Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə bütün din nümayəndələri rahat və təhlükəsiz yaşayır, məzhəb ayrı-seçkiliyindən əziyyət çəkmirlər

Sentyabrın 11-də Məhərrəmlik ayı başlayır, ayın 20-də isə Aşura qeyd ediləcək. Bu tarixlə bağlı əvvəlcə onu xatırladaq ki, sovet dövründə Aşura mərasimləri qadağan olunsa da, Azərbaycanda insanlar anım mərasimlərini açıq-gizli keçirir, kədərlərini izhar edirdilər.
Azərbaycan yenidən müstəqilliyinə qovuşandan sonra ulu öndər Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərində yeni mərhələ başlandı, dövlət-din siyasəti uğurla davam etdirildi, tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşdırıldı, respublikamız dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanındı.   
Son  illərdə Azərbaycanda keçirilən çoxsaylı forumlar və bu tədbirlərdə bəşəriyyəti son dərəcə narahat edən təhlükəsizlik problemlərinin həllinə yönələn çağırışlar da buna əyani sübutdur. Eləcə də Azərbaycan dövlətinin din siyasətini digər müsəlman ölkələrindən fərqləndirən amillərdən biri də onun hər hansı məzhəbə deyil, İslamın təməl prinsiplərinə söykənməsidir. Bu gün ölkəmiz vəhdət, həmrəylik prinsiplərinin bərqərar olmasına böyük səylə çalışır. Ona görə də respublikamızda  bütün din nümayəndələri rahat və təhlükəsiz yaşayır, məzhəb ayrı-seçkiliyindən əziyyət çəkmirlər. Bunun da nəticəsində Azərbaycanın dünyada sülhpərvər bir ölkə kimi nüfuzu getdikcə artır.
Ümumiyyətlə,  Azərbaycanda hər zaman  qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürüb, tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar.
Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir şəraitdə Azərbaycanda dövlət-xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq hökm sürür. Amma sirr deyil ki, respublikamızda  da  bəzi qüvvələr dövlətin daxili işlərinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyir, din pərdəsi adı altında siyasi sabitliyi pozmağa cəhd göstərirlər.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını, Azərbaycandakı sabitliyi və inkişafı istəməyən həmin  xarici dairələr respublikamıza qarşı pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Gizli deyil ki, respublikamızda bəzi gənclər bu kimi dairələrin, ekstremist təşkilatların yalan vədlərinə aldanaraq radikal təsirlərə məruz qalırlar.
Ancaq bu məkrli planlar heç vaxt baş tutmayıb və baş tutmayacaq. Çünki Azərbaycan bir az əvvəl qeyd etdiyim kimi, tolerant ölkədir. Respublikamızda  dindarlar üçün hər cür şərait yaradılıb, bütün dinlərə münasibət eynidir. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir.
Xalqımız Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir. Eyni zamanda, vətəndaşlarımız dövlətimizin belə əməllərə qarşı layiqli addımlar atacağına, məkrli qüvvələrin İmam Hüseyn (ə) təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə heç vaxt imkan verməyib.  
Din xadimlərimiz və dindarlarımız da  respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışır, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağı diqqətdə saxlayırlar.  
İslamın müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin təəssüflər olsun ki, bu ayın 11-ci, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Ona görə də bütün İslam dünyasında olduğu kimi, ölkəmizdə də həmin gün İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsi yad edilir. Amma bu mərasimdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının sentyabrın 4-də Məhərrəmlik ayı ilə bağlı verdiyi fətvada bildirildiyi kimi,    bədbinlik əhval-ruhiyyəsi deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi təlqin olunmalıdır.
Müqəddəs Məhərrəm ayında dindarlarımız torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini bir daha diqqətə çatdırmalı, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər.
Yeri gəlmişkən, Aşura mərasimlərində bəziləri özlərini zəncirləyir, hətta bu zaman xəsarət yetirməkdən belə çəkinmirlər. Halbuki İslamda insanın öz-özünə zərər yetirməsi, zəncir vurması yasaqdır. Təəccüblüdür, zəncirləməklə, döyməklə yas saxlamaq, kədər ifadə etmək hansı məntiqə sığır?!.
Bu il Aşura günü məktəb dövrünə təsadüf edir. Buna görə də şagirdlərin dərs davamiyyəti ciddi nəzarətdə saxlanılmalı,  onların tədrisdən yayınıb mərasimlərə qatılmasının qarşısı alınmalıdır. 
Qeyd edək ki, son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən də təbliğ edilir. Şübhəsiz ki, bu dəfə də Aşura mərasimlərində bu humanist ənənə davam etdiriləcəkdir. 
Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn xatirinə könüllü qanvermə aksiyaları indiyədək cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Son illərdə respublika Səhiyyə Nazirliyi də Qafqaz Müsəlmanları İdarəsinin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini uğurla təmin edib və aksiyanın bu il də yüksək səviyyədə reallaşacağı şübhəsizdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

10 Sentyabr 2018 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə