Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tütünçülük yüksək gəlir gətirən ənənəvi sahədir

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixi əhəmiyyət kəsb edən aqrar islahatlar uğurla həyata keçirilməyə başlandı və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldı. Ötən əsrin 90-cı illərinin ikinci yarısından etibarən bu sahədə irəliləyişə nail olundu. Aqrar islahatlar sayəsində azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan yeni sistemə uğurlu keçid təmin edildi.

Bu gün artıq ölkəmiz özünün müasir inkişaf mərhələsinə daxil olub. Bu inkişafın əsasında Prezident İlham Əliyev tərəfindən müasirləşməni, iqtisadi inkişafı və sosial rifahı təmin edən siyasi kurs dayanır. Aqrar sahə də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qəbul edilən siyasi qərarlar kənd təsərrüfatının inkişafını tənzimləyir, torpaq adamlarına dəstək mexanizmləri geniş tətbiq olunur. 
Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıqlar da uğurla icra edilir. İyulun ­31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədəki çıxışında ölkə rəhbəri ilin ilk yarısında aqrar sahədə 13 faiz, bitkiçilikdə 25 faiz artım olduğunu bildirib. Dövlət başçısı, həmçinin ənənəvi sahələr üzrə stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradıldığını, əkin sahələrinin genişləndirildiyini vurğulayıb. 
Uzun illər diqqətdən kənarda qalan tütünçülük çox gəlirli sahə sayılır və ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin birinci dönəmində bu sahədə böyük uğurlar əldə olunub. O zaman respublikamızda tütünçülük üzrə yüksək sənaye potensialı yaradılmışdı. Həmin illərdə respublikamızda tütün əkini sahələri 17 min hektara, istehsalının həcmi isə 65 min tona çatmışdı. Respublikamız tütün istehsalına görə Moldova və Ukraynadan sonra 3-cü yeri tuturdu. 
Tütün bitkiləri əvvəllər, əsasən, əlverişli torpaq-iqlim şəraitinə malik olan Qax, Balakən, Şəki rayonlarında əkilirdi. Rentabellik yüksək olduğuna görə, sonradan onun istehsalı genişləndirildi və 21 rayonda inkişafına təkan verildi. Lakin sonralar bəzi ənənəvi kənd təsərrüfatı sahələri, o cümlədən tütünçülük tənəzzülə uğradı. Hazırda Azərbaycan hökumətinin bu sahənin inkişafına diqqəti artırması son dərəcə təqdirəlayiq haldır.
Tütünçülüyün hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, tütün və tütün məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə ­2001-ci ildə “Tütün və tütün məmulatı haqqında” Qanun qəbul edilib. Bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin rifahının daha da yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 5 oktyabr tarixli sərəncamına əsasən, tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi gücləndirilib. Tütün emalı ilə məşğul olan hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilən quru və yaş tütün üçün sanballı subsidiya müəyyən edilib. 
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” isə sözügedən istiqamətdə aparılan işləri daha da konkretləşdirir və sürətləndirir. Bu proqramın müddəalarına əsasən, emal şəbəkəsi genişləndirilir və yeni, müasir müəssisələr yaradılır, kənd əhalisinin məşğulluq səviyyəsi yüksəldilir. 
Bu dirçəlmə, İlk növbədə, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi yönümündə həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlıdır. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də tütünçülüyə dövlət dəstəyinin gücləndirilməsi, potensial imkanlardan səmərəli istifadə edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Məlum olduğu kimi, ­2017-­ci il avqustun 4-də Prezident İlham Əliyevin sədrliyi ilə Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, əməktutumlu istehsal sahələrindən olan tütünçülüyün dirçəldilməsi bir daha prioritet vəzifələrdən biri kimi vurğulanıb və aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Prezident İlham Əliyev müşavirədəki nitqində bildirib ki, 2021-ci ilə qədər ölkəmizdə tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olmalıdır. Dövlət başçısı qeyd edib ki, belə olan halda, orta məhsuldarlıq 2 ton götürülərsə, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəyə böyük xeyir gətirəcək, valyuta xaricə getməyəcək, əksinə, ixrac imkanları yaranacaq.
Rəsmi statistikaya əsasən, 2017-ci ildə Azərbaycanda 5213,2 ton tütün istehsal edilib. Ümumi tütün əkinlərinin 90 faizdən çoxu Şəki–Zaqatala iqtisadi rayonunun payına düşür. 2018-ci ilin yekunlarına əsasən isə ölkədə tütün istehsalı təxminən 20 faiz artıb. Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətovun bildirdiyinə görə, istehsalın analoji artım həcmi dinamikdir. Qəbul məntəqələrində qurutma kameralarının sayı artır, parniklərin hazırlanması üzrə işlər aparılır, yüksək keyfiyyətli tütün sortları seçilir. Yerli tütün məhsulunun keyfiyyətini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bir sıra yeni tütün növünün idxalı nəzərdə tutulur. 
Qeyd edək ki, hazırda ölkədə daha çox Şəki, Balakən, İsmayıllı, Qəbələ, Masallı, Lerik və Yardımlıda tütün istehsal olunur. Cari mövsümdə Şəkidə 1061 hektar sahədə tütün əkilib. Bunun üçdə-ikisi “Virciniya”, 321 hektarı yerli sort, 19 hektarı isə “Berley” sortudur. Yığılan məhsullar “Azərtütün” MMC-nin istehsal və emal məntəqəsinə təhvil verilir. Qurutma kameraları artan tələbata görə çoxaldılaraq, 56-dan 86-ya çatdırılıb. Ötən il bu rayonun fermerləri 2 976 ton tütün yetişdiriblər, bu isə əvvəlki ildəkindən 346 ton çoxdur. Qaxda 491,6 hektar tütün sahəsi var, keçən il 971,8 ton quru tütün əldə edilib ki, bu da əvvəlki göstəricini 161 ton üstələyib. Balakəndə əkin 450 hektardır, istehsal 643 ton artıb. Bu rayonda, əsasən, yerli və “Virciniya” sortları, 85 hektarda “İmmuniy”, 19 hektarda isə “Berley” sortu yetişdirilib. Tütün Hənifə kəndindəki emal müəssisəsinə təhvil verilir. Oğuzda tütün əkini 110 hektar, Qəbələdə isə 75 hektar təşkil edib. 
Zaqatala rayonunun təsərrüfatlarında 410,2 hektar sahədə tütün yetişdirilib. Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə hər gün istehsalçılardan 7-8 ton, bəzən də daha çox yaşıl tütün kütləsi daxil olub. 
 Qandax kənd sakini, fermer Məsud Quliyevin dedikləri: 
– Dörd ildir ki, tütün əkirəm. Cari mövsümdə 8 hektarda “Virciniya” növlü tütün yetişdirmişəm. Bu il sahələrdən 25-30 ton yaşıl tütün kütləsi əldə etməyi qarşıya məqsəd qoymuşam. Qazanc yaxşıdır, tütünçülüyü ənənəvi sahə kimi yaşatmaq, inkişaf etdirmək əzmindəyik.
Masallı rayonunda da uzun fasilədən sonra tütünçülük bərpa olunub. Artıq üçüncü ildir ki, rayonda tütün əkilir. İstehsalçılar bu il 35 hektarda əkin aparıblar. Hazırda məhsul yığımı davam edir. Fermerlər və məhsul istehsalçıları bu il hər hektar tütün sahəsindən 2 ton məhsul yığmağı planlaşdırırlar. Tütün, əsasən, rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər kəndlərində əkilib.
Xırmandalı kənd sakini Məhərrəm İbrahimli:
–Tütünçülükdən yaxşı gəlir qazanıram. Dövlətin hərtərəfli dəstəyindən olduqca razıyam. Növbəti ildə əlavə torpaq icarəyə götürüb 20 hektar əkin aparmaq niyyətindəyəm.
İlk yığımda sahələrin hər hektarından təxminən 500-600 kiloqram yaş tütün toplanırdısa, bitkinin boyu artdıqca, bu göstərici də çoxalır. Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Fərasət Mikayılov bildirdi ki, gələcəkdə rayonda tütün qəbulu məntəqələrinin və qurutma sexlərinin inşası planlaşdırılır.
–Nəzərdə tutulub ki, rayonda fermentləşmə zavodu tikilsin, tütün qurudulması üçün sexlər olsun. Bu, həm vaxta qənaət edəcək, həm də tütünün maya dəyərini aşağı salacaq. Daşınma xərci də münasib olacaq. Özümüzün qəbul məntəqələrimizdə tütünü həm qurudub, həm də təhvil verə bilərik. Bundan başqa, rayonda tütünçülüyü daha da inkişaf etdirmək üçün gələcəkdə yeni əkin texnologiyaları tətbiq olunacaq, əkində məhsuldar sortlardan geniş şəkildə istifadə ediləcək.
Lerikdə tütünçülüyün inkişaf etdirilməsi üçün davamlı tədbirlər həyata keçirilir. Tütünçülük rayonda vaxtilə ən gəlirli sahə olmuşdur. 1985-1987-ci illərdə burada 210 hektar tütün əkilmiş, 422 ton məhsul istehsal olunaraq dövlətə təhvil verilmişdi. Uzun fasilədən sonra Lerikdə artıq üç ildir ki, tütün əkilir. Özü də ənənəvi yerlərlə yanaşı, ilk dəfə tütün əkilən ərazilər də var. Bunlar Monidigah, Nüvədi, Cəngəmiran kəndləridir. Əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış ətirli tütün növlərinə üstünlük verilir. Fermerlər deyirlər ki, bu sortlara düzgün aqrotexniki qulluq edilərsə, hektardan yaşıl kütlə halında 25, quru halda isə 2 ton məhsul götürmək mümkündür.
Təcrübəli tütünçü Gəray Qəmbərov: 
–Tütünçülük gəlir gətirməklə bərabər, həm də əməktutumlu sahədir. Bizim torpaqlarda bol məhsul yetişir, keyfiyyəti də yüksək olur. Rayonda tütünçülüyün inkişafı əhali üçün yeni iş yerlərinin açılması deməkdir. Dövlət başçımız da məhz bunu istəyir. 
Sovetlər dönəmində Yardımlı ölkəmizdə tütünçülüklə məşğul olan rayonlardan idi. Həmin dövrdə rayonda hər il 500 hektara yaxın sahədə tütün əkilirdi. Sonralar tütünçülərin əli işdən soyudu.
İyirmi bir illik fasilədən sonra –2016-cı ildə rayonda yenidən 10 hektar sahədə tütün əkilib. Dağlıq ərazidə daha yaxşı yetişən bitkidən bol məhsul və yaxşı qazanc götürən təsərrüfat sahibləri sahələri ilbəil genişləndirirlər. Tütün sahələri bu il genişləndirilərək 55 hektara çatdırılıb.
Yardımlının tütün sahələrində yığım kampaniyası davam edir. Rayonda tütünçülüyü inkişaf etdirmək üçün istifadəyə verilən qurutma məntəqələri məhsulun vaxtında və itkisiz təhvil verilməsinə imkan yaradıb. Tütün rayonun Şiləvəngə, Orakəran, Avaş və Ərus kəndlərində yetişdirilir. Sahələrdən yığılan tütün rayonun Orakəran kəndi ərazisindəki tədarük məntəqələrinə gətirilir. Burada hər birinin tutumu 4 ton olan qurutma kameraları fəaliyyət göstərir. Təxminən 1 həftə müddətində tütün qurudulduqdan sonra anbarlara yığılır. Məhsulun satış məsələsi də həll olunub. Bağlanmış müqaviləyə əsasən, qurudulmuş tütün Zaqatala rayonunda fəaliyyət göstərən emal müəssisəsinə satılır.
 Prezident İlham Əliyev bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib: “Tütünçülükdə də çox ciddi irəliləyiş var. Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Tütünçülük demək olar ki, artıq sıradan çıxırdı. Cəmi üç rayonda 3400 ton, keçən il artıq 13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma kameraları, tədarüklə bağlı texnika – bütün bunları dövlət təmin edir. Cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Yenə də deyirəm, əgər dövlət öz dəstəyini göstərməsəydi, real yardım etməsəydi, bu sahələr bu qədər inkişaf edə bilməzdi”.
Dövlət başçısının bu sözləri Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, habelə tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, ixracının inkişafına mühüm töhfə verəcəyinə möhkəm əminlik yaradır.

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

9 Sentyabr 2019 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə