Ən son xəbərlər
Cənubi Amerikanın yeddi ölkəsi Amazon meşələrində baş verən yanğınların qarşının alınması və mühafizəsi məqsədilə saziş imzalayıblar. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, müvafiq saziş sentyabrın 6-da Kolumbiyanın Letisiya şəhərində bağlanıb.
Kolumbiya Prezidenti İvan Duke sazişi imzalayan ölkələrin, eyni zamanda, meşələrin məhv olmasına, o cümlədən faydalı qazıntıların qanunsuz hasilatı, narkotik vasitələrin ticarəti və kənd təsərrüfatı sahələrinin qeyri-qanuni genişləndirilməsinə qarşı birlikdə mübarizə aparmaq barədə razılığa gəldiklərini bildirib.
Saziş Kolumbiya, Ekvador, Peru və Boliviya prezidentləri, həmçinin Braziliya, Qayana və Surinam nümayəndələri tərəfindən imzalanıb.
Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatına əsasən, bu ilin ilk yeddi ayı ərzində yanğınlar dünyanın “ağ ciyəri” sayılan Amazon meşələrinin Braziliya ərazisində yerləşən 1,8 milyon hektarını – biom ərazisinin təxminən 0,44 faizini məhv edib. Miqyaslı meşə yanğınları, həmçinin Boliviya və Paraqvayda da qeydə alınıb.
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə