Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tarixinin bir əsrlik salnaməsi

“Xalq qəzeti” – 100

(əvvəli qəzetin 24 avqust 2019-cu il tarixli nömrəsində)


Sovet hakimiyyətinin ilk illərində mətbuatın təşəkkülü prosesində "Kommunist" qəzetinin səhifələrində yerli partiya komitələri və sovet orqanlarına, onların rəhbərlərinə (bəzən adları ilə), fəhlə və kəndli müxbirlərinə, bütün oxuculara ünvanlanan çağırışlar dərc edilir, yerli təcrübənin qəzet səhifələrində geniş və hərtərəfli işıqlandırılması üçün konkret məsələlər üzrə öz düşüncə, mülahizə və fikirləri ilə bölüşmələri təklif olunurdu.
Sovet hakimiyyəti illərində qəzet minlərlə insanı öz ətrafında birləşdirmiş, onlarda gözəl gələcəyə və xoş əhvali-ruhiyyəyə inam oyatmış, ziyalılarımızın ən yaxşı nümayəndələrinin bilik və bacarığını öz ətrafında cəmləşdirmişdi. Qəzet ölkənin gündəlik həyatından geri qalmamağa çalışırdı. 
"Kommunist" qəzetinin ilk nömrəsi 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə çap olunmuşdu. Bu nömrə, demək olar ki, bütünlüklə dünya inqilabı məsələlərinə həsr olunub və dünya zəhmətkeşlərini inqilab uğrunda mübarizədə fəhlə sinfinin qabaqcıl rolunun daha da gücləndirilməsinə çağırışlara malikdir. Tarixi ədəbiyyatda "Kommunist" qəzetinin ilk nömrəsinin redaktorunun kimliyi barədə fikir ayrılığı mövcuddur. "Kommunist" qəzetinin tədqiqatçısı C.Məhərrəmli hesab edir ki, qəzetin redaktoru Əliheydər Qarayev olmuşdur, bu halda fikri təsdiqləyən hər hansı bir dəlilə istinad etmir. Azərbaycan Sovet Ensiklopediyasının I və III cildlərində, "Azərbaycan Kommunist partiyasının tarixi oçerkləri"ndə (Bakı: 1985, c. I, s. 429 – rusca]), Ruhulla Axundovun "Seçilmiş əsərləri"ndə (Bakı: 1977, s. 4, 17), "Kommunist-50" yubiley nəşrində (Bakı: 1969, s. 39), Q.Mədətovun "Ruhulla Axundov" kitabında (Bakı: 1983, s. 14) və s. əsərlərdə göstərilir ki, "Kommunist" qəzetinin həmin sayının redaktoru Ruhulla Axundov olmuşdur. Qəzetin ilk və sonrakı nömrələrini müqayisə etdikdə, redaktə stilinə diqqət yetirdikdə, bu nəticəyə gəlmək olur ki, qəzetin ilk redaktoru Ruhulla Axundov deyil, Əliheydər Qarayev olmuşdur. 
Qəzetin müntəzəm nəşrinə 1920-ci il aprelin 30-dan başlanıldı. Rusiya Azərbaycan Cümhuriyyətini işğal etdikdən sonra bolşeviklər "Azərbaycan" qəzetinin Kolyubakinski, 37 (indiki N.Rəfibəyli küçəsi) ünvanda yerləşən redaksiya və mətbəəsini tutub, onu "Revkomun mətbəəsi" (İnqilab Komitəsinin mətbəəsi) adlandırdılar. Həmin mətbəəni 1921-ci il mayın 22-dən 4 №-li mətbəə, 1924-cü ilin avqustundan isə "III İnternasional mətbəəsi" adlandırdılar. 
Türkcə "Azərbaycan" və rusca "Azerbaydjan" qəzetlərinin nəşri dayandırıldı, onların əvəzində əvvəlcə türkcə, 1920-ci il mayın 1-dən isə həm də rusca "Kommunist" qəzetlərinin nəşrinə başlanıldı. Qəzetin başlığında göstərilirdi ki, o, Sovet Respublikası Müvəqqəti Hərbi-İnqilabi Komitəsinin və Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin nəşridir. Sonralar qəzet "Azərbaycan Sovet Sosialist Hökuməti İnqilab Komitəsi fəhlə, kəndli, qızıl əsgər və dənizçilər Şurasının orqanı"na çevrildi. "Kommunist" qəzeti Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürosunun qərarı ilə 1921-ci il aprelin 13-dən Azərbaycan İnqilab Komitəsinin (Azrevkomun) və Bakı Sovetinin, "Azərbaycan füqərası" isə Azərbaycan K(b)P MK və BK-nın orqanı elan edildi. Birinci Sovetlər qurultayı tərəfindən Azərbaycan İnqilab Komitəsinin 1921-ci ilin mayından ləğv edilməsindən sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AzMİK) təsis edildi və bu dövrdən "Kommunist" qəzeti Azərbaycan K(b)P MK və BK-nın, AzMİK və Bakı Sovetinin, "Azərbaycan füqərası" isə Azərbaycan K(b)P MK-nın orqanı oldular və 1921-ci ilin sonlarında "Azərbaycan füqərası"nın adı dəyişdirilib "Azərbaycan xəbərləri" qoyuldu, amma təxminən bir ay sonra bu qəzetin nəşri tamamilə dayandı. Belə bir vəziyyətdə "Kommunist" qəzetinin daha da qüvvətləndirilməsi qərara alındı və 1922-ci ilin yayında AHİŞ-in mətbu orqanı olan "Zəhmət" qəzeti onunla birləşdirildi, qəzetin bütün vəsaitləri "Kommunist"ə verildi. Bu qəzetlərin birləşməsi 1922-ci il iyulun 1-də həyata keçirildi. Bununla əlaqədar "Kommunist" qəzetinin səhifələrində geniş təbliğat aparıldı.
Kağız qıtlığı ilə əlaqədar olaraq ilk vaxtlar "Kommunist" qəzeti kiçik həcmdə, 2 səhifədə, müxtəlif rəngli, üzərində çoxlu nöqtələri və kiçik cizgiləri olan aşağı keyfiyyətli bükü kağızında çap edilirdi ki, bu da nöqtə və cizgilərin sayından tam asılı olan ərəb əlifbasında nəşr olunan qəzetin oxunuşunu xeyli çətinləşdirirdi. Üstəlik, həmin illərdə ərəb əlifbası ilə mətn yığan linotip maşınları yox idi, qəzetin bütün səhifələri əl ilə, boşluqlar da nəzərə alınmaqla hərf-hərf yığılırdı və bunun da nəticəsində, təsadüfən də olsa, mətndə səhvlərə yol verilirdi, sözlərin, bəzən də bütöv cümlənin mənası dəyişirdi. Qəzetin əməkdaşları – həm jurnalistlər, həm də fəhlələr isə rusca nəşr olunan qəzetlərin işçilərinin sayından az idilər, onların aldıqları məvacib də rəsmi olaraq rusca nəşr olunan "Bakinski raboçi" və "Kommunist" qəzetlərinin əməkdaşlarının məvaciblərindən bir neçə dəfə az idi.
Qəzetin ayrı-ayrı natamam komplektləri M.F.Axundov adına Milli Kitabxanada, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Milli  Arxiv İdarəsinin, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin, Bakı Dövlət Universitetinin, AMEA Azərbaycan Tarixi Muzeyinin kitabxanalarında, AMEA Mərkəzi Elmi Kitabxanasında, AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Qəzetin nisbətən tam komplekti Moskvada – indiki Rusiya Dövlət Kitabxanasında saxlanılır. 

Redaktorlar

İyirminci illərin əvvəllərində "Kommunist" qəzetinin redaktorları çox tez-tez vəzifələrindən uzaqlaşdırılır, başqaları ilə əvəz edilirdilər. Bu, yüksək dairələrdə mövcud olan intriqalarla, dedi-qodularla bağlı idi. 
Qəzetin birinci rəsmi redaktoru Əliheydər Qarayev, məsul katib – Seyid Cəfər Cavadzadə (Pişəvəri) və Nemət Bəsir Hacıyev olmuşlar. 
Əliheydər Qarayev bir neçə dəfə fasilələrlə qəzetin məsul müdiri (redaktoru) təyin edilmiş, bəzən də Azərbaycan K(b)P MK-nın göstərişi ilə sadəcə olaraq, qəzetə nəzarət etmiş, bir növ, senzor funksiyasını yerinə yetirmişdir. 
1922-ci il martın 2-də “Kommunist” qəzetində o vaxtkı xalq daxili işlər xalq komissarı Həmid Sultanovun "Yoxsul" imzası ilə məqaləsi dərc olunmuşdu. Məqalədə 1912-ci ildən 1922-ci ilə qədər Azərbaycandan Rusiyaya aparılan konkret məhsullar haqqında arxiv sənədlərinə əsaslanan məlumat verilirdi. Eyni zamanda, göstərilirdi ki, aparılan çeşidli məhsulların əvəzində Rusiyadan Azərbaycana ərzaq məhsulları adı ilə qapısı möhürlü boş vaqonlar gətirilirmiş. Əvvəllər belə şeylərin mövcudluğundan xəbərsiz olan müəllif ümidlə bildirirdi ki, guya sovet hakimiyyəti illərində daha bu sayaq hallara yol verilməyəcək. Ertəsi gün – 1922-ci il martın 3-də Azərbaycan K(b)P MK bürosunun xüsusi iclasında H.Sultanov vəzifəsindən azad edildi və elə iclasdaca həbs olundu. Ə.Qarayev isə "ilan yuvası" olan "Kommunist" qəzeti redaksiyasını "millətçi ünsürlərdən təmizləmək" üçün növbəti tapşırıq aldı.
1924-cü il aprelin 18-də Azərbaycan K(b)P MK-nın ikinci katibi, 27 yaşlı gənc vətənpərvər Əyyub Xanbudaqov "Kommunist" qəzetində "Milli məsələyə dair" adlı məqalə ilə çıxış etdi və bildirdi ki, partiyanın milli məsələyə dair göstərişləri yerinə yetirilmir, əksinə Azərbaycanda milli fəhlə kadrlarının hazırlanmasının qarşısı alınır, azərbaycanlılar fabrik və zavodlarda ayrı-seçkilik nəticəsində işə qəbul edilmirlər və bununla da milli məsələ nəzərdə tutulanın 0,001 faizi qədər də yerinə yetirilməyib. 
Cəmi bir neçə gün sonra – 1924-cü il aprelin 27-də öz işinə başlayan XIII Bakı partiya konfransı gündəlikdəki məsələləri unudub, ikigünlük işini Əyyub Xanbudaqovun "millətçiliyini" araşdırmağa həsr etdi və Əliheydər Qarayevə tapşırıldı ki, "Kommunist" qəzetinin redaksiyasında kök salmış sovet hakimiyyəti düşmənlərini – millətçiləri üzə çıxarıb tapsın. 
Ə.Qarayev qəzetin redaktoru Həbib Cəbiyevi müəyyən müddətə tutduğu vəzifədən kənarlaşdırıb, sözün tam mənasında, redaksiyanı yüksək mədəniyyətli Azərbaycan ziyalılarından təmizləməyə başladı. O, ziyalıların bir çoxunu “xırda burjuaziyanın əlaltısı” adlandırmış, bir qismini işdən qovmuş, bir qismini isə tənbeh etmişdi.
Qəzetin ikinci rəsmi redaktoru Ağababa Yusifzadə olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-na kimi). O, təkcə "Kommunist" qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynamışdır. O, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi. 1921-ci il martın sonlarında Ağababa Yusifzadəyə böhtan atılaraq arvadını öldürməkdə günahlandırılır və məsuliyyətə cəlb edilir, lakin xeyli sonralar bəraət alır.
Qəzetin üçüncü rəsmi redaktoru Böyükağa Talıblı idi (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). B.Talıblı xalq ədliyyə komissarı vəzifəsinə təyin edildiyindən qəzetdən getmiş, lakin onunla əməkdaşlığını davam etdirmişdir.
Qəzetin ən populyar redaktoru Həbib Cəbiyev olmuşdur. O, 4 dəfə fasilələrlə (1921-ci il mayın 2-dən 1922-ci il yanvarın 2-dək, 1923-cü il iyulun 20-dən 23-dək, 1923-cü il oktyabrın 11-dən 1924-cü il martın 17-dək, 1924-cü il mayın 10-dan 1927-ci il iyulun 27-dək) bu vəzifəyə təyin olunmuşdu. 
Həbib Cəbiyevin sayəsində qəzet bütün sahələrdə inkişaf etmiş, respublikanın rəhbər dairələrini ona diqqət yetirməyə və onunla hesablaşmağa məcbur etmişdir. H.Cəbiyev cəsarətli redaktor idi və tez-tez polemikalara yol açan məqalələr dərc etdirmişdir ki, bunlar da dəfələrlə onun müəyyən müddətə işdən kənarlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Həbib Cəbiyev 1924-cü ilin aprelində Azərbaycan K(b)P MK katibi Ə.Xanbudaqovun məlum məqaləsini dərc etdikdən sonra "yuxarıların" intriqaçı dəstəsi – S.M.Kirov, L.Mirzoyan, Ə.Qarayev, D.Bünyadzadə və başqaları milli özünüdərkin inkişaf etdirilməsini istəyən Azərbaycan ziyalılarına qarşı açıq və güclü hücuma keçdilər. Milli ziyalılar millətçilikdə və pantürkizmdə günahlandırılırdılar. Onlardan tələb olunurdu ki, milli vətənpərvərliyi Ümumittifaq vətənpərvərliyi ilə əvəz etsinlər, Ümumittifaq kosmopolitizminə keçsinlər. Daha doğrusu, onların bir ümumi vətəni var, o da ­SSRİ-dir.
Həbib Cəbiyev 1926-cı ilin ikinci yarısından "böhtançı üçlükdən" – Levon Mirzoyan, eləcə də ona əlaltılıq edənlər Əliheydər Qarayev və Dadaş Bünyadzadədən çəkinməyə başlayır. 
Bu üçlük 1927-ci ildə müvəqqəti olaraq Mircəfər Bağırov kimi güclü rəqib üzərində qələbə çaldıqdan sonra isə Həbib Cəbiyev öz millətçilik əqidəsindən tamamilə əl çəkir və "Kommunist"in səhifələrində tanınmış şair və yazıçıların, publisistlərin yazılarının dərc olunması nadir hadisəyə çevrilir. Bu dövr "Kommunist" qəzetinin böhranlı dövrü idi.
Lakin ehtiyatlanmaq Həbib Cəbiyevi xilas edə bilmədi. 1927-ci ilin yazında o, hücumlara məruz qaldı və bu dəfə birdəfəlik olaraq qəzetdən uzaqlaşdırıldı. Özünün, dostlarının və qohumlarının dəfələrlə Azərbaycan K(b)P MK-ya müraciətindən sonra ağır vərəm xəstəliyindən müalicə olunmaq üçün ona cüzi miqdarda vəsait ayrıldı.
Qəzetin beşinci redaktoru Ruhulla Axundov olmuşdur (1922-ci il mayın 19-dan 1923-cü il iyulun 19-dək). O, yaxşı tərcüməçi və redaktor idi. Amma daha çox MK-da işləməyə meyilli idi və onun MK-ya göndərdiyi ərizələri bunu sübut edir.
1927-ci il noyabrın 21-dən qəzeti Yusif Qasımov və Əhməd Triniç birlikdə redaktə etməyə başladılar. Rəsmi olaraq Y.Qasımov redaktor təyin edilmişdi, əslində, onun redaksiyadakı işi hiss olunacaq səviyyədə deyildi və işin bütün ağırlığı əvvəllər qəzetin məsul katibi olmuş, sonradan redaktorun müavini təyin edilmiş Ə.Triniçin (təxəllüsü – "Bədi") üzərinə düşmüşdü. Qəzeti onların ikisi birlikdə imzalayırdılar. Triniç əslən albaniyalı idi və İstanbulda universitet təhsili almışdı. Partiya fəallarından idi, kommunizm ideyalarına fanatikcəsinə inanırdı, sərt tədbirlər tərəfdarı idi. 
Redaktorlar, bir qayda olaraq, Azərbaycan K(b)P Mərkəzi Komitəsi tərəfindən təyin olunurdular. İlk dövrlər üçün təyinatlar barədə məlumatı yalnız qəzetin öz səhifələrində tapmaq mümkündür. Redaktorun təyin edilməsi barədə erkən dövr arxiv sənədi C.Məhərrəmli tərəfindən Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində (ARPİİSSA) aşkar edilmişdi. Bu, Həbib Cəbiyevin "qəzetə məsul müdir təyin edilməsi" barədə Azərbaycan K(b)P MK-nın siyasi və təşkilat bürolarının 1921-ci il 2 may tarixli protokoludur.
ARPİİSSA-də "Kommunist" qəzetinə aid saxlanılan ən erkən sənəd 1920-ci il mayın 27-si tarixinə aiddir və ilk dəfə bu sətirlərin müəllifi tərəfindən aşkar olunaraq elmi dövriyyəyə daxil edilmişdir. 
Azərbaycan K(b)P Mərkəzi Komitəsi və Bakı Komitəsinin rəhbər dairələrində baş verən çoxsaylı dedi-qodu və intriqalar müxtəlif səviyyələrdə tez-tez kadr dəyişmələrinə səbəb olurdu. "Kommunist" qəzetində də belə idi – 1920-ci il mayın 30-dan 1922-ci il mayın 19-dək qəzetə səkkiz redaktor təyin edilmişdir. 
Məhsuldar fəaliyyət göstərilməsi üçün digər atributlarla yanaşı, qəzetin strukturunun təkmilləşdirilməsinin də böyük əhəmiyyəti var idi. Bu barədə məlumatı qəzetin öz səhifələrindən, əsasən də yubiley nömrələrindən əldə etmək mümkündür. 
Yubiley günlərinə xüsusi nömrələr həsr edilirdi. 1923-cü il dekabrın 30-da qəzetin 1000-ci, 1927-ci il mayın 5-də isə 2000-ci nömrəsi çapdan çıxmışdır. 18 səhifədə və rəngli nəşr olunan mininci nömrənin "İdarəmizin güzgüsü" adlanan əlavəsində qəzetin özü barədə – strukturu, redaktorları, əməkdaşları, fəhlə-kəndli müxbirləri haqqında məlumat vardır. 
Azərbaycan SSR, ZSFSR və SSRİ rəhbərləri, "Rote fane", "Humanite", "Pravda", "İzvestiya", "Zarya Vostoka" və s. bu cür bir çox xarici və sovet nəşrləri "Kommunist" qəzetini yubiley münasibəti ilə təbrik etmişdilər.
Yubileylə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Azərbaycanın zəhmətkeş kütlələrinin maarifləndirilməsi sahəsindəki fəaliyyətinə görə qəzeti 1923-cü il dekabrın 2-də "Qırmızı Əmək Bayrağı ordeni" ilə təltif etmişdi. Bundan əlavə, ona hökumət adından Xalq Komissarları Sovetinin vəsaitindən 10 min çervon rubl maddi yardım göstərilmişdir.
Bu sayda 1923-cü ilin on ayı ərzində alınmış və dərc olunmuş məqalələrin diaqramları, əməkdaşların və müxbirlərin və s. fotoşəkilləri də çap edilmişdir. 
Qəzetin 2000-ci nömrəsi 12 səhifədə çıxmışdır. Bu sayda respublikanın həyatına aid, əməkdaşların iş şəraiti ilə bağlı, eləcə də alınmış və çap olunmuş məktublar barəsində mühüm məlumatlar vardır.
Bəzən yubiley günlərində qəzetin iki nömrəsi – səhər və axşam buraxılışları çıxırdı. Məsələn, 1927-ci il aprelin 28-də 6 səhifəlik səhər, 4 səhifəlik isə axşam nömrələri çıxmışdır. Həmin saylarda əsas etibarı ilə partiya-hökumət işçilərinin xatirələri çap olunmuşdur.
Qəzetin 11 şöbəsi var idi: partiya, zəhmətkeşlər sütunu, maarif, ədəbiyyat, Sovet Azərbaycanı, bədii, həmkarlar hərəkatı, yerli informasiya, mətbuat, qızıl əsgər həyatı, informasiya (teleqraf).
"İdarəmizin güzgüsü" adlı yubiley əlavəsində qəzetin əməkdaşları və müxbirləri haqqında da məlumat vardır. Bundan əlavə, hər il mayın 5-də – kommunistlərin mətbuat günündə redaksiyanın əməkdaşları və işçilərinin iş şəraiti haqqında məlumatlar dərc edilirdi.
Qəzetdə tanınmış jurnalistlər, yazıçılar, şairlər çalışırdılar. Redaksiya ilə əməkdaşlıq edən jurnalist və publisistləri də nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycan ədəbiyyatının, Azərbaycan ziyalılarının ən yaxşı və tanınmış xadimləri, hər cür təqiblərə və sıxışdırmalara baxmayaraq, bu qəzetin ətrafında cəmləşərək, onu Cənubi Qafqazın ən yaxşı qəzetinə çevirə bildilər. 
1924-cü ildə Tiflisdə Cənubi Qafqaz mətbuatının sərgisi keçirildi və "Kommunist" qəzeti ən yaxşı təmsil olunmuş qəzet kimi fərqləndirildi. Bununla əlaqədar olaraq, "Zarya Vostoka" qəzeti 1924-cü il mayın 7-də yazırdı ki, "indi türkcə "Kommunist" qəzeti SSRİ-nin ən yaxşı qəzetlərindən biridir".
Qəzetlə əməkdaşlıq edən dövlət xadimləri və publisistlərdən Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Tağı Şahbazi (Simurğ), Müseyib Şahbazov, Əliəkbər Heydərli, Zinətulla Nuşirəvanov, Əliağa Vahid, Hacıbaba Nəzərli, Əli Nazim, Cahangir Nağıyev, Mahmud Xanbudaqov, Əyyub Xanbudaqov, Mustafa Quliyev, Əhməd Rəcəbli, Rzaqulu Nəcəfov, Ənvər Qasımzadə, Murtuza Nağıyev və b. adlarını çəkmək olar. Azərbaycan ziyalılarının görkəmli nümayəndələri – Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli, Mirzə Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, Salman Mümtaz Əsgərov, Ömər Faiq Nemanzadə, Əliabbas Müznib Mütəllibzadə həmişə təqiblərə məruz qalırdılar. Bununla belə, "Kommunist" qəzeti ilə tez-tez əməkdaşlıq edirdilər. Həbib Cəbiyev bəzən riskə gedərək onlarla əməkdaşlığı davam etdirir və vaxtaşırı yazılarını qəzetdə dərc etdirirdi.

 

Elmar Məhərrəmov,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu İnformasiya Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent

28 Avqust 2019 11:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə