Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir

Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə həsr edilmiş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirmişdir ki, hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artırılması, orta aylıq pensiya məbləğinin isə 293 manata çatdırılması planlaşdırılır. O, həmçinin qeyd etmişdir ki, aparılan optimallaşma, eyni zamanda, əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin olunacaq.

Məlumdur ki, sosial siyasət məsələləri Prezident İlham Əliyevin rəhbərliyi dövründə həmişə prioritet olmuş, vətəndaşların rifahının yüksəlməsi həllivacib amil kimi ön planda dayanmışdır. Ölkəyə rəhbərlik etdiyi 16 ildə dövlət başçımızın imzaladığı fərman və sərəncamların böyük hissəsi məhz əhalinin aztəminatlı təbəqəsinin – şəhid ailələrinin, məcburi köçkünlərin, əlillərin, tələbələrin, əhalinin azimkanlı təbəqəsinin və digər həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Maaşların 7 dəfə, pensiyaların 9 dəfə, minimum əməkhaqqının 6,5 dəfə artması dediklərimizi təsdiq edir. Məcburi köçkünlər və şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və bu kateqoriyaya aid digər şəxslər növbəlilik əsasında hər cür şəraiti olan ev və maşınla təmin olunmuşlar. 
Əhalinin sosial müdafiə məsələlərinin gücləndirilməsindən danışanda, cari ildə həyata keçirilən və bu sahədə inqilabi addımların atılmasını təmin edən, 4 milyon 200 min vətəndaşı əhatə edən iki mühüm sosial islahat paketindən söz açmamaq olmaz. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılıb ki, bu da Azərbaycan Prezidentinin ölkə vətəndaşının rifahına xüsusi diqqətinin və qayğısının göstəricisidir.
Məlumdur ki, dövlət başçısı 2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını öncədən bəyan etmişdi. Prezidentin bu ilin ilk aylarında təqdim etdiyi və 830 min insanın yararlandığı birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 180, pensiyanın minimum məbləği isə 160 manata çatdırılmışdı. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılmışdı. Bundan başqa, sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü -- sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Ümumilikdə, cari ilin ilk rübündə reallaşdırılan və dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.
İkinci sosial paketi əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamlar, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərdi. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu. "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 250 manata çatdırıldı. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış oldu. Buna görə də ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyərək, ondan 70 manat və ya 40 faiz çox oldu. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Digər tərəfdən, 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının qaldırılmasına səbəb olan bu artımın 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlara ünvanlanıb. Qeyd edək ki, həmin 950 min nəfərin heç də hamısı 250 manatdan aşağı əmək haqqı alanlar deyil və onların mühüm bir hissəsi maaşları 250 manatdan yuxarı olanlardır. Vahid tarif cədvəlinin ilk pilləsi minimum əməkhaqqından başladığından, minimum əməkhaqqı artanda həmin cədvələ uyğun olaraq, digər əməkhaqqı səviyyələri də zəncirvari qaydada artmış olur.
18 iyun 2019-cu il tarixində imzalanan digər sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq - mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da cari il sentyabrın 1-dən 20--100 faiz səviyyəsində artırılıb. Ümumilikdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. 
Artıq ikinci sosial paket çərçivəsində Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 200 manata çatdırılması təmin edilib. Bu, cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan ikinci mühüm addımdır. Ümumilikdə, həm minimum pensiyanın artımı, həm də dövlət sektorunda əməkhaqlarının artımı 750 min pensiyaçını əhatə edib. Nəticə etibarilə iyun ayında həyata keçirilən sosial islahat paketi 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verib.
Oktyabrın 15-də Azərbaycan Prezidentinin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı demişdir: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək”. 
Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ­Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 4 milyard 825 milyon manat məbləğində proqnozlaşdırıldığını, bunun cari ilə nisbətən 16,9 faiz çox olduğunu, 697 milyon manat əlavə vəsaitin məhz əhalinin ödənişlərinə yönəldiləcəyini vurğulayıb. Ümumi sosial sığorta yığımlarında 22,5 faiz artımın olduğunu bildirən nazir fondun gəlirlərində qeyri-büdcə təşkilatlarının payının artdığını bildirib. Eyni zamanda, qeyd edib ki, əhaliyə ödənişlər 4 milyard 684 milyon manat məbləğində olacaq. Yəni, ümumi gəlirlərin 97,1 faizi məbləğində və bunlardan da əmək pensiyalarının ödənişi 4 milyard 570 milyon manat təşkil edəcək. Ümumi artım 16,6 faiz -- 651 milyon 700 min manat məbləğində gözlənilir. İndeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaq. Bununla bağlı vətəndaşlara əlavə 475 milyon manat vəsait ödənilməsi planlaşdırılır. Eyni zamanda, məcburi sosial sığorta haqları hesabına 114 milyon manat müavinət ödəniləcək. 
Qürur duyulası faktdır ki, minimum əmək pensiyasının 200 manata çatdırılması ilə ölkəmiz MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdədir. Eyni zamanda, orta aylıq pensiya alıcılıq qabiliyyətində də ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər. Sosial müdafiə sahəsində aparılan islahatların, həyata keçirilən layihələrin, reallaşdırılan proqramların məqsədyönlü icrasının nəticəsidir ki, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərən ölkəmiz yeniləşir, müasirləşir və yeni iqtisadi model üzərində işləyir. Əsas məqsəd odur ki, ötən illərdə olduğu kimi, gələn il də vətəndaşların rifahının yüksəldilməsi yolunda davamlı işlər aparılsın, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

23 Noyabr 2019 15:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə