Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antiazərbaycan qüvvələrin bəd niyyətləri ürəklərində qalacaq

Bu il Azərbaycan dövləti və xalqı üçün əlamətdar və qürurverici tarixi hadisəni yaşadıq. Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin yaradılmasının və Azərbaycan Ordusunun, polisinin 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi, bütün dünyanın şahid olduğu Bakıdakı möhtəşəm hərbi parad ölkəmizin qüdrətini və gücünü bir daha beynəlxalq aləmə nümayiş etdirdi.

 Bir vaxtlar ulu öndər Heydər Əliyev xaricə səfərlərində ölkəmizin tanıdılması üçün söhbətlər aparır, xəritədə gənc müstəqil ölkəni göstərirdisə, indi artıq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq ictimai-siyasi tədbirlərin, konfrans və simpoziumların, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, “Eurovision” mahnı müsabiqəsi kimi möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib. Regionda həyata keçirilən TAP, TANAP kimi önəmli enerji layihələrində Azərbaycanın rolu həlledicidir.

 Beynəlxalq güclər Azərbaycanın iqtisadi və siyasi qüdrətini qəbul edir və onunla hesablaşırlar. Lakin son zamanlar günü-gündən güclənən və nailiyyətlər əldə edən Azərbaycan dövlətinin nüfuzuna xələl gətirmək, cəmiyyətdəki sabit və tolerant mühiti pozmaq məqsədilə sosial şəbəkələrdə antiazərbaycançı qüvvələrin “fəallığı” diqqət çəkir. Əlbəttə, burada məqsəd və niyyət aydındır: ölkəmizdə tarixən formalaşmış multikultural və tolerant ənənələrə zərbə vurmaq, qarşıdurma yaratmaq və sabitliyi pozmağa nail olmaq. Odur ki, bu qüvvələr sosial şəbəkələrdə “virtual qəhrəmanlıq” edərək, öz bədxah niyyətlərinə nail olmağa cəhd edirlər. Ancaq unutmaq olmaz ki, indiyə kimi heç bir radikal və ekstremist yönümlü çağırış və fikirlər cəmiyyətdə dəstək görməyib. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, bu çağırışların arxasında ölkənin və dövlətin qüdrətini sarsıtmaq cəhdi, cəmiyyətdə xaos yaratmaq istəyi dayanır. Buna isə Azərbaycan xalqı heç vaxt yol verməz.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının siyasi nüfuzunun daha da yüksəlməsi, dünya miqyasında regionun lider dövlətinə çevrilməsi xalqımızın işıqlı sabaha doğru inamla addımlaması deməkdir.

Azərbaycanın inkişaf və tərəqqisini istəməyən radikal ünsürlərin hətta din amilindən öz çirkin ambisiyaları üçün istifadə etməsi də cəmiyyətdə etirazla qarşılanır. Sülhü və insanlığı, mərhəməti təbliğ edən İslamın radikal ünsürlərin alətinə çevrilməsi qəbuledilməzdir. Antiazərbaycan qüvvələrin xaosa və qarşıdurmaya yönəlmiş çağırışlarına dövlətini və millətini sevən hər bir Azərbaycan vətəndaşı, gənci “yox!” deyir.

Dünya təcrübəsi göstərir ki, sosial ünsiyyət üçün nəzərdə tutulmuş sosial şəbəkələrdə radikal, ekstremist, zorakılıq və xaosu təbliğ edən fikirlərin yayımlanması və ondan qorunmaq məsələsi aktualdır. Əminəm ki, Azərbaycan əleyhinə canfəşanlıq edən, sosial bazası olmayan qüvvələrin niyyətləri iflasa uğrayacaq. Çünki Azərbaycan dövlətçiliyinə bağlı vətəndaşlarımız hər zaman öz dövlətinin yanındadır.

Aydın Mirzəzadə,
Milli Məclisin deputatı

4 Avqust 2018 10:37 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə