Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mikrorayonlarda seçici fəallığı hökm sürür

Bakı şəhərinin mərkəzi hissəsini əhatə edən Nəsimi rayonunda seçkilər 3 dairə üzrə  keçirilir. 21 saylı Seçki Dairəsi paytaxtın iri yaşayış massivlərindən sayılan mikrorayonları əhatə edir.  Müasir ictimai-mədəni təyinatlı binalarda yerləşən seçki məntəqələrində hələ ötən illərdən seçkiləri demokratik, şəffaf və seçici fəaqallığı şəraitdə keçirmək üçün hər cür şərait yaradılmışdır.

Dairə və məntəqə seçki komissisiyaları da seçkidən-seçkiyə peşəkarlıq və təcrübəsini artırmış, ölkənin siyasi həyatının bu önəmli kampaniyalarının qanunvericiliyin tələblərinə, əhalinin istəklərinə uyğun təşkil olunmasını və  keçirilməsini təmin etmişdir. Altıncı cağırış  Milli Məclisə seçkiyə də hazırlıq yüksək səviyyədə aparılmışdır. Bütün bunların nəticəsidir ki, havanın qəfil soyumasına baxmayaraq, fevralın 9-da dairə ərazisindəki məntəqələrin qarşısında əvvəlki seçkilərdə olduğundan da artıq canlanma müşahidə olunurdu. Bunun da səbədi aydındır: Milli Məclisə bu dəfəki seçkiyə daha çox namizəd qoşulmuş, onların apardığı geniş təşviqat kampaniyası seçici fəallığını  xeyli  artırmışdır.

...Son illərdə yüksək səviyyədə təmir edilmiş 5 saylı məktəbdə yerləşən 15 saylı seçki məntəqəsində səsvermə prosesi ilk dəqiqələrdən ahəngdar start götürdü. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə müşühidəçilərin də sayı ikiqat çox idi. 1277 seçicinin ərazidən deputatlığa 10 namizəddən kimə üstünlük verməsini müəyyən edəcək bugünkü  proses həmin müşahidəçilərin gözləri qarşısında davam edirdi. Onların hamısı məntəqədə seçkiyə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və səsvermənin qanunun tələblərinə uyğun davam etdiyini söylədilər. Adları seçki bülleteninə daxil edilənlərin əksəriyyəti müstəqil namizəd olduğu kimi, onların maraqlarını qoruyan müşühidəçilərin də çoxu “müstəqillər”dir.

İçəridə baş verənləri bütünlüklə görməyə imkan verən bir guşədə əyləşmiş müşahidəçilərdən Rövşən Süleymanov, Nərminə Quliyeva, Cabbar Əliyev, Süleyman Əkbərov eyni sözü təkrarladılar: “Seçicilər sərbəst səs verirlər, qanun pozuntusu olmayıb”. Namizədlərdən birinin təmsilçisi Günel Natiq isə xeyli qabağa çıxmışdı. Bu gənc qız, necə deyərlər, komissiya üzvlərinin başının üstünü kəsdirmiş və hər şeyə biraddımlıqdan, nəfəsdərmədən göz qoyurdu. Uzun dəhlizin sonundakı şəffaf qutuların üstündə isə veb-kamera səsvermənin gedişini bütün aydınlığı ilə qeydə alır və kənar audutoriyalara ötürür.

Bayırda toplaşan seçicilər qrup-qrup içəri buraxılır, komissiya üzvlərinə yaxınlaşanlar sənədlərini təqdim edir, barmaqlarını açıq mürəkkəblə işarələdirdilər. Sonra onlar büllüten alıb sıralanmış kameralara keçir, gizli surətdə seçim edəndən sonra qatlanmış kağızı şəffaf qutulardan birinə atırdılar. Arxa qapıdan məntəqəni tərk edənlərdən biri ilə ayaqüstü söhbət etdik. İxtisasca mühəndis olan ortayaşlı seçici Əsəd Əsədov dedi:

–Biz əvvəllər namizədlərin kimliyi ilə o qədər də maraqlanmırdıq. Necə deyərlər, deputat səsi xeyli asan qazanırdı. İndi isə namizəd çoxdur, onların vədləri də müxtəlifdir. Lakin məsələ  şirin vəd verməkdə deyil. Əvvəl elə namizəd olub ki, seçicilər sonradan o deputatlarla bir dəfə də görüşməyiblər, hətta televiziyada da üzlərini görüb, səslərini eşitməyiblər. Onların yerinə bizim mikrorayonlarda əhalinin problemlərini dövlət başçısı, Heydər Əliyev Fondu, şəhər və rayon rəhbərliyi aradan qaldırıblar. Ona görə də bu dəfə görəcəyi işlərə məni inandırmış namizədə səs verdim.

Prezident İlham Əliyevin ölkədə apardığı idarəetmə qurumlarındakı islahatların da əsasında məhz bu məsələ dayanır: xalqla dövlətin bir-birinə daha da yaxın olması. Bu baxımdan biz budəfəki parlamentdən, yeni deputatımız olacaq şəxsdən daha artıq təşəbbüskarlıq, işgüzarlıq gözləyirik.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

9 Fevral 2020 16:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə