Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsi davam etdirilir

Azərbaycanda epizootik tədbirlər planına uyğun olaraq iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı “S-19” ştammı ilə peyvəndləmə davam etdirilir. Bu peyvəndləmə iribuynuzlu heyvanlarda göz-damla üsulu ilə aparılmaqla “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin “Heyvan sağlamlığı və baytarlıq subkomponenti” olan bruselyoz xəstəliyi əleyhinə mübarizə tədbirləri çərçivəsində həyata keçirilir.

Sentyabrın 17-dən etibarən Dövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin mütəxəssisləri iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmənin gedişatını, peyvəndləmənin təlimata uyğun həyata keçirilməsini və keyfiyyətini qiymətləndirmək məqsədi ilə Neftçala, Masallı, Salyan, Qusar, Lənkəran, Saatlı, İmişli, Ucar, Şəmkir və Qazax rayonlarında olublar.

Tədbir çərçivəsində rayonların hər birində 3-8 yaş qrupuna daxil olan, S-19 ştammı ilə peyvənd edilən, 21 gündən sonra qanında immunitetin gərginliyini müəyyən etmək üçün seroloji müayinə aparılması nəzərdə tutulan 30 baş iribuynuzlu heyvana fərdi qaydada birka (heyvanın qulağına vurulan sırğa) vurulub.

Cari ilin ötən 8 ayı ərzində Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. Bruselyoz xəstəliyinə qarşı 1471330 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 366947 baş iribuynuzlu heyvanda “S-19”  vaksini ilə peyvəndləmə işləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin ilk 8 ayı ərzində 518760 baş iribuynuzlu, 150764 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Hazırda ölkə ərazisində bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 Sentyabr 2018 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə