Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sevastopol radiosunda “Muğam axşamı”

Sevastopol şəhər radiosunun “Qobustan” proqramının yaradıcısı və aparıcısı, Həbib Vəliyev bugünlərdə redaksiyamızın qonağı oldu. Söhbət əsnasında məlum oldu ki, Həbib müəllim 22 ildir Krım vilayətində, efirdə Azərbaycan musiqisini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini, tarixini, ölkəmizin müasir inkişafını, eləcə də xalqımızın haqq işini yorulmadan təbliğ edir. “Qobustan”ın 22 il ərzində keçdiyi yola bir daha nəzər yetirdi, qarşılaşdığı çətinliklərdən, Sevastopolda yaşayan ermənilərin bu proqramın efirə getməməsi üçün min cür fitnə-fəsada əl atdıqlarından söhbət açdı. Dedi ki, 250-ci verilişi bütünlüklə muğama həsr edib. Necə deyərlər, Sevastopol radiosunda əsl “Muğam axşamı” təşkil olunub. 

Həbib müəllim Sevastopolda Azərbaycan dilində “Qobustan” proqramının yaranma səbəblərindən də söhbət açdı və bir daha 22 il əvvəl baş verənləri xatırladı. Dedi ki, o vaxt Bakının Xətai rayonunda müəllim işləyirdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq planının reallaşdırılmasına başlanıldığı 1988-ci ildən etibarən xalqımızın başına gətirilən müsibətlər, ərazilərimizin bir-birinin ardınca işğalı onu çox narahat edirdi. Bu, azmış kimi, hiyləgər ermənilər xarici ölkə mətbuatında ünvanımıza böhtanlar yağdırır, Azərbaycan xalqını vəhşi, qaniçən kimi təqdim edirdilər: “Məni daha çox yandırıb-yaxan o idi ki, torpağı işğal olunun, hər şeyi ermənilər tərəfindən talan edilən, şəhərləri, qəsəbələri, kəndləri viran qoyulan, tarixi-mədəni abidələri məhv edilən biz olduğumuz halda, xarici ölkə mətbuatı ermənilərin uydurmalarına inanıb bizi günahkar, vəhşi adlandırırdı. Həmin dövrdə ulu öndər Heydər Əliyev xarici ölkələrdəki Azərbaycan diasporunun qarşısında ermənilərin bu fitnə-fəsadlarına qarşı bir bayraq altında birləşməyi, Azərbaycan həqiqətlərini, xüsusilə ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımı, terror aktlarını, vandalizmi və işğalçılıq siyasətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmağı əsas vəzifə kimi qoymuşdu”.
H.Vəliyev dedi ki, ulu öndərin bu çağırışına qədər xaricdəki Azərbaycan diasporunun nümayəndələri pərakəndə fəaliyyət göstərir, yaşadıqları ölkələrdə mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi istənilən səviyyədə təbliğ etmirdilər. Bu da ermənilərin əl-qolunu açır, hər yerdə azərbaycanlıları vəhşi, mədəniyyətsiz xalq kimi təqdim edirdilər. Belə bir vaxtda ulu öndərin çağırışına qoşulmağı özümə borc bildim və qarşıma belə bir məqsəd qoydum ki, bu məsələlərdə yaxından iştirak etməli, milli-mənəvi dəyərlərimizin təbliği ilə məşğul olmalıyam: “İş elə gətirdi ki, həmin vaxt Krım vilayətinin Sevastopol şəhərində yaşayan bir tanışımdan məktub aldım. O, məni Sevastopolda yaşayan azərbaycanlı uşaqları üçün məktəb açmaq məqsədilə həmin şəhərə dəvət edirdi. 1996-cı ilin yanvarında bu dəvət əsasında Ukraynaya getdim. Burada yerli diasporumuzun nümayəndələri ilə birlikdə azərbaycanlı uşaqlar üçün məktəb açdıq. Sevastopolda yaşadığım ilk gündən yerli radionun proqramlarını ardıcıl izləyirdim. Şəhər radiosunda ermənilərin xüsusi proqramı yayımlanırdı. Onlar öz verilişlərində tez-tez, yeri gəldi-gəlmədi xalqımız haqqında təhqiramiz sözlər deyir, bizi vəhşi xalq kimi təqdim edirdilər. 
Bundan sonra radionun redaktorunun yanına getdim. Dedim ki, Bakıdan gəlmişəm,  ziyalıyam, sizə bir sualım var. Mənə elə bir xalq göstərin ki, adamyeyən olsun? Redaktor cavabında dedi ki, dünyada belə bir xalq yoxdur. Dedim ki, əgər belədirsə, ermənilər azərbaycanlıları vəhşi, adamyeyən xalq kimi təqdim edirlər, bəs niyə susursunuz, niyə bu fikirlərin efirdə səsləndirilməsinə şərait yaradırsınız?
Sonradan məlum oldu ki, radionun redaktoru ermənilərin dediklərini eşitməyib. Məsələdən xəbərdar olandan sonra həmin verilişi hazırlayan əməkdaşları tənbeh etdi və erməni cəmiyyətinin nümayəndələrinə belə bir verilişi efirə verdikləri üçün kəskin iradını bildirdi.
H.Vəliyev dedi ki, o, redaktora yerli radioda Azərbaycan dilində proqramın açılmasını təklif edib. Redaktor bu təklifi qəbul edib və deyib ki, biz heç kimin yolunu kəsməmişik, buyurun gəlin, proqram açın. Bir şərtlə ki, efirə münaqişəli verilişlər vermək olmaz. Yalnız mədəniyyətinizi təbliğ edə bilərsiniz. “Mən də öz növbəmdə söz verdim ki, efirdə Azərbaycan mədəniyyətindən bəhs edən verilişlər səsləndirəcəyəm. Siz də görəcəksiniz ki, Azərbaycan xalqı necə yüksək mədəniyyətə, zəngin tarixi keçmişə, böyük istedada malikdir”. 
Həmin vaxtdan başlayaraq, Sevastopol radioda Azərbaycan dilində “Qobustan” poqramı efirə çıxdı. Azərbaycan musiqisi, mədəniyyəti, incəsənəti, adət-ənənələri, muğamı bu proqram vasitəsilə geniş təbliğ olunub. Tezliklə özünə böyük dinləyici auditoriyası toplayan “Qobustan” proqramı ermənilərin təzyiqi ilə üzləşib. Lakin Həbib müəllimin iradəsi, bir də verilişə olan böyük maraq ermənilərin hücumunun qarşısını alıb və “Qobustan” getdikcə daha çox dinləyici toplayıb. Artıq 250 dəfə efirə çıxan bu proqramda əsasən, qədim mədəniyyətimiz və tariximiz, muğam, mahnılar və klassik ədəbiyyat, şifahi xalq ədəbiyyatı, milli bayramlar, adət-ənənələrimiz, Nizami Gəncəvinin humanist ideyaları, müasir Azərbaycan şair və yazıçıları haqqında verilişlər, Naxçıvanın qədim abidələri, ziyalıları, alimləri, Şamaxı, Qobustan, Gəncə haqqında, Tərtər, Qax, Zaqatala, Şəkidə yaşayan azsaylı xalqlar, dini kəlamlar, islami dəyərlər, Azərbaycanın uşaq müğənniləri haqqında verilişlər efirə gedib.
Sonuncu veriliş isə bütünlüklə Azərbaycan muğamının təbliğinə həsr olunub. Həbib müəllim deyir ki, artıq nəinki Sevastopolda, hətta Krım vilayətində də Azərbaycan muğamına böyük rəğbət var. Sevastopol radiosunda təşkil olunan “Muğam gecəsi”ndə bir daha səsləndirildi ki, Heydər Əliyev Fondu, xüsusilə fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın muğamın təbliğinə xüsusi diqqət və qayğı göstərməsi, muğam müsabiqələrinin keçirilməsi Azərbaycan muğamını dünyada tanıdıb: “Habil Əliyevin, Ramiz Quliyevin, Ağasəlim Abdullayevin, Bəhram Mansurovun, Canəli Əkbərovun, Alim Qasımovun və digərlərinin muğam haqqında səsləndirdikləri fikirlər, həmçinin ifaları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Muğam müsabiqəsinin keçirilmə səbəbləri haqqında söylənilən fikirlər, həmçinin müsabiqə iştirakçılarının ifaları maraqla dinlənildi. Müsabiqənin münsiflər heyətinin üzvlərindən Xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Əlibaba Məmmədov və Arif Babayelə aparılan müsahibələrdə Azərbaycan muğamının qədimliyindən və incəliklərindən söhbət açıldı”.
H.Vəliyev dedi ki, Sevastopolda Azərbaycan muğamına böyük maraq var. Krım Opera və Balet Teatrının artisti Yekatrina İvanovanın “Bayati-Şiraz” muğamı haqqında söylədiklərini dinlədikdə adama elə gəlir ki, sanki hansısa azərbaycanlı musiqi tədqiqatçısı muğam haqqında fikirlər səsləndirir. Y.İvanova deyir ki, Allah muğamı Azərbaycan xalqına hədiyyə göndərib. Onu qorumaq lazımdır!
“Qobustan” proqramı Azərbaycanla Krım arasında dostluq körpüsü rolu oynayır. Bu dostluq körpüsünün fəal təbliğatçısı olan Həbib Vəliyev bir neçə il əvvəl dünyanın 700 jurnalistinin iştirakı ilə keçirilən müsabiqənin qalibi olmuş, “Beynəlxalq laureat” diplomuna və “Gümüş qələm” medalına layiq görülmüşdür.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

4 Avqust 2018 22:00 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə