Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial şəbəkələrdə ölkəmiz əleyhinə təxribat cəhdləri heç bir nəticə verməyəcək

Etiraf etmək lazımdır ki, sosial şəbəkələr (facebook, twitter, instagram və s.) gündəlik həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkələr söz azadlığının bariz nümunəsi kimi, insanların fikirlərini bildirməsi və sosial ünsiyyəti üçün bir platformadır. Lakin zaman keçdikcə, sosial media bəzi qüvvələrin əlində öz çirkin və dağıdıcı fəaliyyətlərini gerçəkləşdirmək üçün alətə çevrilir. Sosial medianın zorakılıq, ekstremizm, radikalizm, terrorçuluq kimi zərərli fikirlərin təbliğat ruporuna çevrilməsi, insanları xaos və dağıdıcı fəaliyyətə çağırışlar bunların bir hissəsidir. 
 
Son zamanlar sosial şəbəkələrdə sadə vətəndaşların “maraqları”nı düşünən və “halına yanan” məkrli qüvvələr insanları xaosa, dövlətçilik əleyhinə səsləməklə, öz “çirkin” məqsədlərinə nail olmaq istəyirlər. Bu cür cəhdləri çox görmüşük. Hamısı da iflasa uğrayıb. 
Bu qüvvələr unudurlar ki, sosial şəbəkələrdə, virtual aləmdə bu cür “canfəşanlıq” heç bir nəticə verməyəcək. Çünki Azərbaycan vətəndaşı təhlükəsiz cəmiyyətdə yaşamaq istəyir, firavan və asudə həyat arzulayır. Hamımız Yaxın Şərqin bəzi ölkələrində günahsız insanların necə əziyyət çəkdiyini, xaos və radikalizmin acı nəticələrini görürük. 
Bu gün sosial şəbəkələrdə radikalizm və ekstremizmin təbliği məsələsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləm üçün də aktualdır. 
Virtual aləmdə ekstremizm, radikallıq meyillərinin artması facebook, twitter kimi sosial media şirkətlərini narahat edir. Onlar bu məsələyə diqqətlə yanaşırlar: təhlükəli paylaşımlar olduqda, həmin səhifələr dərhal blok olunur. Ancaq bu məsələ təkcə sosial şəbəkələrin texniki addımı ilə bitmir. 
Düşünürəm ki, Azərbaycan dövlətçiliyinə əl uzadan, onunla bağlı məqsədyönlü şəkildə təxribatla məşğul olan səhifələrin paylaşımlarına sosial şəbəkə istifadəçiləri vətəndaşlıq mövqeyi bildirməli, onların yanlış olduğunu ortaya qoymalıdırlar. Təbii ki, belə vətəndaşlıq mövqeyi olduqda, heç bir kənar mənfi təsirlər bizim sabitliyimizi poza bilməz. Azərbaycan xalqı ağı qaradan seçməyi yaxşı bacarır. 
Çingiz QƏNİZADƏ,
Milli Məclisin deputatı
3 Avqust 2018 11:40 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə