Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni arxeoloji kəşflər aparılır

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Əlibaba Babayevin rəhbərlik etdiyi Salyan-Biləsuvar arxeoloji ekspedisiyası Salyan, Biləsuvar və Yardımlı rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparıb. 

www.science.gov.az saytı yazır ki, ekspedisiya Salyan rayonunun Qırxçıraq yaşayış yerində Ələt-Astara magistral yolunun sol tərəfində, vaxtilə Rəşid Göyüşov tərəfindən arxeoloji qazıntılar aparılan sahənin davamında və Babazanli küp qəbirlərinin yerləşdiyi ərazilərdə tədqiqatlar aparıb. Arxeoloji qazıntılar zamanı təndir, ocaq yerləri, yaşayış binalarının qalıqları, IX-XV əsrlərə aid olan müxtəlif təyinatlı saxsı qabların hissələri, həmçinin metal, şüşə və s. qalıqları, dibək daşı və iki ədəd üzəri ərəb yazısı ilə işlənmiş daş plitələr aşkar edilib.

Biləsuvar rayonunda arxeoloji kəşfiyyat işləri rayonun Bəydilli kəndi ərazisindəki qəbiristanlıqda yerləşən Yedditəpə abidəsindən birində aparılıb. Abidənin orta hissəsi çökmüş formadadır. Kəşfiyyat işləri zamanı ilk orta əsrlər dövrünə aid olan çox zəif mədəni təbəqə aşkarlanıb. Belə qənaətə gəlinib ki, həmin təpəliklərdən Sasani işğalları dövründə gözətçi (müşahidə) məntəqələri kimi istifadə olunub. Azərbaycan-İran sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Turağay təpəsindəki kəşfiyyat işləri isə abidənin ilk orta əsrlər dövründə iri bir kəndtipli yaşayış məskəni olduğunu söyləməyə əsas verir.

Ekspedisiya işlədiyi dövrdə Yardımlı rayonundakı təsadüfi tapıntılarla əlaqədar həmin bölgədə olub, Peştəsər dağ silsiləsində yerləşən, Güm-güm adlandırılan, müxtəlif ölçülü altı ədəd mağaranı qeydə alıb. Ən böyük mağara Baş Köül (boşluq) adlandırılır. Bundan əlav , mağaraların yerləşdiyi yerin ətəyindəki ərazidə dənli bitkilərin əzilməsi üçün iri dibək daşı, həmçinin xırman yeri, Kəhriz bulağı adlanan ərazidə bir ədəd iri katakomb qəbir, Peştəsər dağ silsiləsində orta əsrlərə aid gözətçi yerləri, yaxınlıqda yerləşən Köhnə Arvana yaşayış yerində dairəvi daş qutu qəbirlər, orta əsrlərə aid daha bir qəbiristanlıq  qeydə alınıb. Bu abidələr “Ayı nəsti” adlanan qayanın ətəyində yerləşir.

Bölgədə arxeoloji tədqiqatların növbəti mövsümdə davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, ekspedisiyada institutun şöbə müdiri, arxeoloq, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov da iştirak edib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

17 Sentyabr 2018 15:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə