Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlər qəbul imtahanlarında 700 bal toplamış abituriyentlərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu AMEA Mərkəzi Elmi Kitabxanasında 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirib.

www.science.gov.az saytı yazır ki, görüşdə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu,  BDU-nun Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərli, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Famin Salmanlı, Bilik Fondunun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibətilə, həmçinin əldə etdikləri yüksək nəticəyə görə təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra təbrik üçün söz alimlərə verilib.

Akademiklər Nərgiz Axundova, Vaqif Fərzəliyev, Möhsün Nağısoylu, Cavad Abdinov, Yusif Məmmədov, professor Anar İsgəndərli və Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev yüksək nailiyyət qazanan tələbələri, onların valideynlərini və müəllimlərini təbrik ediblər. Onlar qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə alimlərin bir araya gəlməsinin təqdirəlayiq hal kimi dəyərləndiriblər.

Müstəqil həyata qədəm qoyan tələbələr tanınmış elm xadimlərinin elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdikləri dəyərli tövsiyələri dinləyib, onları maraqlandıran suallara ətraflı cavab alıblar.

Sonda alimlər 700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələrini təqdim ediblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Sentyabr 2018 15:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə