Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmi Şuranın iclasında dissertasiya mövzularının müzakirəsi aparılıb

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının 8-ci iclası keçirilib. 

www.science.gov.az saytı yazır ki, tədbirdə dissertasiya mövzuları müzakirə olunub, tədqiqatçılara işlərini kamilləşdirmək üçün müəyyən tövsiyə və iradlar bildirilib. Tədbirdə elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Kamil Adışirinovun “Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi-mədəni mühitinin rolu (1900-2015-ci illər)”, Azərbaycan Dillər Universitetinin dissertantı Aytən Hacıyevanın “İngilis və Azərbaycan dillərində folklor frazeologiyası”, Azərbaycan Dillər Universitetinin doktorantı Dürrə Həşimovanın “İngilis dilinin Britaniya variantının leksikonunun üzvlənməsi prinsipləri” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq olunub.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Rəna Hüseynovanın “German dillərində feilin zaman kateqoriyasının diaxroniyası (Azərbaycan dili ilə müqayisədə)” mövzusu isə iddiaçının doktoranturaya qəbul edildiyi ixtisasa tam uyğun gəlməsi məqsədi ilə cüzi dəyişikliklə “German dillərində feilin zaman kateqoriyasının diaxroniyası” şəklində təsdiq olunub.

Ümumilikdə, iclasda 4-nün adında dəyişiklik edilməklə 22 mövzu təsdiq edilib.

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları, professorlar - Aida Qasımova, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Hüseyn Həşimli, Qorxmaz Quliyev, Rəhilə Qeybullayeva, Qulu Məhərrəmli, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Sentyabr 2018 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə