Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır

Regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramının icra olunduğu 2004–2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. 

Hazırda dördüncü regional dövlət proqramı uğurla icra olunur. Bunun nəticəsində bölgələr sürətlə inkişaf edir, bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur. Görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradır.
Ötən müddətdə elektrik enerjisi və təbii qazla təminat sahəsində mühüm layihələr gerçəkləşdirilib. Əhalinin elektrik enerjisinə olan tələbatını daha dolğun təmin etmək məqsədilə son 15 ildə regionlarda 28 elektrik stansiyası istifadəyə verilib, 45 min kilometrdən artıq elektrik xətti çəkilib, 1650-dən çox yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin bu dövrdə regionlarda 56,2 min kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 1800-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 96 faizə yaxınlaşıb.
İyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır”.  
Xatırladaq ki, həyata keçirilən genişmiqyaslı layihələr çərçivəsində 15 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonları) qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb.
Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında isə bu göstərici 90 faizdən çoxdur. Bundan başqa, Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub.
Hazırda Bakıda 22 yaşayış məntəqəsinin qazlaşdırlması tədbirləri davam etdirilir. Bölgələrdə isə bu il üçün 33 şəhər və rayonda 13 qəsəbə və 23 kəndin, eləcə də 26 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Artıq 21 məntəqədə açılış mərasimi reallaşdırılıb, 34 yerdə isə işlər tam başa çatdırılıb, istismara hazırdır. 
Ümumiyyətlə,  ölkə başçısının qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində 2009-cu ildən indiyədək 2500-ə yaxın qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. Respublikada qazlaşdırmanın səviyyəsi, ümumilikdə, 96 faizə yaxınlaşıb. Ölkə üzrə təbii qazla təmin olunan əhali abunəçilərinin sayı isə 2 milyon 180 mini keçib. 
Ötən dövr ərzində, ümumilikdə, ­uzunluğu 51 min 915 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllə daxili qaz xətti çəkilib, 9 min 742 kilometrədək boru xətti isə əsaslı təmir olunub. Görülən bu işlər dövlətimizin başçısının vətəndaşların sosial rifahının yaxşılaşdırılması və hər zaman sadə vətəndaşlara diqqətinin bariz nümunəsidir.
Burada bir məqamı da qeyd etməyi vacib bilirik. Abonentlərin və istehlakçıların sayının artması qaz təchizatında təzyiqin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur. Bu kimi halların qarşısının alınması istiqamətdə respublika ərazisində ciddi tədbirlərin görülməsi planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaztənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətlərinin yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasının “bir pilləli” tənzimləmə sistemi əsasında aparılmasıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq. Bu isə abonentlərlə münasibətləri daha da möhkəmləndirəcək, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaq.
Yeri gəlmişkən, respublikada qazlaşdırmanın səviyyəsinin yüksəlməsində qaz hasilatında əldə edilən müsbət nəticələr də mühüm rol oynayır. Energetika Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycanda 2008-2018-ci illərdə 302,5 milyard kubmetr qaz hasil edilib. Ötən 11 il ərzində ən yüksək hasilat göstəricisi (30,5 milyard kubmetr) 2018-ci ildə qeydə alınıb. Ümumiyyətlə, hesablamalara əsasən, son 11 il ərzində ölkədə qaz hasilatı 30,3 faiz  artıb.

 

“Xalq qəzeti”

 

 

9 Sentyabr 2019 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə