Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq rəssamı Sakit Məmmədovun İstanbulda sərgisi açılıb

Memar Sinan Gözəl Sənətlər Universitetinin Tophanə-i Amirə Mədəniyyət və Sənət Mərkəzində açılan sərgi Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın Türkiyədəki törəmə şirkəti – “SOCAR Türkiye Enerji”nin dəstəyi ilə təşkil olunub.

Sərginin açılışında hər iki ölkənin rəsmiləri, “SOCAR Türkiye Enerji”nin rəhbər şəxsləri, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə–Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, incəsənət xadimləri iştirak ediblər. Bu barədə  Mədəniyyət Nazirliyi məlumat yayıb.
  Məlumatda bildirilir ki, sərginin ekspozisiyasında rəssamın  160-dan çox əsəri yer alıb. Bu əsərlərin əksəriyyəti müxtəlif vaxtlarda dünyanın bir sıra  ölkələrində sənətsevərlərə təqdim edilib. Rəssamın pastel və yağlı boya ilə çəkilən “On dörd gözəl”, “Yozulmamış yuxular”, “Qırx üç otağın açarı” kimi məşhur əsərləri də sərgiyə çıxarılıb.
S.Məmmədov sərgisinin Türkiyənin bu nüfuzlu sənət mərkəzində keçirilməsinin onun üçün böyük qürur olduğunu deyib: “Mənim üçün çox dəyərli insan olan Memar Sinanın ruhunun bu gün şad olduğunu hiss edirəm”.
Sərgidə daha çox xanım portretlərinin nümayiş olunduğunu deyən rəssam fəlsəfi mövzularda hazırlanan rəsm əsərlərinin sənətsevərlər tərəfindən böyük maraqla qarşılandığını bildirib. Rəssam əsərlərində insanlara xoş və gözəl mesajlar ötürdüyünü deyib: “İnsanların problemləri çoxdur. Ona görə də tablolarımda daha çox ruhları sevindirən rənglərə və mövzulara toxunuram”.
Bir sıra ölkələrin sənət akademiyalarının fəxri üzvü olan Sakit Məmmədov 30 ildən çoxdur bədii yaradıcılıqla məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub.
Sərgi oktyabrın 5-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

 

9 Sentyabr 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə