Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz yaşlı nəsil belə paradı çox arzulamışdıq

Dünən Azərbaycan paytaxtı öz tarixinin ən şərəfli səhifələrindən birinin  yubileyini bayram etdi. Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə “Azadlıq” meydanında keçirilən hərbi parad bizim gənc nəsil üçün sadəcə tarixə sədaqət, dünənə ehtiram kimi qəbul edilə bilərdi. Çünki Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra dünyaya gələn övladlarımız türk xalqı, Türkiyə ilə o qədər də həsrətli günlər yaşamayıblar. Biz isə 70 ildən artıq bir dönəmdə nəinki Türkiyəni görmək, hətta hansısa bir türklə ünsiyyət, təmas qurmağın həsrətində olmuşuq. 
Dünən isə Türkiyə Cümhuriyyətinin  Prezidenti Rəcəb Tayyib Ərdoğan da, qardaş ölkənin ən mühüm dövlət atributlarından olan qüdrətli Türk bayrağı da, Türkiyə Ordusunun yüksək rütbəli zabitləri də Bakıda idilər, çoxsaylı türkiyəli qonaqlar, mətbuat təmsilçiləri də. Azərbaycan paytaxtının səmasında isə “Türk şahinləri” öz məharətləri ilə düşmənin bağrına çalın-çarpaz dağ vuran  manevrlər edirdilər... Dünən Azərbaycan paytaxtının böyük cah-cəlalı var idi. 
 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq  şəhəri düşmən  qüvvələrinin işğalından azad etmişdi. Prezident İlham Əliyevin dediyi kimi, Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
Bu möhtəşəm tarixin 100 illiyini böyük siyasi, iqtisadi, hərbi və elmi-texniki nailiyyətlərlə qeyd edən Azərbaycan dövləti bayram günü öz qardaşını yanında görməkdən böyük məmnunluq hissi yaşadı. Mən parada televiziya vasitəsilə baxdım. Dövlət başçılarının çıxışlarında deyilənlər, hərbçilərin nümunəvi çıxışları nə qədər möhtəşəm, əzəmətli olsa da, mənim üçün ən böyük fəxr, iftixar gətirən məqam qardaş ölkə prezidentlərinin belə bir tarixi gündə yanaşı əyləşməsi idi. 
Dövlət başçımızın dönə-dönə təkrarladığı bir ifadə var: “Türkiyə nə qədər qüdrətlidirsə, Azərbaycan da bir o qədər qüdrətlidir”. Mən dünənki paradda həmin ifadənin təsdiqini gördüm. Dünən bir daha fəxr etdim ki, aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb. Türkiyənin 100 il qabaqkı  həmin arxa, dayaq durmaq kimi müqəddəs əməli Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq. Allah bu qardaşlığı bizə çox görməsin!

Tofiq BAKIXANOV, 
Xalq artisti, professor

16 Sentyabr 2018 01:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə