Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunan beynəlxalq konfrans

AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı ilə "Kondensə olunmuş hal fizikasının müasir istiqamətləri" (MTCMP-2018) mövzusunda beynəlxalq konfrans keçirilib. www.science.gov.az saytı yazır ki, iki gün davam edəcək tədbir Azərbaycan Elmlər Akademiyasının (EA) keçmiş prezidenti, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunub.

Konfransı AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açaraq tədbirin Prezident İlham Əliyevin "Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında" 14 iyul 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu deyib. Bildirib ki, H.Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib.

Daha sonra Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov "Görkəmli alim və elm təşkilatçısı" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, H.Abdullayev Azərbaycanda bərk cisimlər fizikasının inkişafında, yarımkeçiricilər elektronikasının və yüksək texnologiyaların geniş sürətdə müasir həyata tətbiqində əvəzsiz rol oynayıb. O, H.Abdullayev tərəfindən ilk dəfə selen düzlən­diricilə­rində bağlayıcı təbəqənin əmələ gəlməsinin, elektroformovka və onun pozul­ması prosesinin fiziki təbiətinin müəyyənləşdi­rildiyini diqqətə çatdırıb. H.Abdullayevin 13 monoqrafiya və 500-dən artıq elmi məqalənin, eləcə də 40-dan çox ixtiranın müəllifi olduğunu deyən C.Abdinov alimin rəhbərliyi altında 100 fəlsəfə və 20 elm­lər doktorunun hazırlandığını söyləyib.

Konfransda daha sonra Meksika Milli Avtonom Universitetinin Riyaziyyat İnstitutunun professoru Natiq Atakişiyev və AR Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova çıxış edərək H.Abdullayevin Azərbaycanda nəzəri fizikanın inkişafındakı xidmətlərdən danışıb, eləcə də onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir öz işini bölmə iclası ilə davam etdirib. İclasda Yaponiyanın Chiba Texnologiya İnstitutunun əməkdaşı Kazuki Vakitanın "CuInS2 və CZTS-nin fotovoltaik səth analizləri" və Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunun nümayəndəsi Aleksandr Levçenkonun "Klassik və kvant mayenin səthində dalğa və vorteks hərəkətləri" mövzusunda məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans öz işini sentyabrın 26-da başa vuracaq.

                                           

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 Sentyabr 2018 10:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə