Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Seçki Komissiyasında parlament seçkilərinin başlamasına dair mətbuat konfransı keçirilib

Bu gün fevralın 9-da Azərbaycanda VI çağırış Milli Məclisə seçkilər keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan olunduqdan sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün fəaliyyətini Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirir.

Məzahir Pənahov deyib ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçiriləcək. 125 dairənin 10-u məcburi köçkün dairələridir. 340 min 689 məcburi köçkün 523 məntəqədə səs verə biləcək. 5573 məntəqədən 1000 məntəqədə veb-kamera quraşdırılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.

Sədr qeyd edib ki, 5 milyon 329 min 460 vətəndaş 9 fevral parlament seçkilərində səsvermə hüququndan istifadə edə biləcək.

MSK sədri diqqətə çatdırıb ki, parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq. Qeydə alınanlardan 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Ümumilikdə partiya mənsubiyyəti olan namizədlərin sayı 305-dir. Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır. Parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət etmişdi. Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin isə namizədliyi ləğv edilib.

Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say baxımından, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır.

Sədr bildirib ki, parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırır. Bu KİV-lər 47 ölkəni təmsil edirlər. ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdən gələn təmsilçilər daha çoxdur. Beynəlxalq jurnalistlər parlament seçkilərində yerli mətbuat nümayəndələri ilə eyni hüquqa malikdir. Onlar da yerli jurnalistlər kimi heç kimdən icazə almadan sərbəst şəkildə seçki məntəqələrinə daxil olub informasiya toplaya bilərlər.

Məzahir Pənahov, həmçinin qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına daxil olan 47 müraciətin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub. Doqquz nəfərin namizədliyi bərpa olunub, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib. Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş vətəndaşlardan beşinin namizədliyinin qanunvericiliyə görə qeydə alınması mümkün olmayıb. Müraciət edənlərdən 13 nəfərinin namizədliyi isə əmlakla bağlı məlumatları səhv verdikləri üçün qeydə alınmayıb.

“Xalq qəzeti”

9 Fevral 2020 08:58 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə