ci il oktyabrın 22- də  Heydər Əliyev BMT - nin 50 illiyi münasibətilə Baş Məclisdə ikinci çıxışında bu nüfuzlu təşkilatın  fəaliyyətinin dünya üçün əhəmiyyətli olduğunu  diqqətə çatdırdı.  Bununla bərabər   Ermənistanın BMT qətnamələrini hələ də yerinə yetirmədiyini bir daha xatırlatdı.  Azərbaycan Prezidenti nitqinin sonunda təcavüzə qarşı çıxdığını və bir daha sülh tərəfdarı olduğunu bəyan etdi: "Azərbaycan xalqının iradəsini ifadə edərək, bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik”. 
Təşkilatın  Azərbaycanla digər sahələrdə də əlaqələr qurduğunu və münasibətləri inkişaf etdirdiyini  təntənəli tədbirdə bəyan edən ulu öndər  dedi: “Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə... fəxr edirik”.
BMT qətnamələrinin yerinə yetirilməsi təmin olunmasa da, Ermənistanın hərbi təcavüzünün nəticələrinin yüngülləşdirilməsi üçün bu təşkilat müvafiq humanitar fəaliyyət göstərib. Hərbi təcavüz nəticəsində öz yerlərindən zorla çıxarılmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin çətinliklərinin aradan qaldırılması üçün BMT - nin müxtəlif qurumları əhəmiyyətli yardım edib.

Azərbaycanın BMT ilə əməkdaşlığı  getdikcə yeni səviyyədə sistemli xarakter aldı. Nəticədə, Azərbaycan BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qura bildi. Ölkəmiz onun seçkili orqanlarında, alt komitələrində, ixtisaslaşmış və digər qurumlarında kifayət qədər fəaldır. Azərbaycan 1995-ci ildən başlayaraq, BMT-nin çox sayda komissiya və şurasına üzv qəbul edilib və orada kifayət qədər aktiv fəaliyyət göstərir. Ölkəmiz, həmçinin  BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının da üzvüdür, o cümlədən təşkilatın   ixtisaslaşmış və digər qurumları ilə də yaxın əməkdaşlığı diqqəti çəkir.

 

BMT-nın fəal üzvü kimi

 

2003-cü ildən başlayaraq, Azərbaycanın xarici siyasət kursu yeni mərhələyə qədəm qoydu.  Prezident İlham Əliyevin müəyyən etdiyi hücum taktikası Azərbaycan diplomatiyasının uğurlarını  daha da artırdı, ölkəmizin beynəlxalq aləmdəki reytinqini yüksəltdi. Dövlətimizin başçısı  xarici səfərlərində, həmçinin nüfuzlu beynəlxalq qurumların tədbirlərindəki  çıxış və  nitqlərində, o cümlədən dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində  Azərbaycanın  qüdrətləndirilməsi və  daha da inkişaf etdirilməsi üçün aydın  istiqamətlər müəyyən edir, ölkəmizin   heç bir dövlətdən asılı olmadığını, müstəqil siyasət yeritdiyini bəyan edir, bununla da dünya birliyinin diqqət mərkəzinə çevrilir.  Möhtərəm Prezidentimizin  xarici siyasətdə müəyyən etdiyi hücum taktikasının icra edilməsində də bu nümunənin şahidi oluruq. Nüfuzlu beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq dövlət başçımızın  xarici siyasətinin priortetinə çevrildi. Ölkə rəhbərinin mötəbər qurumların, o cümlədən BMT –nin tədbirlərində tarixi faktlara söykənən kəskin tənqidi, cəsarətli, qətiyyətli çıxışları, ölkəmizə və onun başçısına olan marağı daha da artırdı. Azərbaycanın BMT ilə isti münasibətlərinin olmasına baxmayaraq, Prezident İlham Əliyev həmin qurumun ali kürsüsündən bu təşkilatı da qəbul etdiyi qətnamələri icra etməməsi və ikili standartlara laqeyd münasibətinə görə kəskin tənqid etməkdən çəkinməyib. Hələ 2003-cü ilin sentyabrında o vaxt Azərbaycan Respublikasının Baş Naziri olan cənab İlham Əliyev BMT Baş Assambleyasının  58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.
2004-cü ilin sentyabrında  isə Azərbaycan Prezidenti kimi  BMT Baş Assambleyasının 59-cu sessiyasında çıxış edən cənab İlham Əliyev  respublikamızın maraq dairəsində olan bir sıra mühüm məsələlərə, ilk növbədə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. Məhz Azərbaycan Respublikasının təşəbbüsü  ilə  2004-cü il  noyabrın 23-də  Baş Assambleyanın  59-cu sessiyasının gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 163 nömrəli bənd daxil edilmişdir. Həmin bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılması üçün münbit şərait yaratmışdır. 
Dövlət başçısının  uğurlu siyasi kursunun  məntiqi davamı olaraq  Baş Assambleyanın 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edildi. Bu sənədlərdə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad edilir və göstərilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması qəbuledilməzdir. Bundan əlavə, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin təxribatlar törətməsi, dağıntılar yaratması, təbiətə zərər vurması qətiyyətlə pislənilir.

 

BMT Təhlükəsizlik Şurasına sədrlik 

 

Azərbaycanla BMT arasındakı  əlaqələr getdikcə daha da genişlənmiş, ölkəmizin demokratik  ənənələrə sadiqliyi, sülhsevər siyasət yeritməsi,  bütün azadlıqların təmin olunmasında göstərdiyi qətiyyət  BMT tərəfindən yüksək dəyərləndirilir. Ölkəmizin BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə  fəal  iştirakı,  təşkilatın  mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfələr verməsi, beynəlxalq  terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı  xüsusi qeyd edilir. Bütün bunlar  2011- ci ildə özünü  daha açıq şəkildə büruzə verdi. Həmin il  Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürərək ,155 ölkənin dəstəyi ilə  BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi.  Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdi. Həmin vaxt cəmi 20 illik müstəqillik təcrübəsi olan ölkə üçün bu, tarixi nailiyyət oldu. 
Prezident İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə  reytinqinin yüksəlməsi, eləcə də  BMT-də böyük etibar qazanmasının əlaməti idi. Ölkəmizin müxtəlif vaxtlarda iki dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi də müstəqillik tariximizə əbədi yazılan tarixi nailiyyətdir. 
Hazırda respublikamız  sivil və  demokratik əməkdaşlığa üstünlük verən dövlət kimi BMT çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən proqramların bəşəriyyətin rifahına xidmət etməsinə öz töhfələrini verir. Bütün  bunlar bir daha təsdiqləyir ki, BMT ilə Azərbaycanın əməkdaşlığı 28 ildir ki, yüksək səviyyədə inkişaf edir və  getdikcə güclənir. Bu, həm nüfuzlu beynəlxalq təşkilat, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi qəbul edilir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

1 Mart 2020 10:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə