Ən son xəbərlər
Oktyabrın 19-da metronun “28 May” stansiyasının qarşısında qanunsuz mitinq keçirmək istəyən “görkəmli hüquqşünas” , “millət fədaisi”, “mətin inqilabçı”, AXCP sədri Əli Kərimli və onun tərəfdarları saxlanıldı. Əvvəcədən öyrədilmiş bir neçə qadın polisləri söyərək onlara hücum etdilər. Lakin təxribat baş tutmadı. Hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində bir qrup etirazçının təxribat törətmək, iğtişaş yaratmaq cəhdləri boşa çıxdı. Ən əsası isə Əli Kərimlinin “dahiyanə” məkrli planı həyata keçmədi.
Özünü müxalifətin lideri kimi qələmə verən Əli Kərimli və onun adamları polislər tərəfindən saxlanıldı. Əli Kərimli buraxıldıqdan sonra “Osmanqızı TV”yə müsahibə verərək ona işgəncələr verildiyini bildirdi. Lakin Daxili İşlər Nazirliyinin Baş hospitalının baş həkimi İ. Babaxanov bildirdi ki, Əli Kərimli tam müayinə olunub. Ona tibbi arayış verilib. Səhhəti normaldır. Əli Kərimliyə heç bir işgəncə verilməyib.
Sevinc Osmanqızı isə yenə də savadsızlığını büruzə verərək boş-boş çərənlədi.
Özünü “tarix elminin Herodotu” sayan qondarma milli şuranın sədri, əslində isə Əli Kərimlinin köməkçisi funksiyasını yerinə yetirən, III qrup əlil Cəmil Həsənli “Osmanqızı TV” ilə özünü bir daha gözdən saldı. Hüquqşünas Aslan İsmayılov isə biabırçı müsahibəsi ilə özünü rüsvay etdi.
Qeyd edək ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qubad İbadoğlu və onlara dirijorluq edən Sevinc Osmanqızı bir məqsədə xidmət edirlər. Müstəqil, suveren, regionun lider dövləti olan Azərbaycan Respublikasında siyasi sabitliyi pozmaq, iğtişaş yaratmaq, ölkəni və xalqı uçuruma aparmaq. Ermənipərəst qüvvələr isə onlara bu işdə maddi və mənəvi yardım edirlər.
Lakin ölkəmizdə siyasi sabitlik möhkəmdir. Nə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid kimi qorxaq və satqınlar, nə də digərləri ölkəmizdə siyasi sabitliyi poza bilməzlər. Azərbaycanın sükanı möhkəm əllərdədir.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə