Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sösial məsələlər üzrə Məşvərət Şurasının iclası keçirilib

Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başlayıb. Həmin dövlətlərin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda məqsəd üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərin, dövlətlərarası əməkdaşlıq və gələcək fəaliyyətin istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi ilə bağlı müzakirələrin, məlumat və təcrübə mübadilələrinin aparılmasıdır.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevi, Sonra Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarını anıblar.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə inqilabi islahatların baş verdiyi bir ildə ölkəmizin belə br mötəbər tədbirin məkanı kimi seçildiyini məmnuniyyətlə qeyd edib. O, hazırkı iclasın gündəliyində dayanan məsələlərlə əlaqədar ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatları diqqətə çatdırıb. Bildirib ki, 2003-cü illə müqayisədə Azərbaycanın ÜDM-i 3,4 dəfədən, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb. Cari ildə minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşa şamil edilib.

S.Babayev nazirliyin tərkibində DOST Agentliyi yaradıldığını vurğulayıb, ilk DOST Mərkəzinin açıldığını deyib. 5 ayda müraciət edənlərin sayı 40 mindən çox olub. Bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır.

Nazir ölkəmizdə 2018-ci ilin sonlarında istifadəyə verilən, 16 altsistemi, 2 reyestri birləşdirən vahid “e-sosial” portalı  barədə məlumat verib, qeyd edib ki, işə qəbul olunanların, işsiz və iş axtaranların qeydiyyatı, avtomatlaşdırılmış iş bankı və Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən bütün elektron xidmətlər bu altsistemdə əhatə olunur. Oktyabr ayının sonunda Məşğulluq alt sistemi tam istifadəyə veriləcək. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına, sosial yardım (VEMTAS) və əlilliyin qiymətləndirilməsi (TSERAS) üzrə e-sistemlər isə Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafatlarına layiq görülüb.

S.Babayev Azərbaycanın yeni Məşğulluq Strategiyası, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin ölkəmizdə icra olunan və artıq 38 min işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunduğu “İşsizin dostu” proqramı barədə məlumat verib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlərə görə oktyabrın 1-nə özəl sektorda əmək müqavilələrinin sayı 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb.

Sahil Babayev bu görüşün MDB ölkələrinin sosial rifahının artması naminə Məşvərət Şurasının inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.

İclasda həmçinin, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli,  Milli Məclisin Regional məsələlər komitəsinin və MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli, Belarus Respublikasının əmək və sosial müdafiəsi nazirinin birinci müavini Loboviç Andrey Valentinoviç çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Oktyabr 2019 12:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə