Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici mətbuat Azərbaycanda parlament seçkiləri barədə

Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan 9 fevral – parlament seçkiləri beynəlxalq medianın diqqətindədir. Bir çox xarici KİV nümayəndələri ölkəmizdə seçki prosesini izləyərək işıqlandırmışlar. Rusiyanın TASS, RİA “Novosti” agentlikləri, “Arqumentı i faktı” qəzeti kimi çox nüfuzlu media orqanları seçki prosesinə dair materiallar vermişlər. TASS və RİA “Novosti”nin “İlham Əliyev Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində səs verdi” sərlövhəli xəbərlərində qeyd edilir ki, ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva övladları ilə birgə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs veriblər. 
“RİA Novosti” agentliyinin yayımladığı “Azərbaycan parlamentində seçki proseduru” sərlövhəli məqalədə Azərbaycanda qanunverici orqana seçki prosedurunun özəllikləri, namizədlər üçün qanunvericiliklə müəyyən edilmiş tələblər və digər önəmli məsələlər işıqlandırılıb. Məqalədə vurğulanır ki, 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasına əsasən, qanunverici hakimiyyəti Milli Məclisə seçilən 125 deputat təmsil edir. Deputatlar majoritar seçki sisteminə əsasən ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. 
Agentlik bildirir ki, 2020-ci il fevralın 9-da keçirilən parlament seçkisi ölkə tarixində ilk növbədənkənar parlament seçkisidir və seçiləcək parlamentin fəaliyyət müddəti beş ildir.
Seçki Məcəlləsinə əsasən, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının seçki hüququ var. Qeyd edilir ki, daimi olaraq, Azərbaycanda yaşayan, lakin vətəndaşlığı olmayan şəxslər də Milli Məclisə seçkilərdə iştirak edə bilərlər.
Məqalədə, həmçinin deputatlığa namizədlər qarşısında qoyulan tələblərdən də bəhs edilir. Qeyd edilir ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.
Türkiyə mediası da ölkəmizdə parlament seçkilərini işıqlandıran əcnəbi KİV sırasında olub. Türkiyənin nüfuzlu “Hürriyyət” qəzeti “Azərbaycanda xalq seçki qutusu qarşısında” sərlövhəli məqalə dərc edilib. Məqalədə vurğulanır ki, seçkidə 125 yer uğrunda 1314 deputatlığa namizəd mübarizə aparıb. Azərbaycanda seçkini 78 minə yaxın yerli müşahidəçi izləyib, bundan başqa, 883 beynəlxalq müşahidəçi parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçib. Qeyd edilir ki, SSRİ-nin dağılmasından sonra müstəqilliyini yenidən qazanmış Azərbaycan xalqı Milli Məclis üzvlərini seçmək üçün 6-cı dəfədir ki, seçkilərdə iştirak edir.
Türkiyənin “Anadolu” agentliyi “Azərbaycanda keçirilmiş parlament seçkisini işıqlandırıb. Agentlik deputatlığa namizədlərin 299-nun qadın olduğunu qeyd edir.
Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə səs verməsi də Türkiyə mediasının diqqətində olub. Prosesi “Anadolu” agentliyi ilə yanaşı, bir sıra xarici KİV nümayəndələri də izləyiblər.
“Anadolu” agentliyi, həmçinin Türkiyənin Ali Seçki Komissiyasının (Yüksek Seçim Kurulu) sədri Muharrem Akkayanın Azərbaycan parlament seçkilərini müşahidəçi kimi izlədiyini vurğulayıb. Akkaya rəsmi şəxslərlə birgə müxtəlif seçki məntəqələrinə baş çəkib, vətəndaşların səsvermə prosesində fəallığını izləyib, vətəndaşlarla söhbətləşib. Təəssüratlarını bölüşən M.Akkaya MSK-nın dəvəti ilə Bakıda olduqlarını bildirərək müşahidələrinə əsasən seçki prosesinin qaydasında baş tutduğunu vurğulayıb: “Hər şey mükəmməl idi. Heç bir problem görmədik. Seçkinin demokratiya ab-havasında keçməsini arzulayır, Azərbaycan xalqına xeyirli nəticələr gətirməsini diləyirik”.
Avstriyanın “Kurier” saytı “Azərbaycanda parlament seçkisi” sərlövhəli məqalə dərc edib. Məqalədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aralıq hesabatına görə, MSK-nın seçkini müşahidə edəcək şəxslər və KİV üçün mütəmadi görüşlər keçirdiyi, DTİHB-in seçki müşahidə missiyası ölkəyə vaxtında dəvət olunması vurğulanıb.
 Qeyd edilib ki, hakim partiya ilə yanaşı, digər siyasi təşkilatlar, o cümlədən müxalifət partiyaları üçün eyni şərait və imkanlar yaradılıb. Qeydiyyata alınmış 1637 namizəddən 272-si 19 fərqli siyasi partiyanı təmsil edir. Bu, geniş rəqabət imkanının, plüralist mühitin bariz əlaməti sayıla bilər.
Məqalədə, həmçinin Ermənistanla Azərbaycan arasındakı mövcud münaqişə xatırladılır və qeyd edilir ki, Ermənistanın hərbi təcavüzü səbəbindən işğal edilmiş Azərbaycan ərazilərinə düşən 10 seçki dairəsində səsvermə baş tutmayacaq:”Ermənistan tərəfindən işğal edilmiş həmin ərazilərdəki seçki məntəqələri 1993-cü ildən Azərbaycanın digər bölgələrinə köçürülüb. Bu ərazilərdən olan məcburi köçkünlər öz bölgələrinin namizədlərinə xüsusi təşkil edilmiş seçki məntəqələrində səs verəcəklər. Məsələn, Ermənistanın işğalı altında olan yalnız Xankəndi seçki dairəsindən 9 namizəd qeydiyyata alınıb. MSK ilə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması isə Azərbaycanın bu bölgəsindən olan erməni vətəndaşları da səsvermə hüququndan istifadə etməyə çağırıb.”
ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelinin sözlərinə görə, beynəlxalq təşkilatlar bu seçkiyə böyük maraq göstərib.
Məqalə müəllifi Azərbaycanda növbədənkənar parlament seçkisinin ölkədə gedən islahatlar prosesinin tərkib hissəsi sayıldığını qeyd edib. DTİHB-dən olan müşahidəçilər bu seçkinin siyasi arenaya yeni simaların çıxması üçün fürsət olduğunu düşünür.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

10 Fevral 2020 13:12 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə