Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aşıq Ədalətin vəfatının ildönümü Qazaxda böyük təntənə ilə anıldı

Sentyabrın 15-i Qazaxda daha bir tarixi gün yaşandı. Hər kəsin Dədə Ədalət deyə müraciət etdiyi Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun vəfatının birinci ildönümü burada böyük təntənə ilə qeyd olundu. Bəri başdan qeyd edək ki, rayon icra hakimiyyəti bu tədbirə xüsusi hazırlıq görmüşdü və həmin gün Dədə Ədalətin sazına, sözünə, şəxsiyyətinə, sənətinin böyüklüyünə dəyər, qiymət verənlər, onun yolu ilə getməyi özünə borc bilənlər bu tarixi günə şahidlik etmək üçün bir yerə toplaşmışdılar. Hələ sağlığında belə ölməzliyi qazanmış Dədə Ədalətin Ağköynək kənd qəbiristanlığında uyuyan qəbrinin başına toplaşanlar sanki öz mənəvi borclarını qaytarmaq üçün gəlmişdilər. Böyük ustadın bir il öncə dəfn günündə yaşanan izdiham həmin gün bir daha təkrar olundu...

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, ədalətsevərləri salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün bütün Azərbaycan xalqı, eləcə də  qazaxlılar tarixi bir günü yaşayır. Azərbaycan mədəniyyətiə, elminə, sözünə, sazına 60 ildən çox xidmət göstərmiş Dədə Ədalət bu gün  xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, Dədə Ədalət, onun sazı, hər şeydən qiymətli olan şeirləri də var. Xalq nə Ədaləti, nə də onun sazının qüdrətini heç zaman unutmayacaq. Rayon rəhbəri bildirdi ki, bu gün təkcə böyük ustadın ailəsinə deyil, bütün Azərbaycan xalqına, qazaxlılara, Ədalət sevərlərə başsağlığı verirəm.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirdi ki, bu gün dahi şəxsiyyətin, sazı, sözü ilə ürəklərdə özünə taxt qurmuş, xalqın sevgisini qazanmış Dədə Ədalətin ziyarətinə toplaşmışıq. Bu abidə hər birimiz üçün ziyarətgahdır. Ədalət sevərlər üçün isə bir töhfədir.

Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirdi ki, burada Ədalət haqqında söylənən fikirlərdən bir daha əmin oldum ki, bu gün təkcə Ədalətə deyil, saza, sözə abidə qoyulub. Bir ziyalı kimi saza, sözə verilən qiyməti görəndə xalqımla fəxr etdim. Bu gün qazaxlılar fəxr edə bilərlər ki, Dədə Ədalət xalqı tərəfindən sağlığında dəyər qazandı və tarixə düşdü. Səməd Vurğun sözdə necə öz möhrünü vurdusa, Ədalət də sazda öz möhrünü vurdu və xalqının qəlbində əbədiyaşarlıq qazandı.

Akademik Teymur Bünyadov isə böyük ustad haqqında fikirlərini bu cür ifadə etdi:

- Mən Ədalətdən söhbət açan zaman Xalq yazıçısı Mirzə İbrahimovun ustad haqqında dediyi sözlər yadıma düşür. "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünyanın mədəniyyət meydanına çıxa bilərdik”. Bəli, bu gün əminliklə deyə bilərəm ki, Azərbaycan Ədaləti ilə, təkcə onun "Yanıq Kərəmi”si ilə bütün dünyada tanınır. Budur, Azərbaycan xalqının və sözünün böyüklüyü.

Rayon rəhbərinin gördüyü işlərdən söz açan akademik onu da qeyd etdi ki, bugünkü tədbir və Ədalətə qoyulan abidə görülən bütün işlərin şah əsəri oldu. Buna görə minnətdarlığını bildirdi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycanda Ədalət Nəsibovun anım günü deyil, ziyarətgah günüdür. Qazaxda 15 sentyabr Dədə Ədalətin ziyarət günü kimi tarixə düşdü.

Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan birlik sədri bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirdi. Ötən həftə Xaçmazda şəxsiyyətlər parkında büstü qoyulan Dədə Ədalətin bu gün açılışını etdiyimiz abidəsinin qoyulmasını qazaxlıların öz ustadına verdiyi ən böyük dəyər kimi qiymətləndirdi. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

O,Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi olaraq Dədə Ədalətin irsinin lazımi səviyyədə qorunduğunu və gələcək nəsillərə təbliğ olunması istqamətində  mühüm işlər görülüyünü qeyd etdi. Rayon rəhbərinin aşıq sənətinə verdiyi qiymətdən söz açan M.Qasımlı Dədə Ədalətlə yanaşı, digər aşıqlara da yüksək qiymət verildiyini bildirdi. Aşıq Ələsgər və Aşıq Şəmşirin də sənətinə böyük ehtiramla yanaşdığını bildirdi.

"Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bugünkü günün bütün qazaxlılar üçün bir töhfə olduğunu dedi, Ədalətin təkcə sazı ilə deyil, eyni zamanda, insanlığı, şəxsiyyəti ilə xalqın qəlbində yaşadığını qeyd etdi.O, Ədalətə qoyulmuş abidəni, saza qoyulmuş abidə kimi qiymətləndirdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev dahi şair Səməd Vurğun haqqında deyirdi ki, o, şairlər şairidir. Bu gün isə Dədə Ədalət haqqında böyük fəxrlə deyə bilərik ki, o, aşıqlar aşığıdır. Çünki bundan sonra aşıq sənətinə neçə-neçə aşıqlar gəlsə də Ədalət hər zaman birinci olacaq.

Sonra söz Dədə Ədalət məktəbindən bəhrələnən aşıqlara verildi. Aşıq Əli Quliyev, Avdı Musayev və Şaiq İncəli Dədə Ədalətin könüllər oxşayan ifalarını qəbri üstündə səsləndirdilər.          

Sonda Aşıq Ədalət Dəlidağlının ifasında vaxtilə Dədə Ədalətin möhrünü vurduğu "Yanıq Kərəmi” mahnsının sədaları altında abidənin üzərindəki ağ örpək götürüldü və ədalətsevərlər abidə qarşısında öz ehtiramlarını bir daha bildirdilər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 

 


 

 

 

 

17 Sentyabr 2018 15:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə